Vaqif Səmədoğlu deputatlığa namizədliyini verməyəcək

«Səhhətimdə yaranan problemlərə və yaşımı nəzərə alaraq, parlament seçkilərində iştirak etməyəcəyəm. Qərarımı artıq vermişəm».

Bu sözləri «Bizim Yol»a açıqlamasında Milli Məclisin deputatı, şair Vaqif Səmədoğlu verib.

Artıq yaşlandığını deyən V.Səmədoğlu həmçinin, səhhətində bir sıra problemlərin yarandığını deyib: «Artıq yolu gənclərə verməyin zamanıdır.

Mən seçkiyə getmirəm, gənclərdən biri seçilsin, bir az da onlar fəaliyyət göstərsinlər».

Seçkidə heç bir namizədə dəstək verməyəcəyini deyən V.Səmədoğlu bildirib ki, bununla bağlı ona edilən təklifləri də qəbul etmir: «Adını çəkməyəcəm.

Bir nəfər mənə təklif etdi ki, Qazaxdan onun namizədliyinə dəstək verim.

Amma mən ona dedim ki, mənim sənə verdiyim dəstəyi heç prezident də verməz. Mən namizədliyimi irəli sürmürəm. Bundan böyük dəstək nə olar ki?».

V.Səmədoğlu sonda Qazaxdan seçiləcək deputatın yerli camaatın problemlərinə ciddi diqqət ayıracağına inandığını da deyib: «Mənim nazirlərə, başqa-başqa vəzifəli şəxslərə yazdığım məktubların sayı-hesabı olmayıb.

Deputat seçildinsə, gərək bunun məsuliyyətini dərk edib, çalışasan»,