Niyə bizdə o zibil qablarından yoxdur?

Bakı şəhərində bəzi dayanacaqlarda qoyulmuş konteynerlərdən başqa və İçəri şəhərdən başqa şəhərdəki yaşayış binaları üçün kütləvi konteynerlər yoxdur

Plastik qablar ərzaq qalıqlarına, şüşə parçaları cırılmış pal-paltara, istifadə olunmuş uşaq bezləri kartof qabıqlarına qarışıb…Bakının məişət tullantıları qalaqlanmış əksər zibil qablarında bu vəziyyəti görmək olur.

«Bizdə zibili çeşidləməyi, növə ayırmağı bacarmırlar. Çoxları belə fikirləşir ki, evimdən çıxan zibildir, atılmalıdır. Belə işləmək bizim üçün də çətindir».

Məişət tullantılarının daşınması ilə məşğul olan Elxan Camalov deyir ki, bir-birinə qarışmış tullantıları daşımaq onlar üçün çətindir, ancaq hər gün üzləşdikləri vəziyyət bundan artıq olmur:

«HƏMİN QABLARDAN OLSA, BİZ DƏ ZİBİLİ AYRI-AYRI ÇEŞİDLƏYƏRİK»

«O cür zibil qablarından olsa, mən də zibili çeşidləyib ataram, niyə atmıram ki?».

Evindən çıxan zibil torbasını hər gün atan Tahir Əliyev deyir ki, o ərzaq, plastik və kağızlar üçün olan zibil qabları haqqında eşidib, deyir elə qablar olsaydı, tullantını həvəslə çeşidləyərdi.

Sorğu keçirdiyim bir neçə şəhər sakininin isə bu zibil qabları, ondan necə istifadə etmələri haqqında fikirləri belədir:

- Yox, belə qabların olmasından xəbərim yoxdur.

- Zibil zibildir də, nə mənası var, hansı oldu atırıq, yalan nə deyim?

- Görməmişəm, bilmirəm.

- Olsa, ataram.

Məktəbli Samir Kərimov isə öz müəlliminin onlara danışdığı əhvalatı xatırladır:

«Bizim müəllimimiz İsveçrədə olmuşdu. O deyirdi ki, orada zibil qablarına zibili atanda, adama «çox sağ ol» deyilir».

DAYANACAQLARDAKI KONTEYNERLƏR: NƏYİ HARA ATMAQ LAZIMDIR?

Bakıdakı avtobus dayanacaqlarının bəzilərində kağız, şüşə və plastik qablar üçün olan tullantı qabları var. Tələbə Vaqif Məmmədov deyir ki, o, bu qablardan istifadə edir. Ancaq nəyi hansı qaba atacağını bilmir:

«Çünki üstündə nə yazı var, nə də bir işarə. Olsaydı, daha yaxşı olardı. Çaşıram. Yazılmayıb deyə bilmirəm, nəyi hara atım».

ƏHALİ ÇOX İSTƏYİR...

Qeyri-hökumət təşkilatı olan ELS Araşdırmalar Mərkəzi Bakının 7 rayonunda tullantıların daşınması və çeşidlənməsi ilə bağlı əhali arasında sorğu keçirib. aparıb. Mərkəzin rəhbəri İradə Yaqubova deyir ki, əhali buna hazırdır, bunun üçün şərait yaratmaq lazımdır:

«Adamlar bizə deyirdilər ki, bəli, biz zibil çeşidləməyə hazırıq. Ancaq bunun üçün lazımı şəraitin olmasını istəyirik. Yəni, əgər mən 9-cu mərtəbədə yaşayıramsa, ərzağı, şüşəni, kağızı ayrı paketlərə yığıramsa, aşağıda bir neçə konteynerin dayandığını görməliyəm. Konteynerlər müəyyən rəngdə, standartlara uyğun olmalıdır. Camaat deyir ki, əgər mən görürəmsə ki, zibili bir konteynerə atıram, sonra hamısı yenə bir yerə yığılır, daha bunu etməyəcəyəm».

İCRA HAKİMİYYƏTİ SUSUR

Bakı şəhərində bəzi dayanacaqlarda qoyulmuş konteynerlərdən başqa və İçəri şəhərdən başqa şəhərdəki yaşayış binaları üçün kütləvi konteynerlər yoxdur. Bu sahədə hansı planların olmasını soruşmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin təsərrüfat şöbəsi ilə əlaqə saxladıq. Şöbənin müdiri Xalid Ələkbərov vaxtının olmamasını bildirib məlumat vermədi.

2008-ci ildə prezident «Bakıda məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında» sərəncam imzalayıb. Sərəncamın məqsədi məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsindən ibarətdir.

Bakıdakı qapaqsız zibil qabları isə hələ ki, küləkli günlərdə içindəki müxtəlif tullantıları ətrafa səpələmək, yayda isə üfunət yaymaq funksiyasını davam etdirir.