Yaxşı adam

Lütfəli Abdullayev

Bu radiodastana müxtəlif adlar vermək olardı. Zarafat deyil, söhbət ölkənin gəlib-keçmiş ən böyük gülüş ustasından gedir.

Zamanında müasirləri ona hətta «Gülüş kralı»(Şıxəli Qurbanov) demişdilər.

Hər sözünə uğunub gedirdilər.

Dedikləri məsələ çevrilirdi.

SƏNİN KİMİSİNİ GÖRMƏMİŞƏM!

Mənim bir yaxın adamım uşaqlıqda onu Dağüstü parkda görübmüş. Gözəl geyinmiş nəşəli aktyor heyranlarının arasındaymış. Həmin bu uşaq fürsətdən yararlanıb başlayıb ona çoxlu suallar verməyə (Sonra jurnalist oldu). Aktyor bezib. Amma görün, nə deyib də bu yeniyetmədən canını qurtarıb:

«Mən həyatımda çox qəmiş görmüşəm,
Amma sənin kimisini heç görməmişəm!»

Hamı qəhqəhə çəkib… Bu söz 40-45 ildir ki, həmin adamın ailəsində danışılıb-gülüşülür...

Pərəstişkarları saysız-hesabsızdı.

Evinin qarşısında hər gün azı 100 adam keşik çəkirdi.

Lap Hollivud ulduzları kimi.

NİYƏ «YAXŞI ADAM»?
Lütfəli Abdullayevin qızı Xurşud xanım


Öncə bu dastana «Lütfəli bəy və Sevda xanım» adını vermək istədik, çünki Lütfəli bəyin sevgi dastanını eşitməyə, onu örnək almağa dəyərdi.

«Əli və Nigar», «Maestro Niyazi və Həcər xanım», «Həsən bəy və Hənifə xanım» , «Ustad Şəhriyar» dastanları yəqin yadınızdadır...

Amma elə ki, yaratdığı obrazların sözlərini əzbər bildiyimiz bu nəhəng aktyoru daha yaxından tanıdıq, radiodastanı «Yaxşı adam» adlandırmağa qərar verdik.

«Bu, onun taleyinə, insan obrazına biçilmiş ən uyğun sözdür», - deyə düşündük.

KİM İDİ LÜTFƏLİ ABDULLAYEV?


95 il öncə dağlara sığınnan Şəkidə xalça tacirinin ailəsində doğuldu.

Sovetlərin gəlişi bu ailənin də aşına su qatdı.

Hər şeylərini əllərindən aldılar.

Atası depressiyaya düşdü.

Ailəni anası saxlamalı oldu. Bir az böyüyəndən sonra Lütfəli də anasına kömək etməyə başladı.

Bir təsadüf onu Bakıya gətirib çıxardı.

Sonrakı taleyi bu şəhərlə bağlandı.

25 yaşında səhnəyə gəldi, 34 il bənzərsiz obrazlar yaratdı.

59 yaşında Bakıda «gülüş kralı» kimi dünyasını dəyişdi.

Hamını güldürən nəhəng sənətçi 60-nı haqlaya bilmədi...

DASTAN QƏHRƏMANI KİMİ...

Yaxşı adam 59 illik həyat tarixçəsində yalnız dastan qəhrəmanlarının gerçəkləşdirə bildiyi bir işin öhdəsindən gəldi - 15 illik üzüntü və çırpıntılardan sonra sevdiyi qıza qovuşdu.

44 yaşında qovuşduğu sevdiyi də kim ola - kim ola? - Cümhuriyyət qurucularından Həsən bəy Ağayevin nəvəsi və bu hökumətin əmək naziri olmuş Əhməd bəy Pepinovun qızı Sevda xanım Pepinova.

Lütfəli bəy ona müharibənin qızğın vaxtlarında—1943-cü ildə kim olduğunu bilmədən—bir baxışla vurulmuşdu.

YA SEVDA, YA HEÇ KİM!

Sovetlər dönəmində «Xalq düşməni» damğası basılmış adamlarla adi ünsiyyət belə yasaqlandığı halda, Lütfəli bəy «Ya Sevda, ya heç kim», —dedi.
15 il onun qapısına elçi göndərdi. Hər dəfə «yox» kəlməsiylə qayıdan elçiləri hövsələylə qarşıladı.

Həsən bəy Ağayevin ömür yoldaşı, Sevdanın nənəsi Xədicə xanım daş atıb başını tutdu. «Bizə yaraşmır. Heç olmasa, dram aktyoru olaydı», —dedi...
Sevdaya olan istək azalmadı ki, azalmadı...

HƏ...HƏ!

Onu dəfələrlə Təhlükəsizlik orqanlarına çağırdılar. Bu sevdadan əl çək dedilər.

Əl çəkmədi.

Nəhayət, istəyinə çatdı. Gələn elçilərə «hə» dedilər...

--Lütfəli Abdullayev sevdalı illərini necə yaşadı?
--Xədicə xanım son nəfəsində hansı etirafda bulundu?
--Azərbaycanın 1 nömrəli gülüş ustası niyə tez dünyadan köçdü?
--Onu niyə «yaxşı adam» adlandırdıq?
--Qızı Xurşud xanım AzadlıqRadiosuna atası barədə daha nələr danışdı?
--Xurşud xanım niyə ağladı?

Bütün bu sualların cavabını və daha başqa məqamları elə bu səhifədən «İz»i dinləməklə öyrənə bilərsiniz.
Hə, bir də verilişin lap sonunda onun öz səsini (obrazda yox) də eşidəcəksiniz. Bu səs onun arxivindən ölümündən illər keçəndən sonra tapılıb.