«Azacıq xoşbəxtlik, böyük bədbəxtlik... Neft!!!»

Nazim Rza

«Xalqın azacıq xoşbəxtliyi də, böyük bədbəxtliyi də neft ucbatından olub».

Bu fikir AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan tanınmış kinossenarist və kinorejissor Nazim Rzaya məxsusdur.

AZACIQ XOŞBƏXTLİK, BÖYÜK BƏDBƏXTLİK?

Onun sözlərinə görə, neftin tarixi ilə Bakının tarixi həmişə paralel aparılmalıdır. Çünki Azərbaycan xalqının taleyində neft amili son dərəcə mühüm rol oynayıb.

BAKI NEFTİNİN TARİXİNİ DÜRÜST BİLƏN YOXDUR!

Nazim Rza Bakı nefti barədə film çəkərkən bu fikrə gəldiyini etiraf etdi. «İstəyirdim böyük film olsun, serial olsun. Ancaq faktiki material yox idi. Tarix kitablarını vərəqlədim. Akademiyanın buraxdığı kitablarda Bakı neftinə çatanda, söhbət nədən gedirdi? Nobelləri pisləyirdilər. Hətta Hacı Zeynalabdini də tənqid edirdilər. Ya da, neftçilərin götürdükləri öhdəliklərdən danışırdılar. Bu isə tarix deyil!».

Qonağımız filmi çəkdikcə, neftin tarixinə baş vurduqca heyrətləndiyini, bu üzdən də neftin tarixini bilmədən Bakının tarixini yazmağın mümkünsüzlüyü qənaətinə gəldiyini söylədi.

MÜHƏRRİK OLMASAYDI, DÜNYA SAVAŞLARI DA OLMAYACAQDI?


Nazim Rza Bakı neftinin tarixinə baş vurdu. Neftin bir isitmə funksiyası daşıdığı vaxtlardan hərbi işlərdə istifadəsinə qədər olan dövrü maraqlı misallarla anlatdı. «Zaman gəldi, neft artıq dünyada hərbi amilə çevrildi. Siyasi motivlər ortaya çıxdı».

Qonağımızın fikrincə daxili yanacaq mühərriki icad olunmasaydı, Dünya müharibələri baş verməyəcəkdi. «Adından da göründüyü kimi, bu müharibələr çox böyük ərazini əhatə edir. Əsgərləri, ordunu daşımaq üçün texnika lazımdır. Texnikanı da duru yanacaqla işləyən mühərrik təmin edir».

NEFT NƏYƏ XİDMƏT ETMƏLİDİR?

Son illər neftlə bağlı üç kitab (trilogiya) müəllifi olan Nazim Rzanın fikrincə, bu kitabların ana xətti ondan ibarətdir ki, neft insanların səadətinə, xoşbəxtliyinə, sivilizasiyanın inkişafına, ekologiyaya , müxtəlif istehsal sahələrinin çoxalmasına xidmət etməlidir. «Amma neft qlobal münaqişə mənbəyinə çevrilib və çevrilməkdə davam edir».

--Nazim Rza verilişə gələn SMS-ləri necə cavabladı?
--9 yaşlı qızının ona «neftdən ayrıca otaq və bir kompüter» aldırmaq istədiyini deyən bakılı Gündüz Cəfərlinin sualına nə cavab verdi?

«Can Bakı»nı bu səhifədən dinləyin