Azərbaycanda Məhəmməd peyğəmbəri fərqli təsvir edən iki kitab...

Məhəmməd peyğəmbər Kəəbədə. Türkiyənin Topkapı Muzeyi. Nəqqaş Osman.

Kitab Klubu bu yaxınlarda şərqşünas alim Eldar Məmmədovun "Bizim gözəl dilimiz" kitabını nəşr edib. Kitabda əsasən alimin - Azərbaycan dilinə çevrilən əsərlərdə tərcüməçilərin yol verdikləri kobud səhvlərə aid məqalələri toplanıb. Kitabdakı məqalələrdən qısa parçaları "Oxu zalı"nda təqdim edirik.

BELƏ KİTAB KİMƏ LAZIMDIR?

…1991-ci ildə “Gənclik” nəşriyyatında Hindistanın “Hemkint press” nəşriyyatı ilə müqaviləyə əsasən buraxılmış “Məhəmməd peyğəmbərin hekayəti” kitabı indiyədək respublikamızda bu mövzuda nəşr edilmiş ən zay çap məhsuludur.

Bilkiz Ələddinin ingilis dilindən dilimizə tər-cümə edilmiş bu kitabının elə ilk cümləsi –“Səudiyyə Ərəbistanı… o qədər də böyük olmayan yarımadadır” cümləsi əsərdəki faktların və tərcümənin özünün düzgün-lüyünə şübhə yaradır.

38-ci səhifədə Məhəmməd pey-ğəmbərin əleyhdarları ondan soruşurlar: "Biz eşitmişik ki, sən Səudiyyə Ərəbistanının hökmdarı olacaqsan..." Bun-dan belə nəticə çıxarmaq olar ki, Ərəbistan yarımadası hələ islamiyyətin ilk illərində “Səudiyyə Ərəbistanı” adlanırmış…

Kitabda islamşünaslıq elmində bir sıra “kəşflər”lə də qarşılaşırıq. 8-ci səhifədə yazılıb: “Ərəblərin “uşaqöldürmə” adlı dəhşətli mərasimləri vardı. Onlar yeni doğulmuş körpəni diri-diri torpağa basdırırdılar.”

Müəllifin bu cəfəng fikri, Allah göstərməsin, doğru olsaydı, onda gərək Mə-həmməd peyğəmbər adamları islam dininə çağıranda Ərəbistan yarımadasında heç bir ərəb qalmayaydı, belə bir “mərasimi” olan xalqın kökü kəsilməliydi...

73-cü səhifədə oxuyuruq: “…Məhəmməd peyğəm-bər ucaboy, arğaz, nazik burnu azca donqar bir adam olub. Qalın qaşları, açıq siması varmış.” Lakin başqa mənbələr bunun əksini göstərir.

Məsələn, M.Ə.Talıbovun “Səma elçisi” (Bakı, 1990) kitabının 96-cı səhifəsində o, “orta boylu” və “qaşları çox nazik və kaman şəkilli” bir adam kimi təsvir edilmişdir.

Tərcümədə çoxlu yöndəmsiz cümlələr və ifadələr vardır: “…Məkkəyə “həcc” adlı ziyarətə gəlirlər”, “Dördbucaqlı formada (əslində kub şəklində - E.M.) olan binanı “Kə`bə” adlandırırdılar”, “Bu mirvari daş (söhbət Kə`bədəki qaradaşdan gedir – E.M.) gümüşü parıltılarla göz qamaşdırırdı”, “Sitayiş məni təsdiq edir”, “İlk hacı icra etmiş İbrahim”, “Musanın çubuğu” (“əsası” deyərlər – E.M.), “…qureyşilərin təəccübünə rəğmən qıfıllar öz-özünə açılıb düşdü”, “dini əşyalar” və s.

Qəribədir ki, belə bir kitab üçün məqbul sayılan “nazil olmaq”, “zühur etmək”, “rəbbimiz”, “qəzəvat”, “cihad” kimi xüsusi söz və ifadələrdən istifadə edilməmişdir.

Kitabda getmiş “Efiopiya”, “Yerusəlim”, “Suriya” yer adları, “Sezar”, “Nequs” sözlərinin əvəzinə o vaxtlar işlədilmiş “Həbəşistan”, “Qüds”, “Şam”, “qeysər”, “nəcaşi” sözlərindən istifadə edilməli idi.

Kitabda göstərilən bir sıra iddialar tarixi faktlara uy-ğun gəlmir: “Məhəmməd Xədicənin karvanlarını Bəsrəyə və Yəmənə müşayiət eləməyə başladı“ (səh.16), “Peyğəmbər bir müddət Kufədə qaldı” (səh.46).

İslam tarixinin bu dövrü kifayət qədər geniş tədqiq edilmişdir. Tarixdən yaxşı məlumdur ki, Məhəmməd peyğəmbər heç vaxt Bəsrədə və Kufədə olmamışdır.

