«40-cı qapı»ya gedən uzun yol...

Elçin Musaoğlu

«Bizim hər birimiz həyatda bir dəfə vacib seçim edirik. Bu seçimdən bizim gələcəyimiz asılı olur. Bax, mənim üçün 40-cı qapı seçimdir».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına «Ritm» prodakşnın istehsalı olan «40-cı qapı» filminin ssenari müəllifi və quruluşçu rejissoru Elçin Musaoğlu söyləyib.

«40-cı qapı»ya gedən yol çox uzun yoldur!» - deyən Elçin Musaoğlu bu fikirdədir ki, rejissor olmaq üçün uzun illər yaşamaq, çoxlu kitablar oxumaq, filmlərə baxmaq və hər gün də «dişli çarxları», yəni beyni hərəkət etdirmək lazımdır:

«100 nəfər gəlib bir əşyanın yanından keçə bilər və onu görməz, amma sən onu görməlisən. O görməni özündə tərbiyə edənə qədər isə zaman keçməlidir».

UZUN İLLƏR SƏNƏDLİ KİNODA ÇALIŞDIM

Sənədli kinoda işlədiyinə görə Allaha şükürlər etdiyini deyən tanınmış rejissor bu sahənin adamı səfərbər etdiyini, tez düşünməyi, çətin məqamlarda çıxış yolu tapmağı öyrətdiyini deyir. Elə «40-cı qapı»ya - çəkdiyi ilk bədii filmə qədər rejissor 50 sənədli film işləyib: «40-cı qapı»nın qəhrəmanını da sənədli filmdən «tapıb».

FİLM – HƏYAT DEYİL

Filmin həyat olmadığını ssenaristin və rejissorun ona öz rənglərini qatdığını vurğulayan qonağımız təsvir baxımından axtardığını Qala kəndindən tapdığını söylədi: «40-cı qapı və 40 km. təbii ki, şərti idi. Bu Bakının 80 kilometrliyində də ola bilərdi. Bizim üçün əsas faktın, hadisənin, nəqlin özüdür».

FİLMƏ CƏMİ 200 MİN DOLLAR XƏRCLƏNİB

Elçin Musaoğlu festivalların birində direktorun gətirilən filmlərin büdcələri ilə maraqlandığını, ona çatanda açıqlanan məbləğdən hamının təəccübləndiyini, geri çevrilib ona baxdığını gülərək danışdı: «Amma mən bilirdim ki, bu filmi çəkmək lazımdır».

DAHA BELƏ İŞLƏMƏK İSTƏMİRƏM!

Bütün yaradıcılığı boyu həmişə keşməkeşli yollardan keçdiyini, belə az büdcə ilə işlədiyini vurğulayan rejissor «amma daha belə işləmək istəmirəm!» deməyi də unutmadı. Vəsaitin azlığı üzündən bütöv parçalardan imtina etməyə məcbur olduğunu bildirdi: «Filmə baxanda, heç kəs soruşmur ki, neçəyə çəkmisən? Deyirlər, niyə zəif çəkmisən?».

ŞƏHƏRLİYƏM, AMMA KƏNDİ DAHA ÇOX SEVİRƏM

Aparıcının «niyə kinoçular həmişə şəhərdən çıxır» sualını gülüşlə qarşılayan Elçin Musaoğlu onun üçün kəndin görünüş və hissetmə baxımından daha rahat olduğunu dedi:

«Şəhər indi çox qarışıqdır. Mən qoca kişiyəm. İçərişəhəri sevirəm. Biz Badamdarda yaşayırdıq. Xalam İçərişəhərdə. Hər tətildə onlara qonaq olurdum. Məni ən çox cəlb edən İçərişəhərin dar küçələri idi».

Xalasının Qız qalasının yanında yaşadığını, hər gecə qonşuların qalanın yanındakı tut ağacının altına yığışdığını nisgillə, nağıl kimi xatırladığını deyən qonağımız bizə bir sirrini də açdı:

5-6 YAŞINDAN REJİSSOR OLACAĞIMI BİLİRDİM!

Elçin Musaoğlu peşənin adını bilməsə də, kino çəkəcəyini dəqiq bildiyini söylədi:

«Mənim tək qaldığım vaxtlarım vardı. Ora heç kəs girə bilməzdi. Hətta dostlarım da».

OBRAZLARIMI İÇƏRİŞƏHƏRDƏ YARADIRDIM

İçərişəhəri tək gəzdiyini, küçələrdə öz obrazlarını gördüyünü deyən rejissor obrazların hələ bəsit olduğunu da etiraf etdi: «Məsələn, Sovet təbliğatının yaratdığı igid sovet kəşfiyyatçısı». Rejissor uşaqlıqdan İçərişəhərdən aldığı energetik həzzin onda hələ də qaldığını da söylədi.

- Elçin Musaoğlu İçərişəhərdən daha nələr danışdı?
- İçərişəhəri görəndə niyə ürəyim ağrıyır dedi?
- Uşaqlıqda gördüyü tut ağacı dururmu?
- İçərişəhərlilər yenə tutun altına yığışırlarmı?
- Rejissor qatıldığı festivallardan necə söhbət açdı?
- Filmi görmək istəyən dinləyiciyə nə cavab verdi?
- Beynəlxalq festivallarda ən qürur duyduğu şey nədir?
- Elçin Musaoğlu Azərbaycan bayrağını bir festivalda necə düzəltdi?
- «Naməlum Azərbaycan kinosunun ən məşhur filmi» ifadəsini hansı festivalda eşitdi?
- Və nəhayət, rejissor filmin sonluğunu necə yozdu?

Ən yaxşısı, söhbəti elə bu səhifədəncə dinləməkdir.