“Google” 400 min kitabı skanerdən keçirəcək

Amerikanın “Google” şirkəti dünya elektron kitabxanasının yaradılması istiqamətində daha bir addım atıb. İnternet nəhəngi indi də Avstriya Milli Kitabxanası ilə saziş bağlayıb.

Bu, şirkətə daha 400 min kitabın üzünü çıxarmaq hüququ verir. Skanerdən keçiriləcək kitablar Avropa tarixi, elmi və ədəbiyyatının 400 ilini əhatə edir. Həmin kitabların müəlliflik hüquqları yoxdur.

Kitabxananın direktoru Johanna Rachinger deyib ki, onların 16-19-cu əsrləri əhatə edən kitab fondu həcminə görə dünyada 5-cidir.

“Biz bu kitabları elektronlaşdırmaq üçün vəsaiti özümüz tapa bilməzdik. Bu, həm kitabların orijinalını daha yaxşı qoruyub saxlamağa imkan verəcək, həm də əlavə nüsxənin - elektron versiyanın olması təbii fəlakətlər zamanı həmin əsərlərin birdəfəlik məhv olmasının qarşısını alacaq”.

Sazişin dəyəri 30 milyon avrodur. Bu müqavilə “Google” şirkətinə üzü çıxarılacaq kitablardan müstəsna istifadə hüququ vermir. Həmin elektron kitablardan kitabxananın üzvü olanlar da istifadə edə biləcək.

400 min kitabın elektronlaşdırılmasına 2011-ci ildən başlanacaq və bu iş 6 il davam edəcək.

“Google” şirkətinin elektron dünya kitabxanası yaratmaq planları maneələrlə də üzləşib. Fransa öz kitablarının üzünün çıxarılmasına imkan verməyib, hətta şirkəti cərimələyib. Amerikada isə bir sıra müəlliflər şirkəti onların beyninin məhsulundan gəlir əldə etmək istəyində günahlandırıblar.

Amma buna baxmayaraq “Google” şirkətinin elektron kitabxanasındakı kitabların sayı artıq 12 milyona yaxındır.