Sayman Aruz "Adım Millətçidir, ayaga durun!"














Azadlıq boyun bağısı


Bir payız sabahı, azan çağında
Qoşa gedirdilər iki vətəndaş
Biri ölən idi, biri öldürən
Biri qaşqabaqlı, biri qələmqaş

Qoşa aparırdı çiyin bə çiyin
Kələfçə onları sevgidən betər,
Öləndən soruşdu birdən öldürən
Azadliq nədir ki, ölməyə dəyər?

Dedi bu suala cavab versəm də,
Onu zaman sənin fikrindən silər,
Azadlıq anlamın yalniz mınim tək,
Cəlladın əlindən yapışan bilər.

Ölən vətəndaşın soyuq əlləri,
Cəlladın əlindən isti alırdı,
Bu cavab cəlladı olmayan kimi
Fikirə, qüssəyə, qəmə salırdı

Dedi bəs azadlıq hacan gələcək?
Dedi sən bəlkə də min birincisən,
Qoşa aparıram ciyin bə ciyin,
Azadlıq adıyla öldürürəm mən

Cəlladın gözündən gizlin bir yağış
Astaca süzüldü səsiz, səmirsiz,
Allahın ağacı vaxtsız, zamansız
Allahın ağacı səsiz, səmirsiz

Dedi darıxma ay, yazıq vətəndaş
Gün gələr azadlıq qayıdıb gələr
Azadlıqda bütün Allahlar kimi
Yalnız qan istəyər, yalnız qan içər

Durnalar dünyanın qaranquşları,
Mən də azadlığın qaranquşuyam
Hər kəsin dünyada bir Allahı var,
Mən də bu Allahın vurulmuşuyam

Ancaq səndən mənim son istəyim var,
İraq sevgilimin gözündən iraq,
Çıxart barmağımdan nişan üzüyün
Azadlıq gələndə, barmağına tax

Cəllad üzüyünü alıb adətən,
Taxdı boynundakı boyun bağına
Üzüklər səslənib yeni üzüyə
Xoş gəldin dedilər üzük bagına

Açıldı kələfçə, güllələr səsi,
Ayırdı onları, sevgidən betər,
Azdlıq anlamın, yalnız üzüyü
Üzüklər bağında yaşayan bilər


İntihar edəcək düşüncələrim

Etiraz olubdur bütün varlığım
Çəkibdir sinəmdə özünü dara
Mənə qələm gətir allaha xatir
Səsim boğulubdur barmaqlarimda

Sanki siğişmayir dərimə canım
Alıbdır sinəmi xırıltı səsi
Bir nəfər içimdə ənəl-həqq deyə
Sanki başa çəkir axır nəfəsi

Mənə qələm gətir yoxsa indicə
Kəsib doğrayacaq özünü dərim
Qana boyanacaq məndə bir nəfər
İntihar edəcək düşüncələrim

Girəcək yerilə göy döyuşünə
İnçimdə bir şeytan daşlanacaqdır
Sətirdən sətirə axacaq qanım
Kağız inqilabı başlanacaqdır

O qədər çəkmişəm ögeylər yükün
O qədər sevmişəm sağı soluna
Aynada gördüyüm o mən baxışlı
Həm sənə bənzəyir həmi də ona

Ölmək istəyirəm sətir bə sətir
İndi öz ovcumu açmağım gəlir
Sənə çatmamağım,yetişməməyim
Özümdən qurtulub qaçmağım gəlir


Adım Millətçidir, ayaga durun!

Gedirəm arxamca su səpin mənim
Baxın gözünüzdən itənə qədər
Üzümü tutmuşam günəşə sarı
Gedirəm yolları bitənə qədər

Əlvida deyirəm baxışlarımla
Yalançı məhəbbət yaşayar dildə
Əzəldən yolumuz bir deyildi heç
Gedirəm gəlməyək üz üzə birdə!

Nə üçün gərəkdir qara mərmini
Vətəndaş alnına vətəndaş sıxa
“Nəyimə gərəkdir bu vətən sayaq”
Tüpürüm belənçik vətəndaşlığa!

Qaranlıq gəmirir,divarı, damı,
Bəlkə siz ömürlük yatacaqsınız.
Gedirəm getməsəm məni də bir gün,
Bir qoyun puluna satacaqsınız.

Günəş vətənimdə üfüqlənməyə
Pilləkan yaradır dizimdən mənim
Istemar, istismar, istibdaddansa,
Millətin cəhlidir mənim düşmənin!

Diktator adına şəhər bə şəhər
Milləti sürüyən siz deyilmisiz!?
Dalğa dənizliyin simgəsi deyil,
Dalğanın altında yaşayar dəniz!

Dənizəm, dalğalar üstümdən aşır
Arzuyam durmuşam sonunda yolun
Millətin adı var adımda mənim
Adım Millətçidir, ayağa durun!


Klassik məhəbbət unudulubdur

Mən sənə baxıram, sən ögeylərə
Əl-ələ keçirik xiyabanları
Deyirəm görəsən yerlər dəyişsə,
Kimlərə baxacaq onların yarı?

Burası şəhərdir adı batmasın,
Hər yeri çərçivə, hər yeri divar
Nə bilim bəlkə də məhəbbət harda
Ortadan bölünsə, şəhər yaranar

Nə bilim bəlkə də mənimlə gedən
Ögeylər yarıdı mənim deyildi
Aypara,
Aybəniz,
Aygün,
Aytəkin
Bağışla sevgilim adın nə idi?

Əl-ələ keçirik ama şəklimiz
Ögeylər gözündə qurudulubdur
Postmodern sevirik bir birimizi
Klassik məhəbbət unudulubdur...