Anayla oğul yola ertədən çıxmışdı, indi ayaqlarını güclə çəkirdilər, ikisi də heydən düşmüşdü, çünki bayaqdan kəlmə də kəsməmişdilər, yolun yorğunluğunu hərə təklikdə daşıyırdı.
Ana axır gücüylə olsa da addımlarını yeyinlətmək istəyirdi, qaş qaralanacan mənzil başına çatmaq lazımıdı ki, oğul geri qayıdanda gecəyə düşüb qurd-quşa yem olmasın.
Oğul da darıxırdı, istəyirdi, tez-tələsik anasından, axır vaxtlar onun gününü qara eləyən bu arvaddan canını biryolluq qurtarsın. Tay-tuş qabağına çıxmağa da üzü yoxudu, hamının yanında gözü kölgəliydi.
Niyə axı, bu qədər adamdan bircə onun anası erməniydi? Görən, Allah hansı günahına görə ona bu cəzanı vermişdi?
Yox, bütün bu zülmü ona çəkdirən Allah deyildi, səhərdən-axşamacan yuxulu milçək kimi gözünün qabağında fırlanan o cansız bədəniydi, atasıydı.
O vaxt əgər kəndin bütün oğlanları kimi ədəb-ərkanla elçi gedib qohum-qonşudan birinin halal südəmmişini istəsəydi, şorgözlüyünün ucbatından bu erməni qızına tuş gəlməsəydi indi o da bu əzabı çəkməzdi.
Bayaqdan özünü tox tutan anasının üzündə qəflətən bir ağrı gördü.
O arvad elə bil ayağıyla yox, sifətiylə yeriyirdi ki, axsamağı bilinməsin.
Keçən yay qonşu arvadın oğlunun meyitini davadan gətirəndə dərdini ovutmaqdan ötrü əli nəyəsə çatmayanda birbaş onların həyətinə cumdu, əlinə keçən dəmirlə onun anasının ayağını qırdı.
Amma o boyda ağrının içində anası cınqırını da çıxarmadı.
Bir də ki, nə faydası, onsuz da kişisindən, oğlundan qahmar duranı olmayacaqdı.
Balaca qızıyla evin bir küncünə çəkilib düz bir həftə adam üzünə çıxmadı. Elə indi də yaralı ayağı ağrıdıqca ana evdə xəstə qoyub çıxdığı qızını fikirləşirdi.
Uşaq neçə günüydü qızdırmanın içində yanırdı. O gün həkim gəlib yoluxandan sonra, - soyuqdəyməsi-zadı yoxdu,- dedi, - bərk qorxu keçirib.
Gedəndə də anaya tapşırdı ki, nabadə o uşağın yanında səsinizi qaldırasız.
Bayaqdan lal-dinməz oğlunun qabağına düşən ana dillənmək istədi, bircə kəlmə,- balamdan muğayat olun, - deyəcəkdi, amma zorla da olsa səsini boğub yaralı ayağına güc verdi.
O qız qardaşının da yadına düşmüşdü. Nahaq belə tələsdi, gərək bacısının sağalmağını gözləyəydi.
Yəqin indi uşaq yuxudan oyanıb qızdırmanın içində yana-yana yenə sayıqlayır, anasını çağırır...
Cəhənnəmə sayıqlasın, istəyir lap ölsün! Bütün bu dərd-azar bu evə elə o uşaqla gəlmədimi? Necə ağır ayağı vardısa, doğulmağıyla aləmi bir-birinə qatdı.
Bu vaxtacan anasının erməniliyini üzünə vuran kimiydi? Hələ desən, kəndin arvadları onun anasını bir-birinə məsəl çəkərdilər. Çünki bu kəndin yasında o arvaddan bərk ağlayanı, toyunda çox oynayanı olmazdı.
- Yeyin yeri, it qızı!
Bu söz dilindən nə təhər çıxdısa, özünün də xəbəri olmadı. Əslində, anasından ayağının ağrıyıb-ağrımadığını soruşmaq istəyirdi. Ana zorla da olsa yaralı addımlarını yeyinlətdi.
İlahi, indi onu qabağına qatıb-aparan bu ilkbeşiyi sonbeşik bacısını necə istəyirdi? Ana bu sütül sevgini bu illər uzunu hiss eləmişdi. O qızcığaz gələnəcən oğlu elə yovuşmaz, fağır bir uşağıdı ki, elə bil yarımçıq doğulmuşdu.
Bacısı gələndən sonra bütövləşdi, dirçəldi. Elə bil o qız o oğlanın canında çatışmayan nəsə bir yer idi, gəldi, üstünü örtdü.
