Kənan Hacının "Çəhrayı qan" kitabından "Boz ilan" hekayəsini "Oxu zalı"nda dərc edirik.
BOZ İLAN
... Ev-eşiyi yox idi. Sığındığı yer dünyayla üzülüşmüş, divarlarını mamır basmış yastı-yapalaq, tənha bir daxmadan ibarət idi.
Bu daxma onun müvəqqəti sığınacaq yeri idi.
Ucu-bucağı olmayan, təkcə bir tərəfi çay daşları ilə çəpərlənmiş həyət qarşıdakı dənizlə cəngə girmiş dəli küləklərin dinclik yeri idi.
Küləklər azğınlaşmış sularla uzun sürən savaşdan yorğun düşüb kürəyini bu həyətin ortasında qaralan daxmanın divarına söykəyirdi.
Onunsa kürəyini söykəməyə yeri yox idi.
Hər gün yaşamaq uğrunda savaşdan üzgün, taqətsiz halda ayaqlarını sürüyə- sürüyə qayıdıb özünü daxmaya salırdı, toxtayıb özünə gəlincə divarların soyuğu canına üşütmə salırdı, ayaqları buza dönürdü.
Qaramat basmış dam altında sitildəyə- sitildəyə dünyaya gəldiyi günə lənətlər yağdırırdı.
Geсələr bu tənha, rütubət qoxulu daxma zülmətin ağuşunda əriyib görünməz olardı. Çöllüyün sonsuz qaranlığı ona quyunu xatırladırdı.
Belə vaxtlarda uzaqdakı hündür qamışların “süpürgə” təpələri vahimə oyadırdı.
Qəfildən böyür- başında peyda olan süləngi itlər bu vahiməni daha da qatılaşdırırdı. O, hər gün bu vahiməni adlayıb keçməkdən ötrü kababçı Vəlinin ucuz arağından iki çappa stəkanla ötürməli olurdu.
Çəkdiyi rəsmləri rütubət, nəmişlik yararsız hala salmışdı. Daha rəsm çəkməkdən iyrənirdi.
Molberti, fırçaları, rəngləri daxmanın bir küncünə atmışdı, hər dəfə içəri girəndə o səmtə baxmamağa çalışırdı. Künc-bucağı çoxdan hörümçək toru bürümüş, toz basmışdı.
Hər gün taleyini qaranlıq gecənin insafına buraxıb özünü nəm çarpayıya atırdı. Səhər ayılanda ona elə gəlirdi ki, bütün bədəni nəm çəkib və içindəki çürümə prosesini az qala bütün əzaları ilə hiss edirdi.
Payızda rəngi, dadı bilinməyən aramsız yağışlar, qışda bıçaq kimi iti şaxta, sazaq sicim- örkən təki uzanır, tükənmək, səngimək bilmirdi.
Yaşamaq it əzabına dönürdü.
Tərslikdən həmişə də ucuz ayaqqabıları su buraxırdı, daxmaya çatınca suyu süzülən corablarını çıxarıb buza dönmüş, sızıldayan ayaqlarını ovxalayır, bu minvalla qışdan salamat çıxacağına inanmırdı.
Amma yox, canı bərk imiş bu qışdan da çıxdı.
Havalar isindikcə canına xoş bir rahatlıq yayılır, içində don vurmuş ümid əriyib damarlarına axır, qanını coşdururdu.
Günəşin qızırğanmadan yerə od ələməsindən rəncidə olub uşaq sadəlövhlüyü ilə düşünürdü ki, görəsən bu günəş öz istisindən bir azca qışa da saxlasaydı, dünya dağılardı?
...Daxmaya gecənin lap dibində qayıtdı. Yarımçıq bağ hasarını aşıb həyətə tullandı.
Zil gecənin dibindən hərdənbir naqəfil, vaxtsız xoruz banı eşidilirdi. Qapını açıq görüb təəccübləndi, bir müddət açıq qapıdan asılmış yırım- yırtıq pərdənin arxasında qaralan buz kimi soyuq boşluğa baxa- baxa nə edəcəyini bilmədi.
“İçəridə nə var, aparıblar...” İçkidən ağırlaşmış dumanlı beynindən keçən ilk fikir bu oldu.
