Çoxarvadlılığı “biabır edən” yazıçı cərimələndi

Asne Seyerstad

Oslo Məhkəməsi əfqan ailəsində çoxarvadlılıqdan, qadınlara qarşı zorakılıqdan əsər yazar norveçli jurnalist Asne Seyerstadı cərimələyib.

Məhkəmənin qərarına görə, o, özünün “Kabildən olan kitab taciri” əsərində təsvir etdiyi əfqan qadın Sürəyya Raisin şəxsi həyatına müdaxilə etməklə ona mənəvi ziyan vurub.

Yazar həmin qadına 40 min dollar kompensasiya ödəməlidir.

Kitabı Norveçdə çap edən nəşriyyat da 40 min dollar məbləğində cərimələnib.

Sürəyya Raisin həyat yoldaşı Şah Məhəmməd Rais kitabın baş qəhrəmanıdır.

Dövlət televiziyasının müxbiri olan Seyerstad 2001-ci ildə NATO qoşunlarının Taliban rejiminə qarşı Əfqanıstandakı hərbi əməliyyatlarını işıqlandırmaq üçün regiona gedir.

Talibanın məğlubiyyətindən sonra Norveç hərbi hissələri ilə birgə Kabula gəlir.

2002-ci ildə o, üç ay müddətində Raisin evində qonaq olub.

İki il sonra o, həmin ailənin həyatı haqda bədii-publisistik kitabını çap etdirib.

Yazar ailənin soyadını dəyişib “Sultan Xan” etsə də, sözügedən ailə Kabildə yaxşı tanınır.

Ailənin başçısı norveçli yazara kəskin etirazını bildirmişdi.

Kitabın bütün dünyada bestsellerə çevrilməsində bu beynəlxalq qalmaqalın da rolu olmuşdu.

Kitabı bəyənənlər onu “İslam fundamentalizminin məngənəsində sıxılan əfqanların həyatı haqda acı həqiqəti dünyaya çatdırdığı” üçün alqışlamışdı.

2005-ci ildə Skandinaviyada olarkən Rais demişdi ki, Seyerstadın kitabı Əfqanıstana da gəlib çıxdığı üçün onun və xanımının həyatını çətinləşdirib.

Kitabın bəzi hissələrində sözügedən ailənin intim həyatının təfərrüatları verilir.

Yazara qarşı iddianı həm Rais, həm də onun arvadı qaldırmışdı.

Seyerstadın vəkili deyib ki, Oslo məhkəməsinin qərarından təəccübləniblər.

Yazar qərardan yuxarı instansiya məhkəməsinə şikayət verəcək.

"KABİLDƏN OLAN KİTAB TACİRİ" ƏSƏRİNDƏN BİR PARÇA (OXU)