İsrail-Fələstin arasında danışıqlar başlayır

Vaşinqtonda İsrail-Fələstin arasında birbaşa danışıqlar başlayır. Hər iki tərəf danışıqlar zamanı sülh razılaşmasının əldə edilməsi fikrini dəstəkləyiblər.

Sentyabrın 1-də Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə danışıqlardan sonra İsrail baş naziri Benyamin Netanyahu Fələstin muxtariyyatının lideri Mahmud Abbası «sülh üzrə ortağı» adlandırıb.

Netanyahu deyib ki, o iki tərəf arasında davamlı sülhün əldə edilməsi üçün zamanın yetişdiyinə inanır. Və əlavə edib ki, istənilən gələcək razılaşmaya İsrailin tələb etdiyi davamlı təhlükəsizlik məsələsi də daxil edilməlidir.

Mahmud Abbas da öz növbəsində sülh razılaşmasının gələn il əldə edilə biləcəyinə inandığını deyib. Fələstin lideri İsraili Qərb sahillərində yaşayış məntəqəsini salmağı dondurmağa çağırıb.

Bundan əvvəl ABŞ prezidenti tərəfləri inamsızlığı keçmişdə qoyub, sülh yolunun tapılması üçün yollar axtarmağa çağırıb.