Rusiyada etnik radikalizmin qurbanları azalıb

Moskvada millətçilərin yürüşü, 4 noyabr 2009

2010-ci ilin birinci yarısında Rusiyada azı 167 adam irqi zorakılığın və neonasizmin qurbanı olub. Onlardan 9-u ölüb. 2009-cu ilin 6 ayında isə 52 adam ölmüş, 242 nəfər yaralanmışdı.

Bir-birinin ardınca ikinci ildir ki, irqi zəmində zorakılıq qurbanlarının sayı azalır. Bu azalma isə Moskvanın, bəzən də Sankt-Peterburqun hesabına baş verir. Rusiyanın digər şəhərlərində isə vəziyyət demək olar ki, dəyişməz qalır. Rusiyanın SOVA analitik-informasiya mərkəzinin yaydığı hesabatda belə deyilir.

ZORAKILIQ YUVASI: MOSKVA, PETERBURQ, NİJNİ-NOVQOROD

İrqi zorakılığın coğrafiyasında isə bu müddətdə çox az dəyişiklik olub. Əvvəlki illərdə olduğu kimi yenə də bu qəbildən olan zorakılıqların əsas yuvası Moskva, Sankt-Peterburq və Nijni-novqorod olub. Ümumilikdə isə irqi zəmində Rusiyanın 32 regionunda insidentlər baş verib.

Bu zorakılıqların qurbanlarına gəldikdə, birinci yerdə Orta Asiyadan olanlar gəlir - 9 ölü, 28 yaralı. İkinci yerdə uzun illər həmişə Şimali Qafqazdan olanlar gəlirdi. Ancaq bu il onlar birdən-birə dördüncü yerə düşüblər - 2 ölü, 11 yaralı.

İki və üçüncü yerlərdə gənc antifaşist təşkilatları dayanır - 3 ölü 33 yaralı və qaradərililər tutur - 1 ölü 15 yaralı.

İrqi zorakılığa qarşı tədbirlər müxtəlifdir. Onlardan ən genişi ultrasağçılara qarşı qeyri-siyasi xarakterli tədbir kimi yadda qalıb. Bu, bütün Rusiyanı əhatə edən antifaşist yürüş idi. Yürüş hüquqşünas Stansilav Markelov və jurnalist Anastasiya Baburovanın qətlinin ildönümü münasibəti ilə keçirilmişdi. Yürüşdə həm onlar, həm də bütün irqi zorakılıq qurbanları anılmışdı. 19 yanvar Komitəsinin təşkil etdiyi bu tədbir incəsənət xadimləri dəstəkləmişdi.

Moskvada 100-ə qədər adamın iştirakı ilə keçirilən bu yürüş polisin müdaxiləsi və toqquşma ilə başa çatmışdı. Buna baxmayaraq, bu yürüş 2005-ci ildən bu yana Moskvada keçirilmiş ən böyük antifaşist nümayiş olub.
Moskvada anti-faşist yürüşü polisin müdaxiləsi və toqquşma ilə başa çatmışdı
Yanvarın 19-da Moskvadan başqa Rusiyanın daha 12 şəhərində də belə nümayişlər keçirilib.

159 ADAMDAN 45-NƏ HÖKM ÇIXARILIB

İrqi zorakılıqla bağlı cinayət işlərinə gəldikdə, bu müddətdə 159 adama qarşı azı 45 hökm çıxarılıb. Bu da 2008-ci ildə çıxarılan hökmlərdən daha çoxdur. 2008-ci ildə 118 nəfərə qarşı 35 hökm çıxarılmışdı.

Cəzalar isə belə olub:

- 9 adam cinayət təqibinin müddəti bitdiyi üçün cəzadan azad edilib. Onlardan 4-ün işi şübhəli görünür.
- 45 nəfər şərti cəza alıb
- 14 nəfər icbarı işlə cəzalandırılıb
- 1 nəfər məcburi müalicəyə göndərilib
- 1 nəfər 2 il müddətinə məntəqə tipli cəzaçəkmə yerinə göndərilib

21 nəfər 5 ilə qədər, 31 nəfər 10 ilə qədər, 2 nəfər 15 ilə qədər, 8 nəfər 20 ilə qədər, 3 nəfər 23 ilə qədər azadlıqdan məhrum edilib. Bir nəfər isə ömürlük cəza alıb.

Hesabatda bildirilir ki, şərti cəza almış şəxslərin sayının çoxluğu narahatlıq doğurur. Əvvəlki illərlə müqayisədə belə yüngül cəza almış cinayətkarların sayı xeyli artıb.

ŞƏRTİ CƏZA ƏSASSIZDIR

Hesabatda deyilir ki, şərti cəzanın verilməsi əsassızdır. Çünki cinayətkarlar bu cinayətləri ani törətmirlər. Həm də şərti cəza qorxu yaratmır, islah etmir, bu cür cinayətləri törədənlərin tərəfdarlarında cəzasızlıq, hakimin onların tərəfində olma təəssüratı yaradır. Bu da yeni cinayətlərə yol açır. Təsadüfi deyil ki, 2010-cu ildə azadlıqdan məhrum etmə cəzası almış 80 cinayətkardan azı 8 nəfəri şərti cəza alanlar olub.

/Tərcümə etdi: Kəbiran Dilavərli/