Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına tanınmış kino araşdırıcısı Aydın Kazımzadə deyib.
Yenicə çapdan çıxmış «Azərbaycan kinematoqrafçıları» kitabı haqqında danışan A.Kazımzadə onu da əlavə edib ki, müharibə illərində döyüşdə yaralananları Orta Asiyaya, Zaqafqaziya respublikalarına paylayırdılar. Yaralıları sağaltmaq üçün isə rentgen tələb olunurdu. Ancaq dəmiryollar partladıldığından Moskva ilə əlaqə qırılırdı: «Retgen plyonkaları Bakıya gəlmirdi».
AY MƏMMƏD, RENTGEN HAZIRLAMALISAN!
Odur ki, Bakıda yaralıları rentgendən keçirmək üçün bir yola əl atmaq qərarına gəlirlər. MK-nın o zamanki məsul işçilərindən olan Camaləddin Maqomayev (Müslüm Maqomayevin əmisi) kinostudiyanın laboratoriyasında işləyən Məmməd Babayevi çağırır yanına. Və ona təklif edir ki, «sənə xəstəxanada xüsusi bir yer verəcəyik, köməkçilərin olacaq. Sən orda bizim üçün rentgen şüşələri hazırlamalısan».
Məmməd Babayevin deyilənləri etməkdən başqa çarəsi qalmır. Hər cür şərait yaradılır. Və nəhayət, o doğrudan da laboratoriyada rentgen şüşələri hazırlaya bilir!
A.Kazımzadənin dediyinə görə, ondan sonra yaralıları sağaltmaq, əməliyyat etmək xeyli asanlaşır. Çünki artıq rentgen vasitəsilə dəqiq diaqnoz qoymaq olardı. Onsuz hər şey gözəyarı edilirdi.
SÜRMƏ ÇOX OLANDA HƏM GÖZƏ, HƏM QAŞA…
Məmməd Babayev aldığı bu rentgen şüşəsini və üz qabığını saxlayıbmış. Qonağımızın bildirdiyinə görə, o şüşə indi Kino Muzeyində qorunur.
MƏMMƏD BABAYEVİN «RENTGENİ» KİMİN BÖYRƏYİNİ ÇƏKDİ?
Aydın müəllimin söylədiyinə görə, rəhmətlik Məmməd müəllim ona danışıbmış ki, hazırladığı rentgen şüşəcikləri o qədər şöhrətlənib ki, günlərin bir günü Mir Cəfər Bağırov da böyrəyini Məmməd kişinin rentgeninə saldırmağa qərar verib:
«KQB əvvəl gəlib otaqları yoxladı. Dedik, xeyir ola, nə xəbərdir? Dedilər, Mir Cəfər Bağırov gələcək. Böyrəyi sancır. Rentgen eləmək lazımdır».
MİR CƏFƏRİN BÖYRƏYİNDƏ NƏ VARDI?
Aydın Kazımzadə bu suala cavab verə bilmədi. Elə həkimlikdən heç nə anlamayan Məmməd kişi də, nə çıxdığını dəqiq bilmirmiş: «Nə isə xəstəlik varmış. Böyrəyi sancırmış».
«İz»in bu buraxılışında Aydın Kazımzadənin Azərbaycan kinosu və kinoçuları barədə maraqlı söhbətlərini eşidə biləcəksiniz. Hər zaman çox maraqlı müsahib olan tanınmış kino araşdırıcısı ilə söhbəti elə bu səhifədən dinləyin.