Nuranə Nur "Öpmə gözlərimdən"

SƏN UNUTMA

Səni unutmağa çalışıram
Susmaqla,
Yatmaqla, durmaqla
Yalnız səni düşünərək.

Qərarsız çalışıram səni unutmağa
Unuda bilsəm səni,
Unuda bilərəm inan hər şeyi.
Məsum bir günah edəcəm,
Eləyə bilsəm.

Onsuz da özümə əmin deyiləm
Getdiyim bu yolu,
Heç nəylə tutma
Məcburam mən unutmağa
Yalvarıram, sən unutma!


BAŞIMDA SUALLAR BİR-BİRİN QOVUR

Gözlərim yol çəkir...həsrət yolunu,
Göydən yerə uzanan yol
bu yoldan qısa.
Ən böyük sevgilər bu yolda azıb,
Ən ulu sevgilər bu yoldan keçib.
Burda bir bulaq var –həsrət bulağı,
Sevənlər suyundan doyunca içib.

Sevgi dumanına bürünüb bu yol,
Ruhum xəyalınla burda dolaşır.
Başımda suallar bir-birin qovur,
Ağlımda fikirlər bir birin aşır.

Yolumun önündə bəzən uçurum,
Bəzən bir ümmandır, dərindən dərin.
Bəzən qumlu sahil, qəzəbli dəniz,
Havası çox soyuq, suyu səpsərin.

Bu sənin qəlbinin soyuqluğudur...
Bəzən isti, sonsuz səhraları var.
Ümüd karvanları burda mənə yar.
Getdikcə istidən qəlbim odlanır,
Məhəbbət sinəmdə alışıb-yanır.

Bu mənim qəlbimin istiliyidir...
O quru yolları sulayır gözüm,
Bilmirəm bu canda, qaldımı dözüm?
Gözlərim çəkdiyi bu uzun yolu,
Gözümlə çox çəkib uzatdım özüm.

Mən görə bilmirəm, görənlər deyir,
Bu yolun var iki,çox fərqli sonu.
Biri ayrılıqdır, biri səadət,
Mənimçün taleyim seçəcək onu.


GÖZLƏRİM YOL ÇƏKİR...

Gözlərim yol çəkir...
Uzun, uzaq sonsuz
Gözlərim yol çəkir...
Hamar, izsiz, tozsuz
Bu yol gözümdən başlayır
Bu yol gözümdə bitəcək
Kimsə bu yolu daşlayır,
Kimsə gözümdə itəcək.

Yavaş-yavaş yola çıxdım gözlərimdən
Gedərəm uzağı
Gözlərimin nuru qədər
Yaxını, göz qapaqlarım yorulanadək.
Bəbəklərim yorğun bələdçilər
Mən əldən düşmüş səyyah.
Bir daha bu yola çıxmaq,
Özündən getməkdi, vallah
Gözlərimdə yorulmuşam, tükənmişəm
Bəlkə gözümdən düşmüşəm.

Dünya yaranandan bəri
«İnsan» adlanan dözüməm
Qayıdıram gözlərimdən
Bu yolun sonu özüməm.


ÖPMƏ GÖZLƏRİMDƏN

Gözlərindən öpəndə
Razı olmaz,
Deyərdin:
“Gözdən öpmək yaxşı deyil,
ayrılıq gətirər, gülüm”
İnanmırdın sözlərinə,
Vurulmuşdum gözlərinə.

Alırdı gözlərin ağlımı başdan
Xoşum da gəlirdi,
Öpəndə gözündən süzülən yaşdan.
Sevincdən axdığın güman edirdim,
Sən demə ayrılıq qorxusu imiş.

Nə yaman qorxurdun, ayrılıqdan sən?
Qorxma, deyirdim sənə!
“Qorxan gözə ayrılıq yox, çop düşər”
Ayrılıq nədir ki,istəməsək biz
gələ ömrümüzə bizdən xəbərsiz.
Bilmirdim seçimi ayrılıq edir,
Seçdi bizi, niyə bilməm?

