Azərbaycanda yeni siyasi dövr?

Bu həftə fəal bloqçular AXCP və Müsavat partiyalarının seçki bloku yaratmaq qərarına biganə qalmayıb, kimi bunu alqışlayır, kimisi də uğurusuz addım hesab edir. İstənilən halda gündəmi diqqətdə saxlayan bloqçuların sayının artdığı hiss olunur, xüsusilə regionlarda da fəallaşma var…

AZƏRBAYCANDA YENİ SİYASİ DÖVR BAŞLAYIR

Razi Nurullayev yaranmaqda olan AXCP-Müsavat bloku barədə öz fikrini bildirib. Bloqçu yazır ki, nəhayət ki, uzun müddətdən bəri müxalifətin baş qaxıncı olan birləşmək problemi aradan qalxmaqdadır:

«AXCP və Müsavat birləşmə məsələsini qarşılarına məqsəd qoyaraq, bütün böyüklü-kiçikli maneələri aşmağa başlayıblar. Faktın özü sevindiricidir».

Rövşən Nəsirli də AXCP-Müsavat seçki birliyindən yazıb. Razi Nurullayevdən fərqli olaraq Rövşən Nəsirli yeni birliyin nəysə dəyişəcəyinə ümid etmir:

«Atı alan çoxdan Üsküdarı keçib. Müxalifətsə hələ indi seçki birliyi yaratmaq üçün hərəkətə keçir. Mən süni birliklərin bir şeyi dəyicəyinə inanmasam da ümid etmək istəyirəm. İnsanları diktaturaya qarşı təşkilatlanmış güc olaraq ortaya çıxara bilməyən bu qurumların neft pullarının xəzəl kimi gəldiyi bir zamanda Əliyevlər xanədanının silkələnməsinə səbəb olacağını düşünmək sadəlövhlük olardı.

AXCP-Müsavat birliyi bloqçuların əsas mövzusudur
Təşkilatlar olmadan təşkilatlanmaq olar, amma inqilabçılar olmadan inqilab etmək olmaz…».

OSMİNOQ QARABAĞIN QAYTARILMASI BARƏDƏ QƏRAR QƏBUL EDİB

Azqoskomediya adlı bloqçu öz ironiyasından qalmır, yazır ki, Futbol üzrə Dünya Çempionatı zamanı oyunların qalibini əvvəlcədən müəyyənləşdirən Oberhauzenli osminoq Paul Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də qoşulub:

«Minsk qrupunun həmsədrlərinin çoxsaylı xahişlərindən sonra ağır vasitəçilik missiyasını öz üzərinə götürən səkkizayaqlı ilbiz 20 ildən çoxdur ki, öz həllini tapmayan münaqişəyə dərhal son qoyub. Belə ki, Paul Azərbaycan bayrağı qoyulmuş qabdakı yeməyi Ermənistan bayrağı qoyulmuş qabdakı yeməyə tərcih etməklə Qarabağın da Azərbaycana qaytarılması barədə yekun qərar qəbul edib.

Osminoqun qərarı Bakıda böyük sevinc və yüksək əhval-ruhiyyə içərisində qarşılanıb. Paulun şərəfinə üç gün rəsmi bayram elan olunub və üçüncü günün sonu dünyada analoqu olmayan atəşfəşanlıq planlaşdırılır.

Azərbaycan Yazıçılar Birliyi, Aşıqlar Birliyi, Jurnalistlər Birliyi, Bəstəkarlaq İttifaqı və Milli Elmlər Akademiyası isə prezidentə birgə müraciət ünvanlayaraq osminoq Paula «Şöhrət» ordeni verilməsini xahiş ediblər».

Qusarçay adlı bloqçu Qubanın qaranlıq küçələrindən şikayətlənir:

«Rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov hesabatında demişdi ki, F.Xan küçəsi Qubanın ən yaxşı küçələrindən olacaq. Orada su, qaz və işıq problemi olmayacaq. Düzdü, o küçədə vəziyyət o qədər də pis deyil. Orada gecələr işıq olsa da, işıq dirəkləri o qədər də yaxşı vəziyyətdə deyil. Bəs H.Əliyev prospektinin qalan hissəsi və paytaxta getmək üçün geri qayıdan Əliqulu Nərimanov küçələri?».

AZƏRBAYCANDA «YOUTUBE» NİYƏ GEC AÇILIR?

Azərbaycanda YouTube niyə gec açılır?
Turxan
yazır ki, 2-3 gündür Azərbaycanda «YouTube»da videolarının açılmasında problemlər yaşanır. Turxan hesab edir ki, saytın gec açılmasının siyasi səbəbi var:

«Azərbaycanda parlament seçkiləri yaxınlaşır. Məncə, indiyədək Azərbaycanda normal çalışan «YouTube»nin problem yaşamasına səbəb məhz siyasidir. Çünki normal çalışan bir video sistem birdən-birə gec, problemlərlə işləyə bilməz. Əgər işləsə də bu barədə qurum özü rəsmi açıqlama verməlidir. Amma indiyədək heç bir açıqlama və xəbərdarlıq edilməyib.

Ümumilikdə isə hökumətin siyasi sayt bağlama (www.susmayaq.biz; www.tinsohbeti.com) təcrübələri var. Bir neçə ay bundan öncə AXCP sədri Əli Kərimliyə məxsus WordPress bloqu da dağıdılmışdır. İndi də düşünürəm ki, «YouTube» Azərbaycan tərəfindən ləngidilir. Dəfələrlə «Azadlıq» qəzetinin saytı dağıdılıb. Son aylarda isə AzadlıqRadiosunun saytının işləməsində problemlər yaranmışdır.

«YouTube»nin gec açılması ciddi bir problemdir. Bu problem ictimailəşməlidir. Bununla jurnalist, hüquq müdafiə və internet təşkilatları maraqlanmalı və ictimaiyyətə açıqlama verməlidirlər».

FACEBOOKDAN AZAD OLMAĞI SİQARET TƏRGİTMƏYƏ BƏNZƏTMƏK OLAR

Veboxu hesab edir ki, facebook sosial şəbəkəsi o qədər gündəlik həyatın bir parçasına çevrilib ki, ondan ayrılmaq günü-gündən çətinləşir:

«Facebook artıq mənim üçün kütlə saytıdır»
«Yaxın dostlarımın hamısı bu problemdən əziyyət çəkdiklərini deyirlər. Amma heç biri facebookdan ayrıla bilmir. Bunun bir neçə səbəbi var. Birincisi, sosial şəbəkədə aktiv olmaqla özünü «bərk gedən» sayırsan. İkincisi, güya ki, hadisələrdən xəbərdar olursan. Üçüncüsü, xaricdəki insanlarla rahat əlaqəyə girə bilirsən. Bu, məncə əsas səbəblərdir. Amma mən bura qızların şəkillərinə baxanları, qızla tanış olmaq istəyənləri, səfeh–səfeh kommentlər yazanları demirəm. Nə isə bu şəbəkədən uzaqlaşdığıma görə peşman deyiləm. Əksinə kütləvilikdən uzaq olmaq insana hər zaman bir az üstün olmaq imkanı verir. Facebook isə artıq mənim üçün kütlə saytıdır».