Ana özündə nəsə bir toxtaqlıq hiss elədi. Yox, bu iki balasının daha ona ehtiyacı yoxudu, bir-birlərindən muğayat ola-ola canlarını ölməyə qoymayacaqdılar.
Kişisi də onsuz birtəhər ömrünü yola verəcəkdi. Amma əslində, arvadının yanında olub-olmamağının o kişidən ötrü elə bir fərqi də yoxudu.
Təkcə arvadınınmı? Əgər Allah o kişiyə on övlad versəydi, yeddisi də qəflətən yoxa çıxsaydı, o kişi bunun səbəbiylə da maraqlanmayacaqdı.
İyirmi il bir damın altında yaşasalar da, ondan bir kərə də nəsə soruşmamışdı.
Təkcə o siftə vaxtlarda yatağa girəndə hərdən-hərdən bircə kəlmə "başlayaqmı" deyərdi, amma onda da cavab gözləməzdi. İndi o arvad yəqin bilirdi ki, oğlu onu ötürüb geri qayıdanda da o kişi ondan anasının hara yox olduğunu xəbər almayacaq.
İndi nədi, əgər sağ qalsa üç il, beş il, on il sonra da arvadının birdən-birə qeybə çəkilməsinin səbəbini öyrənməyəcəkdi.
Deyəsən, o kişinin heç onu özünə necə arvad eləməyindən də xəbəri olmamışdı. Bir gün baxıb-görmüşdü ki, bəs özündən savayı da yanında kimsə var.
Sabah da baxıb-görəcək ki, yanındakı yer yenə boşdu, vəssalam. Əgər qəfil ayılıb bütün dünyanın bircə özündən ibarət olduğunu bilsəydi belə yenə o kişidə nəsə dəyişməyəcəkdi.
Elə bil içinin bütün lampaları sönmüş quru bədən idi, nəyisə görmək, ya eşitmək üçün gözündə, qulağında işıq deyilən şeydən əsər-əlamət yoxudu. Bunu o arvad bir yastığa baş qoyduqları elə həmin o birinci gecədə başa düşmüşdü.
- Atandan muğayat ol.
Ata nədi, ata yada düşür?
Doğrudan da bu yol yaman uzandı. Səhər tezdən anasını qabağına qatıb evdən çıxanda elə bilirdi ki, qaş qaralanacan qayıdıb-gələcək. Görünür, hesabında çaşmışdı.
Gün çoxdan batmışdı, amma anasının kəndi görsənmək istəmirdi. Qəflətən oğulun özünü də bir vahimə bürüdü. Doğrudan da gecənin bu nabələd çağında geri tək necə qayıdacaqdı?
Yox, əslində, bu yol belə uzanmamalıydı. Bu yola ovcunun içi kimi bələdiydi.
Bir vaxtlar babasını yoluxmaq üçün ana-bala bu yolu çox getmişdilər. Hər dəfə də mənzil başına gün işığında çatardılar, hava bir xeyli hal-əhval tutandan, süfrə yeyilib-yığılandan sonra qaralardı. Bəs onda, indi bu yolu dartıb-uzadan nəydi?
- Yeyin yeri, it qızı!
Amma bu dəfə oğulun səsi bayaqkı kimi gümrah çıxmadı, elə bil səsinəcən yorulub-heydən düşmüşdü.
Bəlkə hələ gec deyil, nə olsun, bu qədər yol gəliblər, bəlkə hər şeyi təzədən qaytarıb yerinə qoymaq olar? Nəsə qəflətən oğulun ürəyindən keçdi ki, elə burdaca dayansın, əvvəlki kimi ana-bala bu yolu getdikləri tək bir yerdə də qayıtsınlar.
Ürəyindən keçən az qala dilinə də gələcəkdi, "ana, gəl qayıdaq" deyəcəkdi, amma dünən gecə o arvadın ağzından çıxan, onu hövsələdən çıxarıb bu uzun yola çıxaran həmin söz yadına düşdü.
"Niyə o yazıqları öz evində rahat yaşamağa qoymursuz?"
Bu sözdən sonra oğul cınqırını da çıxarmadı, amma bütün gecəni gözünə yuxu getmədi, yerinin içində qurcalana-qurcalana səhəri gözlədi.
Hansı yazıqları?!
Kimin evində?!
Hava azca işıqlanan kimi anasını oyatmağa gələndə o arvadın da gözlərini açıq gördü. Anasının da o sözü deyəndən yerinə girənəcən səsi çıxmamışdı, deyəsən, o arvad da oğlunun gəlib onu oyadacağını gözləyə-gözləyə səhəri dirigözlü açmışdı.
