BO və BP qarşıdurması

Amerika prezidenti Barak Obama BP şirkətini “səhlənkarlıqda” ittiham edib və söz verib ki, şirkətin Meksika körfəzinin neftlə çirklənməsinə görə ziyanı ödəməsinə nail olacaq.

Obama iyunun 16-da Ağ evdən xalqa telemüraciətində həm də Amerikanın alternativ enerji növlərinə keçidinin çox mühüm olduğunu bildirib.

“Bizim sahillərdə baş verən bu faciə bir xəbərdarlıqdır ki, təmiz enerji mənbələrinə keçid istiqamətində həlledici addım atmağın vaxtıdır. Amerikalıların indiki nəsli bir milli missiya olaraq yeniliklərə qucaq açmalı və öz taleyinin sahibinə çevrilməlidir”.

Obama bu müraciətlə özünə qarşı tənqidləri də neytrallaşdırmağa çalışır. 8 həftə qabaq BP şirkətinin platformasında baş verən qəza Meksika körfəzinə külli miqdarda neftin axması ilə nəticələnib və çirklənmənin qarşısını hələ də tam almaq mümkün olmayıb. Obamanı böhran dövründə ölkə lideri olaraq yetərincə səriştə nümayiş etdirə bilməməkdə ittiham edənlər var.

REYTİNQ DÜŞÜR...

Sosioloji sorğular göstərir ki, ölkə əhalisinin çoxu Obamanın Amerika tarixində ən böyük ekoloji fəlakət dövründəki fəaliyyətini bəyənmir.

Obama neft çirklənməsini “epidemiya” adlandırıb və onun yayılmasının qarşısını almaq üçün bütün qüvvələri səfərbər edəcəyini söz verib.

Obama xalqa bu müraciətini BP rəhbərliyi ilə Ağ evdə görüşündən bir gün qabaq edib. Prezident deyib ki, çərşənbə günü BP-nin rəhbəri Karl Henrik Svanberqi məlumatlandıracaq ki, BP – onun səhlənkarlığı ucbatından ziyana düşən şirkətlərə və şəxslərə kompensasiya ödəməlidir – bunun dəyəri nə qədər yüksək olsa belə.

Şirkətlərə kompensasiya verilməsi və ekoloji ziyanın ödənməsi isə milyardlarla dollara başa gələ bilər.

Obama deyib ki, şirkət bütün qanuni iddiaları təmin etməlidir, özü də bu işə müstəqil – üçüncü tərəfin rəhbərlik etdiyi komissiya nəzarət etməlidir.

Amma bəlli deyil ki, prezident administrasiyası, yəni icra orqanı olan bir qurum şirkəti belə yüksək məbləği ödəməyə necə məcbur edə bilər.

Obamanın xalqa müraciətindəki fikirlərə reaksiya verən BP deyib ki, o, prezidentin məqsədinin neft çirklənməsinin qarşısını almaq və ziyana düşən şirkətlərə kömək etmək olduğuna inanır. BP ümid edir ki, bunun ən optimal yolunu prezidentlə görüşdə tapmaq mümkün olacaq.

NEFT ŞİRKƏTLƏRİNİN LOBBİÇİLƏRİ


Alternativ enerji mənbələrinə keçidin onilliklərdi ləngidiyini deyən Obama bu işə neft şirkətlərinin lobbiçilərinin səyi ilə mane olunduğunu söyləyib.

Onun fikrincə bu işdə Amerika rəhbərlərinin siyasi iradəsinin azlığının da rolu olub.

Obama bir müddət qabaq enerji islahatı ilə bağlı qanun layihəsini parlamentə təqdim edib, amma qanun layihəsi Senatda böyük maeələrlə üzləşib.

Respublikaçılar isə Obamanı ittiham edirlər ki, o, böhrandan öz siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışır.

Obama həm də elan edib ki, təbii ehtiyatlardan istifadə edilməsinə nəzarət edən dövlət agentliyinə yeni rəhbər təyin edir. Bu, Ədliyyə Nazirliyinin keçmiş müfəttişi Maykl Bronviçdir. O, Elizabet Bimbaumu əvəz edib. Bimbaumu nəzarətin zəifliyində ittiham etmişdilər və o, vəzifəsindən istefa vermişdi.

Obama deyib.

“Bu böhranın dərslərindən biri də o olacaq ki, biz təbii ehtiyatlardan istifadəyə daha yaxşı nəzarət etməli, təhlükəsizlik standartlarına ciddi əməl etməliyik”.

BP-nin icarəyə götürdüyü neft platforması aprelin 20-də partlayıb. Bunun nəticəsində 200 kilometrlik sahil zolağı çirklənib. Körfəzin faunasına böyük ziyan dəyməklə yanaşı turizm və balıqçılıq sahəsi də böyük ziyana düşüb.