Ermənilər Sabirin kitabını necə çıxartdılar?

QAN TURALI

Son vaxtlar Mirzə Ələkbər Sabir haqqında iyrənc bir iftira gündəmi tutmaqdadır. Bu iftiranı ona atan alim və təhrikçi qrup haqqında yazmaq belə istəmirəm.

Niyyətim həmin iftiranı təkzib edib gerçəyi oxucularla bölüşməkdir.

Həmin iftiraya görə Sabirin “Hop-hopnamə” kitabını ermənilər çap edibmiş. Çünki Sabir “Harda müsəlman görürəm qorxuram” şeiri ilə ermənilərin ruhunu şad edibmiş.

Sabirin kitabı nəyə görə onun ölümündən sonra çap edildi?

Kitabın çapı üçün yığılan ianəyə kimlər nə qədər pul verdi?

İanəyə ilk dəstək olan kim oldu?

Milyonçular şəhərində nəyə görə pul qəpik-qəpik yığıldı?

Erməni müəllimlərinin rolu nədən ibarətdir?

Professor Abbas Zamanovun 1973-cü ildə çap edilmiş “Sabir və müasirləri” kitabında bu barədə geniş və əhatəli məlumat verilmişdir. Bu kitabda qeyd edilən faktlar üzrə bütün suallara aydınlıq gətirəcəyik.

Sağlığında çıxmayan kitab...

Məlum olduğu kimi Sabir çox kasıb bir həyat yaşamışdı. Sabun bişirib satmaqla ailəsini dolandıran şair Şamaxı kimi mühafizəkar bir mühitdə etiraz səsini yüksək poetik istedadla qaldırmasını da bacarmışdır.

Sabir firəvan yaşasaydı uzun yaşaya bilərdi. Lakin Bakıdakı harın milyonerlər aşnalarına xərclədikləri min-min manatların bir manatını da ona qıymadılar. Sabirin müalicə xərclərini isə bir xanım, Mirzə Cəlilin həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə öz üzərinə götürdü.

Sağlığında isə kitabını görmək ona qismət olmamışdı. Bu barədə Seyid Hüseynin xatirələrində oxuyuruq.

Seyid Hüseyn bir gün Sabirin qolunda qovluq onun yanına gəldiyini deyir. Şair Seyid Hüseyndən xahiş edir ki, qovluqdakı şeirlərə baxsın, bu şeirlərdən ibarət olan kitabın qiymətini şairə desin.

Seyid Hüseyn kitabın qiymətini 400 manatdan artıq bir məbləğ hesablayır. Amma Sabirə 300 manat deyir. Sabirin isə bu qədər pulu olmur. Bu pulu toplamaq üçün onun əqidə dostları çox əziyyət çəkəcəkdilər...

Ölümdən sonrakı heykəl

Sabirin müalicəsi üçün yığılan ianələrin özü ayrıca bir yazı mövzusudur. Bura girməyək. Sabiri xilas etmək mümkün olmadı. 1911-ci ilin 12 iyulunda şair gözlərini yumdu.

Onun ölümü münasibəti ilə mətbuatda xeyli məqalə çap edildi. Məqalələrdə Sabirin şair kimi roluna toxunulurdu. Lakin onları birləşdirən yeganə məqam bu deyildi: Müəlliflər bir ağızdan Sabirin kitabının çıxması zərurətindən danışırdılar.

Pul isə yox idi. Onu toplamaq üçün ianəyə başlandı. Xalqa çağırışlarda “Kaspi”, “Yeni İrşad” qəzeti fəallıq edirdi. Hətta rusdilli “Bakı” qəzeti də aksiyaya qoşulmuşdu.

Bu çağırışlara ilk səs verən bir qadın oldu. Adı Sara xanım Vəzirzadə. II Qız məktəbinin direktoru olan bu xanım məşhur dramaturq Nəcəf bəy Vəzirovun qızı idi. O öz maaşından beş manat Sabir üçün verdi.

Bununla belə uzun müddət kassada cəmi beş manat vardı. Sara xanımın beş manatı.

Qəzetlər dalbadan çağırışlar edirdi. Bakı milyonçularından səs çıxmırdı. Çağırış məqalələrinin tonu da müxtəlif idi: Kimi sərt yazırdı, kimisə xahiş edirdi, kimisi izah. Lakin getdikcə ton sərtləşirdi. Pul isə gəlmirdi.

