Aqşin Yenisey. Şovinizm azadlığı

Şair Aqşinin Cumhuriyyət Xalq Partiyasına üzv olması haqqında "Azadlıq" qəzetində Elmin Həsənlinin yazdığı informasiya, Elnur Astanbəylinin bu məsələyə şərhi və Natiq Güləhmədoğlunun köşəsi onu deyəsən çox əsəbləşdirib.

Aqşin Qafqaz.info saytında onlara cavab yazıb.

Yazını olduğu kimi sizə təqdim edirik.


ŞOVİNİZM AZADLIĞI

İki ayaq üstə gəzən hər bir canlı düşməndir!
C.Oruel “Heyvan ferması”


Qədim Yunan mifologiyasının dünya mədəniyyətinə bəxş etdiyi bir yığın allahla, cürbəcür qəribə məxluqatla yanaşı, həm də çox ibrətamiz deyim və ifadələri var. Onlardan biri də “Axilles dabanı” ifadəsidir.

Heç şübhə etmirəm ki, yazı adamları bu ifadənin anlamını bilməmiş olsunlar.

Mifologiyaya görə, Axillesi yalnız dabanından ox, yaxud nizəylə vurub öldürmək olardı; onun bədəni uşaq vaxtı yeraltı səltənətdə sehrli suya salındığı üçün, belə deyək, oxkeçirməz, nizəbatmaz idi və bundan xəbər tutan troyalı Hektor onu məhz dabanından oxlamaqla əfsanədən “çıxdaş” etmişdir.

Eramızdan əvvəl qələmə alınmış bu mifik hadisəni yadımızda saxlayıb keçək öz eramızın Azərbaycanına.

Xəbəriniz var ki, bu günlərdə Cümhuriyyət Xalq Partiyası təsis qurultayı keçirdi və qurultayın çoxsaylı iştirakçılarından biri də mən idim; “Proloq” qəzetində bir yerdə işlədiyim dostum Tahir Kazımlının dəvəti ilə qatılmışdım bu tədbirə.

Üstündən üç gün keçməmiş “Azadlıq” qəzetinin künc-bucağına sığınıb öz deyingənlikləriylə milli deyişkənlik məktəbimizi ölməyə qoymayan, – neyləyək ki, bizim də bəxtimizə döyüşkənlik əvəzinə deyişkənlik yazılıb.

Xalqımız taleyindəki cəmi iki hərf səhvinə görə həmişə yağışdan çıxmamış yağmura düşüb – nəinki “kim bizim kimi düşünmürsə, bizdən deyil” şovinizmiylə kifayətlənən, hətta “kim səhər yuxudan qalxib bizim istədiklərimizi etmirsə, bizdən deyil” totalitarizminə əsaslanan, həyat və “yaradıcılıqları” ilə adamın yadına Oruelin “Heyvan ferması” romanını salan, özləri özlərini öz tapındıqları əndirəbadi “həqiqətin” carçısı adlandıran, publisistikanı yalnız hissi-emosional çərənçilik kimi başa düşən yazarlarım Elnur Astanbəyli, Natiq Güləhmədoğlu və Elmin Həsənli haqqımda gücsüz qəzəblə yüklənmiş sərçəgülləsi bəyanatlar verməyə başladılar.

Bu bəyanatlarda hər üç yazarımın ətrafında sıx birləşdikləri bir cümlə vardı: “Aqşin Yenisey kolbasa biznesi ilə məşğul olmuş partiya liderinin yanına getdi”.

Onların yerdə qalan “politoloji-pedoqoji” fikir və mülahizələrini bir kənara qoyub, yalnız bu cümlədə hər üçünün nə qədər etik, əxlaqi və siyasi səhvə yol verdiyini izah etməyə çalışacağam.

Bədrəddin Quliyevin kolbasasını nə vaxtsa yeyib bəyənməyən, indi bunun acığını, girəvə düşmüşkən, məndən çıxmaq istəyənlərdən bir-iki məsələ haqqında – lap elə, özləri demiş, siyasi fəhmimi gücləndirmək üçün - soruşuram: hər hansı insanın dolanışıq xatirinə kolbasa, yaxud tutalım, corab alveri etməsinin, dolanışıq xatirinə qəzetlərdə köşə yazarlığına qurşanmaqdan nəyi pis işdir və insanı, kimliyindən asılı olmayaraq, çörəkpulu qazandığı əmək növünə görə aşağılamaq nə qədər etik və əxlaqlı hərəkətdir?

Belədirsə, uzağa getməyək, yazarlarım, öz qohumlarınıza, oxucularınıza, dostlarınıza göz gəzdirin. Onların arasında nə qədər qaloşsatan, pinəçi, zurnaçalan, suvağyaxan var.

Yaltaqlanmırlar – qaloş satırlar, inanmırlar – ayaqqabı yamayırlar, tənhadırlar – suvaq yaxırlar, oxumurlar (sizi) – zurna çalırlar.

İkinci məsələ: “filan partiya liderinin yanına getdi”. Yenə soruşuram həmin kolbasayeyənlərdən: bəyəm hansısa partiyaya üzv olmaq yalnız və yalnız həmin partiya liderinin yanına getməkdir?

Onda belə çıxır ki, demokratik ölkələrin demokratik müxalifət partiyalarında sıravi üzvlərin lazım gələndə “yanına getdikləri” liderlərlə yola getməmələri, sizcə, ən azı, siyasi tərbiyəsizlikdir?

Sabah - Allah eləməsin, qulaqlara qurğuşun – keçmiş sələfləriniz kimi partiyanızı bir-bir tərk etməyə başlasanız, bunun adı nə olacaq, üzvlükdən istefa, ya kiminsə yanından getmək?

Bu hansı siyasi təfəkkürün acxəmrəsidir belə?

AXCP-də partiya üzvlüyü bu cür tədris olunur? Bunu hansı “dərisi soyulmuş qardaşdan” öyrənmisiniz? Bərəkallah ustadınıza!

İstəyirsiniz, bu eqoist darqursaqlığa, siyasi qısırlığa boyun əyib mən də zavallı “Azadlıq” qəzetinin bir küncünə “zəncirlənim” və başlayım ağız güdməyə? Oxumun ucunu zəhərləyib gözləyim ki, nə vaxtsa Axillesin dabanı görünəcək?

Sözün açığı, əlimin arxasıyla qaraladığım bu yazını yazmaya da bilərdim, ancaq kimlərinsə mənimlə münasibətdə vaxtaşırı özünü ictimai prokuror kimi aparmasına bu dəfə göz yummaq istəmədim.

P.S. Yazarım Elnur Astanbəyli bəyanatında demiş: “Aqşin çoxdan idi ki, bizim boğazımızda qalmış ətə çevrilmişdi, nə uda bilirdik, nə də qaytara”. Əfəndim, nahaq yerə dişin batmayan əti udmağa cəhd göstərmisən ki, sonra da öz acgözlüyünün və qarınqululuğunun ağrısını çəksən...

adyazar.az