Qəribə adam və ya milyonlarca qızılgül...

Niko Pirosmaninin rəsmi

Sevgi tarixçələri az qala dünyanın özü qədər qədimdir.

Hər dövrün, hər kəsin özünə xas sevgi tarixçəsi tarixçəsi olur.

Bu dəfə danışacağımız əhvalat düz bir əsrdir ki, dillərdə dastandır.

Bu sevgi tarixçəsini hələ heç kim təkrarlamayıb, çox güman ki, heç kəs buna cəhd də etməyib. Bu sevgi tarixçəsi təkdir, bənzərsizdir, qəribədir, heyrətləndiricidir, inanılmazdır...təəsssüf ki, həm də qarşıllıqsızdır.

MİLYONLARCA QIZILGÜL

Sizi çox yormayım. Söhbət əfsanəvi gürcü rəssamı Niko Pirosmanidən və onun dünyaya səs salmış «Milyon, milyon qızılgülü»ndən gedir.
Bu radiodastanda Niko Pirosmaninin izinə düşməyə qərar verdik. Dastanın adını da elə «Qəribə adam və ya milyonlarca qızılgül» qoyduq.
Niko Pirosmaninin həyat tarixçəsini «rəssamlığında şair, şairliyində rəssam» olan Adil Mirseyid danışır...

KİNTO NİKO BU DÜNYANIN ADAMI DEYİLDİ...

Adil Mirseyidin söylədiyinə görə, 100 il öncə Tbilisidə, Kür çayının sol sahilində Ortaçala məhəlləsində yaşayan bu qəribə adamı o dövrün Tbilisisində hamı tanıyırmış. Ucaboylu, solğunbənizliymiş. Saçlarını səliqə ilə arxaya darayarmış. Bəlkə elə bu üzdən ona «knyaz» deyə üz tutarmışlar. Bu qədim şəhərin küçələrində saatlarla dolaşar, ancaq öz dünyasında olarmış...

TBİLİSİ MEYXANALARININ DAİMİ MÜŞTƏRİSİ

Adil Mirseyid
Tbilisin bütün meyxanalarında onun rəsmləri asılıbmış. Deyilənə görə, əsərlərinin qiymətini bilməz, onları dəyər-dəyməzinə satarmış. Elə rəsmlərini də meyxanalarda, dükanlarda çəkərmiş, orda da gecələyərmiş...

EVİNİ-DÜKANINI SATIB QIZILGÜLƏ ÇEVİRİR...


Kinto Niko Tbilisililəri çəkdiyi rəsmlərdən çox sevgisi ilə heyrətləndirir. Şəhərə qastrola gələn Marqarita adlı aktrisaya vurulan Niko tələm-tələsik evini-dükanını satıb qızılgülə çevirir, milyonlarca qızılgülü sevdiyinin ayaqları altına səpir.

Uzun illərdən sonra bu sevgi tarixçəsi mahnıya dönüb Nikonun tabloları kimi dünyanı gəzəcəkdi. Məşhur şair Andrey Voznesenskinin yazdığı şeirə Raymond Paulsun bəstələdiyi «Milyon-milyon qızılgül» mahnısı Niko Pirosmanini bir daha yada salacaq, onun şöhrətini artıracaqdı.

ƏGƏR PROQRAMI DİNLƏSƏNİZ...

Bu dahi rəssamın həyatının bir çox nüanslarıyla tanış olmaq imkanı qazanacaqsınız.

Onun necə kəşf edildiyinin tarixçəsini eşidəcəksiniz.

İndi milyonlarla ölçülən, ən məşhur muzeyləri bəzəyən rəsm əsərlərini neçə rubla çəkdiyini öyrənəcəksiniz.

Cəmi 50 yaşlarında dünyasını dəyişən bu qəribə adamın hansı ailədə doğulduğunu biləcəksiniz.

Və Alla Puqaçovanın ifasında «Milyon-milyon qızılgül» mahnısını bir də eşidəcəksiniz.

Beləliklə, AzadlıqRadiosunun «İz» proqramında dünyadan gəlib-keçmiş ən qəribə adamdan, ən qəribə eşqdən söhbət açırıq - Niko Pirosmanidən danışırıq.
Rəssam və şair Adil Mirseyidin bələdçiliyiylə.