Hm... Nəyi vardı ki, nəyi də aparaydılar; bir- iki dəst nimdaş kostyum idi, rəhmətlik atasının köhnə- külüş paltarları idi, iki dəmir çarpayıydı ki, onların da cırıltısı yaşayıb gününü görmüş qarıların ciyiltisi kimi baş aparırdı. Bir də bəs deyincə kitablardı. Kimə lazım idi o kitablar, oğru kitabı neynir?
Onunku puldu, qızıldı, bahalı əşyalardı. Ağlı olan oğru bu daxmanın qapısını açıq görsə də içəri adlamaz, uzaqbaşı həyətin meyvəsini, peşarasını yoluşdurub əkilər.
Yaddaşını köməyə çağırdı. Pah atonnan! Gör ey, səhər çıxanda qapını qıfıllamağı unudub. Alnının tərini silə- silə huşsuzluğuna görə özünü yamanladı.
Həyət- bacasını, ev- eşiyini çoxdan itirmişdi, indi də olan- qalan ağlını itirməkdəydi.
Qarşısında durduğu bu daxma onun daxması deyildi, bu ögeyliklə heç cür barışa bilmirdi. Hiss edirdi ki, tədricən özü özündən də uzaqlaşır, özü özünə yadlaşır...
İstəyirdi onun da ev- eşiyi olsun, axşamlar yorğun- arğın evə dönəndə xoş üzlə, işıqlı təbəssümlə qarşısına çıxan olsun. Axı nə vaxtadək beləcə yalquzaq kimi ömür sürəcəkdi?! Hardasa həyat öz mənasını tapmalıydı, ya yox?
Bu yerin canlıları - çəyirtkələr, cırcıramalar, qurbağalar, daxmanın dərinliyində yorulmaq bilmədən ciyildəşən siçanlar – nifrətlə, kinlə, qəzəblə doluydular. Onlar da bu adamın göz- görəti özünü heç- puç etməyilə barışmaq istəmirdilər.
Adam isə sağalmaz dərd kimi içini gəmirən, gücünü, taqətini əlindən alan amansız, boz tənhalığın cəngindən bir- iki saatlıq da olsa yaxasını xilas edə bilmək üçün hər axşam yolunu kababçı Vəlinin ucuz, miyanə yeməkxanasından salırdı. Sonra həmin o vahimə gözünə dururdu və daha sonra araq şüşəsinin boğazından dibinə səyahət başlanırdı.
Azca toxtadı, qapını, sonra da özünü söydü.
Ona elə gəldi ki, ayağını qapıdan içəri qoyan kimi boşluğa düşəcək.
Əvvəlcə sağ ayağını atsa da o biri ayağını yerdən çəkmədi, boşluq- filan yoxudu, həmin beton döşəməydi. Öz- özünə, keç, yıxıl, öl, ay bivec, səndən adam çıxmaz, dedi.
İşığı yandırmağa ərindi, bunun üçün ayağının altına kətil qoyub beton tavandan asılmış lampanı burmalıydı. Ciblərini eşələyib alışqanı tapdı, çaxmağı çəkdi. Otaq mağaraya oxşayırdı. Sanki bu “mağara”nın dərinliyində qorxunc, yırtıcı bir məxluq nəfəsini içinə çəkib onun yaxınlaşmağını gözləyirdi.
Çarpayısına yaxınlaşanda yorğanın altında kiminsə yatdığını hiss etdi.
Üşəndi, alnına soyuq tər gəldi. Deməli, kimsə qapını açıq görüb komaya girmiş və içəridə çarpayı görüb özünü yorğanın altına salmışdı.
Bu adam çox güman ki, alkaş olacaqdı. Çünki oğurluğa gələn adam bu cür arxayınçılıqla yıxılıb yatmazdı. Di gəl, baş sındır, tap görüm, bu nə oyundur.
Uzaqdan, gecənin dibindən yenə vədəsiz xoruz banı eşidildi, bu səs yaxınlıqda zəncirə bağlanmış iti yuxudan elədi, it kal- kal hürdü, elə bil xoruzun qarasınca deyinirdi ki, şirin yuxunu niyə mənə haram elədin.