Oğlunun qabağında dayandığını görəndə də karıxıb-eləmədi, astaca yerindən qalxıb üst-başının əziyini düzəltdi, sonra dinməzcə yola düzəldi.
"Niyə o yazıqları öz evində rahat yaşamağa qoymursuz".
Bu evdə, evində hər şeyi öz yerinə qaytarıb sahmana salmaq istəyən ana bu bircə nəfəslik kəlməsiylə hər şeyi alt-üst etdiyini bilib dünən gecədən özüylə vuruşmaqdaydı.
Amma olan olmuşdu, keçən keçmişdi və səbri daşmış oğula bundan sonra nəsə kar eləyən deyildi. Beləcə, düz ertədən həmin evdən başlanan bu yolun nizamı bir dəfə də pozulmadı, ana qabağı, oğul arxanı tutub gəlirdi.
Oğul başa düşdü ki, artıq gecdi, anasını özüylə geri qaytara bilməyəcək.
Get-gedə bu yol da yorulmuşdu, yumşalmışdı, ərimişdi. Eynən dəniz kimiydi. İndi də ana-bala gəlib dənizin düz ortasına çıxmışdılar.
Hər ikisinin bayaqdan dinclik bilməyən canı tamam taqətdən düşmüşdü, boğulan anasını da kürəyinə alıb üz-üzə təzədən bu boyda dənizi geri qaytarmağa oğulun heyi nə gəzirdi.
Oğul:
- Yeyin yeri, - dedi, amma bu dəfə anasını söyməyə dili gəlmədi. Deyəsən, hirsi soyumuşdu.
Ardınca elə bil qəflətən hansısa bir dəhşətli yuxudan ayıldı. Bu nədi, niyə anasını qabağına qatıb aparır? Bu hardan ağlına gəlib?
Oğulu qəflətən bir qəribə üşütmə tutdu, elə bil bayaqdan buz bağlayan canının donu asta-asta açılırdı.
Sonra qulağına dünyanın o başından səs gəldi: "Anamı qaytar!"
Bacısının səsiydi.
Oğulun içində qəflətən nəsə qırıldı. Bacısının ordan gələn səsini, burda necə eşidə bilərdi?
Ayaq saxladı. Anası da dayandı. Deyəsən, balasının səsi o arvadın da qulağına gəlib-çatdı.
- Bacından da muğayat ol.
Sonra anası adda-budda işıqları yanan kəndə sarı uzanan yolun qaranlığında itib yox oldu.
* * *
Ana itib yox oldu, amma qaranlıq yerindəydi və oğul illər uzunu, bəlkə də ömrü boyu qara deyilən rəngi bu qaralıqda görməmişdi.
Deməli, hər şey bitdi, öz kəndinə - yazıqlarının yanına ötürüb o arvaddan biryolluq xilas oldu, indi rahat geri qayıda bilər.
Oğul canında bir yüngüllük hiss elədi. Elə bil təkcə anasını yox, bütün keçmişini özündən ötürüb lüt-üryan qaldı.
Doğrudan da, insan ürəyi istəyən andaca hər şeyi təzədən başlaya bilər, qəzavü-qədər taleyi azdıra bilməz. İlahi, insan bir andaca nə qədər rahatlana, yüksüzləşə, boşala bilərmiş.
Kərəminə şükür, Allah, canımı qurtardın.
Allah, sənə şükür! Oğul içində, çölündə nə varsa hamısını özündən çırpmaq istədi ki, geri bambaşqa qiyafədə qayıtsın.
Elə təzəcə dönmüşdü ki, gəldiyi yolla da qayıda, düz qabağında peyda olan canavarı gördü.
Amma baxışlarında canavarlıqdan əsər-əlamət yoxudu.
Görünür, ana-bala yola çıxandan bu canavar da qarabaqara onların ardınca gəlmişdi, yolu boyu ov kimi izlədiyi bu iki məxluqa get-gedə öyrəşmişdi, isinişmişdi, indi də oğul ondan ötrü daha ət kimi maraqlı deyildi.
Ertədən qoyub çıxdığı evə oğul bir də gecə gəlib çatdı.
Kəndin bütün işıqları sönmüşdü, ins-cins gözə dəymirdi. Amma həyətin darvazasını taybatay açıq gördü. Qəflətən bu səhər evdə qızdırmalı qoyduğu bacısı yadına düşdü.
Sonrası yadında deyildi.