“Sərhədsiz Reportyorlar” hökmdən narahatdır

“Sərhədsiz Reportyorlar” Təşkilatı Eynulla Fətullayevin narkotik maddə saxlamaqda ittiham edilərək 2 il 6 ay azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərardan şoka düşüb.


Təşkilatın bəyanatında bildirilir ki, “Biz bu yeni hökmü pisləyirik və onu hakimiyyətin tənqid edən səsləri boğmaq cəhdlərinə əlavə sübut hesab edirik. Bu, hakimiyyətin Avropa İnsan Hüquqları Məhkəməsinin Fətullayevin dərhal azad olunmasını tələb edən 22 aprel tarixli qərarına məhəl qoymadığını göstərir”.

Səhədsiz Reportyorlar əlavə edir ki, “Bu hökm ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfərindən bir sutka sonra çıxarılıb. Klinton iki bloqqer - Adnan Hacızadə və Emin Millinin məhkum olunmasından və saxta ittihamlarla həbs olunanlarla bağlı narahatlığını bildirmişdi”.

Təşkilat Eynulla Fətullayevin cəza müddətinin 8,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkdiyi 12 saylı koloniyada saxlandığı vaxtdan - ötən il dekabrın 31-dən deyil, iyunun 6-dan hesablanması ilə bağlı da narahatlığını bildirib.

Bəyanatda beynəlxalq təşkilatların Eynulla Fətullayevi siyasi məhbus hesab etdikləri də bildirilir.