«Azərbaycan Rusiyanı da dost edə bilmədi»

Əli Kərimli Rusiyanın Ermənistanın müdafiəsini öz üzərinə götürməsinin fəsadları haqqında öz fikirlərini yazıb:

«Bir zamanlar yaman dəb düşmüşdü İlham Əliyev hökumətinin xarici siyasətini tərifləmək...

Hazırda bütün ciddi beynəlxalq dairələr tərəfindən ironiya ilə qarşılanan, ölkə daxilində isə çoxdan lətifəyə çevrilmiş «lazım gələrsə» ilə başlayan içi boş, saxta ritorika da nə ermənilərə, nə dünyaya deyil, ölkə daxilindəki publikaya yönəlmiş klassik populizmdən başqa bir şey deyildi.

...Demokratikləşmə qorxusundan Qərbdən, o cümlədən Türkiyədən uzaqlaşan Azərbaycan, Rusiyanı da özünə dost edə bilmədi. Rusiyaya edilən saysız-hesabsız güzəştlər, reveranslar nəticəsiz qaldı. Əvvəlcədən də bilindiyi kimi Rusiya Azərbaycana Ermənistandan daha yaxın olmadı, hətta formal neytrallıq da saxlamadı (hökumət Türkiyənin acığına Rusiyaya qaz satışını artıranda hökumət mətbəxindən dolanan «Qarabağsevərlərin» «Rusiyanın köməyi ilə Qarabağı alacağıq» nağılları yadınızdadırmı?).

Rusiyanın Azərbaycana qarşı atdığı bu addım ən azı yaxın gələcəkdə Qarabağ probleminin hərbi yolla həllini istisna edir. Siyasi yolla həlli üçün isə bizim dünya miqyasında yetərli dəstəyimiz yoxdur. Məsələn, Gürcüstan, Moldaviya kimi...»

Qazax tərəfə keçən kimi kolluqda gizlənən polislər
Ucar-Bakı yolunda şossenin altından keçən tunelin üstündə daşa bərkidilən radar


Natiq Cəfərli gürcü polisi ilə Azərbaycan polisini müqayisə edib, fərq göz qabağındadır:

«Gürcüstanda 6 gün maşın sürdüm, və demək olar ki ölkəni başdan-başa gəzdim. Yollarda patrul xidmətinin işi mükəmməldir. Hər bir məsələdə sənə yardımçı olurlar, çox gülərüzdürlər, gəncdirlər, bir çoxu ingilis dilini normal bilir, lap cavanları rus dilini tamamilə bilmirlər, bir az yaşlılar isə ruscada danışırlar. Batumidən Tiflisə gedəndə yolu azdım, qaranlıq idi, polis maşınına yaxınlaşıb yolu soruşdum, təqribən 10 km yaxın məni ötürdülər, mənə lazım olan yola çıxartdılar, maşında bir problem olub-olmadığını soruşdular, sonra da təklif etdilər ki, əgər qaranlıqda sürmək çətin olarsa, yaxınlıqda qalmaq üçün çox ucuz yer var, orada gecəni keçirib, səhər yola çıxmaq olar. Bir sözlə, insanla İNSAN kimi rəftar edirlər. Tiflisin özündə də, bir neçə dəfə polisdən yol soruşdum, özləri ötürdülər, hələ bir «Yaxşı yol» da dedilər.

Qazax tərəfə keçən kimi, kolluqda gizlənən polisləri, onların yekə qarınlarını, «naqlı» sifətlərini, çox köntöy və qaba danışıq tərzlərini gördüm və bir daha anladım ki, mentalitet boş şeydir, əsas siyasi sistemin, və «oyun qaydalarının» dəyişməsidir. Buna gərə də, adların deyil də, sistemin dəyişməsi uğrunda mübarizə aparmalıyıq!».

***

Bəxtiyar Hacıyev Azərbaycandakı siyasi qüvvələrin öz mesajlarını necə paketləməsi ilə bağlı müşahidələrini bölüşür :
«Mesajların əksəriyyəti hakimiyyətin nə qədər pis olması üzərində qurulub. Təbii ki, siyasi rəqabət aparan qrupların bir-birlərinin zəif cəhətləri haqqında danışmağı normaldır, amma bu bir hissədən(sadəcə qarşı tərəfin tənqidi) yox, iki hissədən(həm də bu tərəfin üstünlüklərindən, eyni məsələyə fərqli yanaşmasından) ibarət olmalıdır. Məsələn:

«Hakimiyyət təhsil sistemini uçuruma aparıb, orta və ali məktəblər rüşvət içində itib-batır» cümləsi təktərəflidir. Bu cümlədən sonra gəlməli olan «Bizim partiyamız Azərbaycan təhsil sistemində bu 3 islahatın aparılmasının tərəfdarıdır: 1)….. 2)……3)….. Sizin dəstəyinizlə biz Azərbaycanın təhsil sistemini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırmaq istəyirik» məzmunlu cümlələr gəlmir».

Mübariz İbrahimov
Sonuna qədər mübariz


Rəşad Babalı
yazır ki, meyiti ermənilərdə qalan Milli qəhrəman Mübariz İbrahimovun şəhid olması yeni mübahisə açıb. Mübahisəyə səbəb hakimiyyətin münasibətidir :

«Atəşkəsdən sonra Mübariz kimi ermənilərin içinə girib onları qıranlar az olmadı. Bəzilərini də şəxsən tanıyırdım. Onlar adsız qəhrəmanlar oldular. Bir çoxları da etdiklərinə görə dövlətin onlara münasibətindən gileyləndi. Deyilə bilər ki, vətən üçün nə edilirsə, təmannasız edilməlidi. Kökündən səhf fikirdi. Vətən təkcə daş, torpaq deyil həm də hakimiyyətdi, dolanışıqdı, həyatdı.

Mübarizin güclü şəkildə təbliğindən qıcıq olanlar var. bunlar bir neçə yerə bölünür.

Bir qismi Mübarizə hakimiyyətin özünü təbliğ etmək üçün vasitəyə çevirdiyindən hakimiyyət qarışıq mübarizin əməlinə də ikrah edirlər».

Sayqısız Nəqliyyat Nazirliyi


«Sovet vaxtı Bakı daha çox ŞƏHƏR idi, nəinki indi». Deffektiv hesab edir ki, Bakı modernləşsə də ... :

«Sovet vaxtı avtobus dayanacaqlarında bir lövhə olurdu, o lövhədə bu dayanacaqdan keçən avtobusların adları yazılırdı: «243, 306, 24». Bu şəkildə sadə bir lövhə. İndi nəinki belə lövhələr yoxdur və camaat gərək bir-birindən soruşsun («95 burdan keçir?2..), üstəlik, hansısa avtobus qəfildən öz daimi, on beş illik dayanacağını dəyişdiribsə və daha bundan sonra buradan keçməyəcəksə, bunu bilməkdən ötrü heç bir üsul, metod yoxdur. Adamlar dayanıb iki saat gözləyirlər; «axı necə oldu ki, neçə illərdir vaxtında gələn 65 indi yoxdur?» İki saatın sonunda başqa bir avtobusun sürücüsü ordan ötəndə tamahı düşsə, qışqırır ki, ay camaat, «65»-i gözləməyin, o daha Azneftdən keçmir, Axundov bağından keçir, mənə minin ora qədər gedin».

***

Veboxu azərbaycanlı bloqçularını «Bloqosfer -2010» tədbirinə dəvət edir. Sentyabrda keçirilməsi nəzərdə tutulan tədbirin bloqçu və yeni media mütəxəssislərini bir araya gətirərək, fəaliyyətlərini müzakirə etmək imkanı yaradacağı qeyd olunur .
«Qarabağ» darmadağın olarkən

Amon Liz Ağdamın «Qarabağ» klubunun Dortmundun «Borussiya» klubuna məğlub olması ilə heç cür barışa bilmir.

«Mən bu posta başlamaq haqda düşünərkən, hesab 0:0 idi. Birinci «M» hərfini yazanda, artıq 2:0 olmuşdu. Üçüncü cümləni isə «Borrusiya»nın 3. qolundan sonra, başa çatdırıram. Beləcə, Ağdam balladası başa çatdı. Səfeh aparıcı isə «unutmaq olmaz ki, oyun 90 dəqiqə olur», – deyir…

«Qarabağ» hər qələbəsini qazanarkən, həyatda onsuz da hər şeyini itirmiş azərlər sevinirdilər. «Qarabağ» həyatda darmadağın olmuş, daha itirməyə heç nəyi qalmamış insanların son ümidi idi. O ümid də bir ulduzsuz gecədə başa çatdı…»