İtin səsinə ürəkləndi və əlini irəli uzadıb çarpayıda yatan adamın üzərindən qırmızı yorğanı çəkdi. Və...
...heyrətdən gözləri alacalandı. Döşəyin ortasında yoğun bir ilan qıvrılıb yatmışdı.
Yaxınlıqda insan nəfəsini duyub yastı başını qaldırdı, yarıqaranlıq otaqda ilanın gözləri işım- işım işıldadı. Qorxudan az qala zəhri yarılacaqdı. Cəld hoppanıb tavandan asılmış lampanı burdu, içəri işıqlandı. Hövlnak həyətə cumub beli qapdı.
Çarpayıya çatanda yerindəcə quruyub qaldı; yorğanın altı bom- boş idi, ilan yağlı əppək olub göyə çəkilmişdi.
Bütün bədəni əsə- əsə komanın içini ələk- vələk elədi. İlan nə gəzirdi. Fikirləşdi ki, ay Allah, bəlkə bu lənətə gəlmiş mənim gözlərimə görünüb?
Sonra ilanın yastı başını necə qaldırdığını xatırladı, hətta yadına saldı ki, ilanın rəngi boz idi...
Gecəni sübhəcən siqaret çəkə- çəkə bir qırpım da kirpik çalmadan həyətdə var- gəl etdi, komaya girməyə ürək eləmədi , həyət yiyəsinin də var- yoxunu bir- birinə qatıb- qarışdırdı.
Özünü öldürmək üçün üsullar axtarmağa başladı. Başını atıb yatmağa bir parça yerin yox, niyə yaşayırsan, kimə lazımsan, ay əbləh! - deyə özünü yaş yuyub quru sərdi.
Kababçı Vəli səhər yolunu dəlləkxanadan saldı. Dəllək Səfi hələ işə çıxmamışdı. Kababçı isə dəlləyi görməmiş getmək istəmirdi, ona deyiləsi vacib sözü vardı və bu vacib sözü hökmən ona deməliydi.
Nəhayət, Səfinin köhnə “zapı”sının kəndin o başından eşidilən nəriltisi dəlləkxananın qabağında kəsildi və “zapı” kiriyib toxtadı. Kababçı Vəli tez irəli cumub heç dəllək ayağını yerə qoymağa macal tapmamış son dərəcə qəribə bir xəbərlə onun başının üstünü kəsdirdi:
- Səfi, heç bağa gedib- eliyibsən?
Dəllək Səfi bezgin tövrlə üz- gözünü turşutdu:
- Əşşi, mən bağa gedim, yoxsa bu dəlləkxanada oturub gündəlik ruzimi qazanım? Bağda adam var də... O birisi avara da ora ancaq yatanda gəlir, neçə dəfə həyətdən kələm aparıblar.
Kababçı Vəli tez mətləb üstünə gəldi:
- Bura bax, dünən bütün günü bağın quyusu tərəfdə qarğa- quzğun dolaşıb. O gədə də neçə vaxtdı gözə görünmür. Qarğalardan heç gözüm su içmir, deyirəm bəlkə...
Dəllək Səfi bir müddət key – key kababçı Vəliyə baxdı və ürəyinə qara – qura fikirlər gəldi. Bağa tək getməyə ürək eləmədi, Vəlini də özüylə aparmaq istədi.
-Gəl otur maşına, gedək görək nə var. Səhər- səhər qanımı qaraltmasaydın, olmazdı. Gəl görüm.
Dəllək Səfi kababçı Vəlini də götürüb düz kəndin kənarındakı bağacan “zapı”nın bağrını çatlatdı.
Quyunun başına çatanda cəsəd qoxusu burunlarını qıcıqlandırdı. Qarğalar leş qoxusuna gəlmişdi. Cəsəd Allah bilir, neçə gün idi ki, quyunun dibində qalmışdı...
Dəllək Səfinin qəfil çığırtısından onun böyründə durmuş kababçı Vəlinin az qala bağrı yarılacaqdı. Dəllək Səfi barmağını quyunun ağzına tuşlayıb elə hey qışqırırdı:
-İlan! İlan!
Boz ilan ikisinin də ayağının altından sivişib bir göz qırpımında göy otluqda gözdən itdi.