AXCP-nin «Azadlıq» blokundan kənarda blok yaratması gündəmdə deyil

«AXCP-nin Müsavatla seçki bloku yaratmaq barədə qərarı yoxdur, belə bir müzakirə də getmir».

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı AzadlıqRadiosuna belə deyib:

«Sadəcə olaraq bizim tərəfimizdən belə bir istək var ki, seçki ərəfəsi müxalifətin daha geniş birliyi yaradılsın, amma indiki halda partiyanın rəyasət heyətinin belə bir qərarı yoxdur».

F. Qəhrəmanlı mətbuatda «Azadlıq» blokunun parçalanması barədə xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:

«Bu məlumat, qeyri-dəqiq məlumatdır. Yəqin ki, Nurəddin Məmmədlinin (red: AXCP-nin sədr müavini Nurəddin Məmmədli) mətbuata verdiyi açıqlamanı nəzərdə tutursunuz. O, iştirak edərkən rəyasət heyətinin bəzi üzvləri belə bir təklif ediblər. Ancaq o çıxdıqdan sonra müzakirə olunmayıb və qəbul edilməyib. Nurəddin Məmmdəli elə güman edib ki, belə bir qərar verilib. «Azadlıq» blokundan kənarda hansısa blokun yaradılması gündəmdə deyil».

İyulun 13-də mətbuatda AXCP rəyasət heyətinin parlament seçkilərində əməkdaşlıq etmək üçün Müsavat partiyası ilə danışıqlar aparmaq barədə qərar qəbul etdiyi barədə məlumat yayılıb.

«Azadlıq» blokuna daxil olan partiyalar bloka xitam veriləcəyi ilə bağlı bəyanat verəcəklərini açıqlayıblar. Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan AzadlıqRadiosuna deyib ki, AXCP-nin Müsavatla seçki bloku yaratmaq niyyəti yeni deyil.

«Azadlıq» blokuna üç müxalifət partiyası – AXCP, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir.