Minimum əməkhaqqı və pensiya artırıldı

Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir

Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı. Bu haqda prezident İlham Əliyevin avqustun 31-də imzaladığı sərəncamda deyilir.

Sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir.

Ölkə başçısının digər sərəncamı ilə isə əmək pensiyalarının baza hissəsi artırılıb. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilir.

Dövlət Sosial Müdafiə Fonduna tapşırılır ki, qanunvericiliklə müəyyən olunmuş müvafiq hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin artırılaraq yenidən hesablanmasını təmin etsin.