«Siyasi məsələlərdə Ermənistan diasporla hesablaşmır»

Hikmət Hacızadə
«Azərbaycanlıların Rusiya siyasətinə, ictimai həyatına təsirini hiss etmirəm. Hər halda, Ermənistanla müqayisə oluna bilməz. Bu, ancaq başlanğıcdır».

Siyasi təhlilçi, Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə «Qafqaz Qovşağı» verilişində belə deyib.

O, qeyd edib ki, əvvəllər xaricdəki azərbaycanlıların vətənlə əlaqəsi əsasən Qarabağ mövzusu ilə bağlı idi, onlar Azərbaycanın mövqeyini çatdıran rupor idi, son zamanlar isə yeni istiqamət də yaranıb:

«5 ilə yaxındır yeni proses başlayıb. Qərb diasporu 2 düşərgəyə bölünüb… Xaricdəki siyasi miqrantlar Azərbaycanda dəyişiklik, insan haqlarına riayət olunmasını, işgəncələrə son qoyulmasını istəyir».

Verilişə Yerevandan qoşulan yazıçı Aleksandr Topçyan hesab edir ki, hansı ölkədə yaşamasından, işləməyindən asılı olmayaraq əsas Ermənistan mədəniyyəti üçün çalışmaqdır. O, müxtəlif dillərdə yazan erməni yazıçılarının iki ildən bir toplandığını deyir:

«Son konqresimiz Birləşmiş Ştatlarda keçirilib. Bizim 12 dildə yazan erməni yazıçılarımız var, ispan dilindən tutmuş fars dilinə qədər. Bu yazıçıların hesabına nəinki mədəni, həm də Avropa, Amerika ilə birbaşa əlaqə yaradılır».

A. Topçyan erməni diasporunun ölkə iqtisadiyyatında əhəmiyyətli rola malik olduğunu qeyd etsə də, siyasi məsələlərdə diasporla hesablaşmadıqlarını bildirib.

Maya Pancikidze
«Biz Qərbdəki gürcülərin qayıtmasını istəyirik ki, ölkədə demokratik həyatın yaradılmasına təsir etsinlər. Bu təsir artıq var».

Tbilisidən verilişə qoşulan Gürcüstanın Almaniya və Niderlanddakı keçmiş səfiri Maya Pancikidze belə deyib. O bildirib ki, Gürcüstanın hazırda xaricdə 2 diasporu var - tarixi miqrantlar və son 20 ildə Qərbə və digər ölkələrə gedənlər:

«Məndə elə təəssürat yaranıb ki, Qərbdəki gürcülər yenidən vətənlə əlaqə yaratmağa çalışır. Əvvəllər belə deyildi. Səfir işlədiyim vaxtlarda xatırlayıram ki, onlar hətta Gürcüstan səfirliyinə gəlməkdən ehtiyatlanırdılar. Düşünürdülər ki, onları dərhal ölkəyə göndərə bilərik. İndi isə vəziyyət dəyişib…».