Niyə məhz sən, niyə məhz mən?
Hər şeyə çarə var ölümdən başqa.
Sevgimiz ölümsüz,amma çarəsiz.

Gözdən öpmək imiş,səbəbi demək.
Sən deyəndə inanmırdım
“Gözlərimdən öpmə, ayrılıq gətirər”
Hanı o ayrılıq,öpüm onun gözlərindən.
Bəlkə səni gətirə.


SEVGİ ŞEİRİ

Bu günlərdə gənç şair Nuranə Nurun "Yaziçı" nəşriyyatında "Yanaqda yağış yeri" şeirlər kitabı çap olunub.
Heç nə hiss etmirəm, donub bədənim,
Tükənib taqətim, tərk edib ruhum.
Dayanmaq üzrədir sanki ürəyim,
Qanım dövr eləmir, dərk etmir şüurum.

Gözüm açıqsa da, heç nə görmürəm,
Canım əmanətdir, mənim deyil ki.
Əl-ayağım əsir, dura bilmirəm
Görəsən bu gələn ölüm deyil ki?
Qorxmuram ölümdən, qorxuram birdən,
Qəlbimdən bu sevgi silinib itər.
Səni ünvan seçən məhəbbətimə,
Bir ömür nədir ki, min ömür yetər.

Gör necə sızlayır,ağrıyır qəlbim,
Nə əzab-əziyyət çəkdirir mənə.
Son nəfəsə görən neçə nəfəs var?
Yoxsa bu son idi...yox gəlir hələ.

İndi gözlərimi mən yumacağam,
Sakit bir həyata qovuşacağam.
Sənə qovuşmağı mən gözləyirdim,
Qismətim olmadın, xüdafis, getdim.


BƏXTİMİN NAĞILI

Həsrətin qoynunda yuxulamışam,
Hicranın küləyi üşüdür yaman.
Gözümü açacam bu dünyaya mən,
Bəxtimin günəşi doğduğu zaman.

Dünyanın bir üzü qara olanda,
O biri üzündə Günəş parlayır.
hər ikisi gözümün səndən ötəri,
Qarası ağlayır,ağı ağlayır.

Nə dərin yuxuya getmisən bəxtim?
Kim çalıb laylanı bu qədər həzin.
Yuxun qənim mənim yuxularıma,
İtirirəm səndə həyatın izin.

Həyata nə şübhəm, nə gümanım var
Arzularım bar verməyən ağacdır.
Sədaqətli tək yoldaşım kədərdir,
Vəfasız sevincə könül möhtacdır.

Məhəbbət qoxulu nağıl dinlədim,
Eşqimin qoynuna atılan gündən.
Bütün nağılların şirin olsa da,
Sonda bir alma da düşmədi göydən.
SEVDA YOLLARINDA
Sən dəli yağmurtək gəldin ömrümə,
O, dəli yağmura həsrət torpağam.
Bir həzin nəğmətək düşdün dilimə,
Zümzümə edərəm, nə qədər sağam.

Buz tutmuş su idim, əritdin məni,
Əriyib süzüldüm,öz yanağımdan.
Sevda yollarında məhv etdin məni,
Yenə pay göndərdin, həsrət bağından.

Sevgi yükü ağır, əyilmiş belim,
Tək çəkə bilmirəm,gücüm tükənmiş.
Yola çıxanda mən axı nə bilim?
Yoldaşım yalqızlıq olacaq imiş.

Əyilməz boynumu eşqinə əydim,
Könlümdə taxt qurdum, tacını qoydum.
Sevən müqəssirdir, gərək biləydim,
Sən eşq əsirinin gözünü oydun.

Viranə eylədin könül bağımı,
Bu bağın eşq gülü solmadı ancaq.
Nakam bada verdin gənclik çağımı,
Sevənlər lənətlə səni anacaq.