“ALLAH” VƏ “İLAH” SÖZLƏRİ HAQQINDA
BƏZİ MÜLAHİZƏLƏR


.Məlumdur ki, islam dinində Allahın tək olması, yəni onun vəhdaniyyəti əsas prinsipdir.

Elə isə dilimizin lüğət-lərindəki, habelə bizdə buraxılan nəşr məmulatlarındakı “allahlar”, “allahlar allahı”, “baş allah”, “ikinci dərəcəli allah”, “kiçik allahlar”, “qadın allah” (!), “Assuriya quşbaşlı allahı”, “allaharayıcı”, “allahaxtarıcılıq”, “allahquruculuq”, “allahsızlıq” və s. kimi həm tərcüməçi etinasızlığının, həm də ateizm dövrünün “ixtiraları”nın nəticəsi olan söz və ifadələrə indi-yədək heç bir münasibət göstərilməməsini nə ilə izah etmək olar?

Aydın məsələdir ki, bu söz və ifadələr dilimizə ateizmin hökmranlıq etdiyi dövrdə, özü də rus dilindən tərcümə nəticəsində daxil olmuşdur.

Təbiidir ki, o dövrdə heç kəs onların mahiyyətinə dini baxımdan məhəl qoymamışdır və bəlkə də heç maraqlanmağa imkan da verməyiblər. İndi isə bunlara qəti münasibət bildirməyin vaxtı çatmışdır.

Yuxarıda göstərilən və göstərilməyən çoxlu söz və ifadələrə klassiklərimizin heç birinin əsərlərində təsadüf etmək olmur və bəlkə də 1920-ci ildən əvvəl dilimizdə heç işlədilməyib.

Bu qəbildən olan söz və ifadələr çox ehtimal ki, sonralar yunan və Roma mifologiyalarından bəhs edən yazıların, habelə ateizm ədəbiyyatının rus dilindən edilən tərcümələrində kağız üzü görüb.

Bunlardan əlavə, vaxtilə dilimizdə müxtəlif təyinatlı yazılarda “müharibə allahı” (Mars), “məhəbbət allahı” (Kupidon), “dəniz allahı” (Neptun), “şərab allahı” (Baxus) və s. ifadələri də rusca-dakı “boq voynı”, “boq lyubvi”, “boq morey”, “boq vina” və s. ifadələrinin kalka edilməsi yolu ilə tərcümə nəticəsində yaranıb və uzun müddət işlədilib, elə indi də onlara bir sıra yazılarda rast gəlmək olur.

Qəribədir ki, yazarlarımız “boqinya oxotı” və “boqinya lyubvi i krasotı” və s. ifadə-lərini tərcümə edəndə “ilahə” sözünü işlədiblər: “ovçuluq ilahəsi”, “məhəbbət və gözəllik ilahəsi” və s.

Yuxarıda göstərilən ifadələrdə “Allah” sözünü işlətmək həm dilimi-zin məntiqi baxımından, həm də dini baxımdan düzgün deyildir. Yəni bu ifadələrdə “ilah” sözü işlədilməli idi.

1969-cu ildə bu sətirlərin müəllifi Misirdə hərbi tərcü-məçi işləyərkən bir sovet polkovnikinin yerli artilleriya zabitləri qarşısında çıxışını tərcümə edirdi. Polkovnik öz çıxışında çar Rusiyasının məşhur generalı Ə.Şıxlinskinin hələ keçən əsrdə “boq nikolayevskoy armii” adlandırıldığı barədə dediklərini fərqinə varmadan ərəbcəyə ruscadan kalka etdim: “Allahul-midfə`iyyə” (yəni “Artilleriya allahı”).

Ərəb zabitləri dərhal etiraz etdilər: “İnsan övladına “Allah” demək olmaz!” Onlar həmin ifadəni ya “İlahul-midfə`iyyə” (“Artilleriyanın ilahı”), yaxud da “Rəbbul-midfə`iyyə” (“Artilleriyanın rəbbi”) kimi tərcümə etməyi məsləhət gör-dülər.

Bakıya qayıtdıqdan sonra bukinist mağazasından general Ə.Şıxlinskini “Xatirələrim” kitabının ilk nəşrini əldə etdim. 1944-cü ildə nəşr edilmiş kitabda N.Nərima-novun məktubunun rus dilindən tərcüməsində də həmin ifadəni məhz “Artilleriya allahı” şəklində tərcümə etmişdilər. Görünür, o vaxtlar “Artilleriyanın ilahı” və ya “Artilleriyanın rəbbi” kimi variantları təklif etmək olmazmış.

Bəlkə də hələ o vaxt bu kitabın tərcüməçisi həmin ifadədə ya “ilah”, yaxud da “rəbb” sözlərindən birini işlətsəydi, sonrakı tər-cüməçilər “Allah” sözündən harada gəldi istifadə etməz-dilər.