«Dözmək insanın hüquqi borcudur»

Şahvələd Çobanoğlu

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında jurnalist Şahvələd Çobanoğlu «Dözümsüzlük sindromu» barədə danışarkən deyib. Onun sözlərinə görə, bu borc hüquqla tənzimlənən məsələdir. Bunu tənzimləyən isə dövlət olmalıdır:

«Nə qədər ki, dövlət özü yazıya dözümlülüyü, daha doğrusu, fikrə qarşı hərəkətlərin qarşısını almağı öhdəsinə götürməyəcək, əksinə dövlət bu işlərdə iştirak edəcək, onda biz bunun ağrılarını çəkəcəyik. Amma vətəndaş hiss edəndə ki, ümumiyyətlə onun dözümsüzlüyündən doğan əməl cəzalandırılacaq, o aşırıdırsa, qanunu keçirsə, başqa müəllifin hüquqlarına qarşı yönəlirsə, hüquq pozuntusuna gətirib çıxarırsa, bu halda dövlət onu cəzalandırmırsa, qarşısını almırsa, deməli, o əməllərin qarşısı ümumiyyətlə alınmayacaq».

Filosof Niyazi Mehdi isə deyib ki, Azərbaycanda dözümsüzlük məsələsi doğrudan da realdır. Filosof bunun səbəblərinin milli psixologiyadan gəldiyini bildirib. Niyazi Mehdi deyib ki, eyni zamanda bunu aradan götürmək üçün mədəniyyətdə yetərincə işlər görülmür:

«Azərbaycanda, islam ənənəsində səbr ciddi bir ideyadır. Quranda da var, müsəlman ənənəsində də səbri tövsiyə edirlər. Donuz ətini yeməmək yasağına müsəlmanlar uğurla əməl edirlər. Amma səbr məsələsinə uğurla əməl eləmirlər. Görünür, səbr eləmək donuz ətini yeməməkdən daha çətin məsələdir.
İlqar İbrahimoğlu
Ona görə bacarmırlar».

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyib ki, ümumilikdə Azərbaycanda alternativ fikrə qarşı bir dözümsüzlük halı hər zaman olub. Bəzən səhv deyilən fikrə qarşı da mübarizə aparmaq olar. Amma sivil yolla:

«Kimsə yazır ki, islam geriçi dindir. Mən onun səbəblərini bunda, bunda görürəm. Bunun cavabını kimsə yazmalıdır ki, siz səhv edirsiniz. Bu hüquqi şeylərin islama aidiyyatı yoxdur. Amma kimsə durub deyir ki, islam əxlaqsızların dinidir. Kimsə durub islam peyğəmbərini təhqir edirsə, bizim inancımızın özəl mövzularına həqarət edirsə, orada artıq yazı yazmaq çox çətin məsələdir. Bunun həll yolu məhkəmə instansiyaları olmalıdır».



/Hazırladı Kamran Mahmudov/