Eynulla Fətullayevin vəkili apelyasiya şikayəti verib

İyulun 26-da jurnalist Eynulla Fətullayev barəsində Qaradağ rayon məhkəməsinin çıxardığı hökmdən apelyasiya şikayəti verilib. Bu barədə AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, apelyasiya şikayətində Eynulla Fətullayevə bəraət verilməsi və ona dəymiş ziyana görə kompensasiya ödənilməsi tələb olunur.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist narkotik maddənin onun üzərinə qəsdən qoyulduğunu bildirib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına apelyasiya verib.