Əlifba kitabından 15 manat

Uzun müddət bu çağırışlar cavabsız qaldı. Tezliklə məktəblər üçün 3 dərslik çap edildi. Dərslik müəllifləri öz qonararlarından 15 manat Sabirin kitabı üçün ayırdılar.

Yeddi müəllif arasında üç yazıçı vardı: Süleyman Sani Axundov, Abbas Səhhət və Abdulla Şaiq.

1911-ci il başa çatanda cəmi 20 manat pul vardı. Sabirin ildönümünə qədər kitabı çap etdirmək arzusunda idilər.

1912-ci ilin başlarında Abdulla Şaiq “Nicat” qəzetində bir məqalə yazdı. Həmin məqalədə yenə çağırış notları vardı.

Lakin məqalənin bir məqamı dövrün məşhur mollanəsrəddinçi şairi Əliqulu Qəmküsarın eyni problem ətrafındakı yazdığı məqalənin ana fikri ilə səsləşirdi.

Belə ki, Şaiq “sərvət sahiblərinə” ümid olmamağı, bu cür böyük bir işin xalqın dəstəyi ilə görülməsinin vacibliyini yazırdı.

Nəhayət erməni məsələsi

Dilican o zamanlar sevimli istirahət yerlərindən biri idi. Müəllimlər adətən burda istirahət edirdilər.

O zamanın böyük yaradıcılıq enerjisi, tükənməz entuziazmı ilə seçilən müəllimləri tətil vaxtı müxtəlif əsərləri tamaşaya qoyaraq özləri də oynayar, yığılan pulu xeyriyyə məqsədləri üçün istifadə edərdilər. Bu bir ənənə idi.

1920-ci ilin 20 iyulunda azərbaycanlı və erməni müəllimlər Sabirin kitabı üçün iki əsəri tamaşaya qoyub oynadılar. Tamaşaya qoyulan əsərlərin ilki erməni dramaturqu Qabriyel Sundukyanın “Axşamın səbri xeyir olar” adlı dramı idi.

Dramı isə məşhur inqilabçı və müəllim Sultan Məcid Qənizadə təbdil etmişdi. Təbdil əsərin yer, insan adlarının dəyişdirilərək milliləşdirilməsidir.

Tamaşaya qoyulan ikinci dram əsəri isə Vasaq Mədətov Nəzminin “Qırt-qırt” dramı idi.

Tamaşada rolları isə Azərbaycanlı müəllimlər və Tiflisdəki erməni truppasının üzvləri olan bir aktyor və bir aktrisa oynamışdı. Truppa üzvləri öz çıxışlarına görə qonarar da almışdılar.

Tamaşalardan sonra isə şagirdlərin ifasında Sabirin şeirlərini dinlənmişdi. Bu barədə Bakı, Tiflis və Yeravan) mətbuatında çoxlu məqalələr dərc edilmişdi.

Lakin heç bir qəzetdə ermənilərin xalqımızı tənqid etdiyinə görə pul verməsi haqqında bir məlumat yoxdur. Elə olsaydı belə Sabirə son dərəcə sədaqətli olan dostları bu yardımı qəbul etməzdi.

Tamaşada ianələr də toplandı. İanə verənlərin əksəri Azərbaycanlı müəllimlərdi:

Qiyasbəyov, Kərbəlayev, Yeqanov, Tumanyans. Kalantarov-5 manat; Arutyunov, vəkil Xocayev, həkim Məliknubarov, Paralov, Axundov, Muradov, Dilbazov, Qiyasbəyov-3 manat və Oqanov 2 manat 50 qəpik.

İanə və tamaşalardan bir yerdə 179 manat 75 qəpik toplandı. Teatr salonuna, musiqiçilərə, aktyorlara və başqa xərclər çıxılandan sonra 98 manat 19 qəpik “Kaspi” qəzetinə göndərildi.

Və yarımçıq olsa belə kitab

Beləliklə, yığılan məbləğ 120 manata çatdı. Hələ çox pul lazım idi. Sabirin ildönümünə qədər kitabı çap etmək arzusu baş tutmadı. Çağırışlar isə davam edirdi...

Sentyabr ayında Kaspi qəzetində bir Şamaxı dövlətlisinin yardım vədi haqqında yazıldı.

Sonrakı xəbərdə isə naşirlərin sərəncamında 200 manat olması barədə məlumat vardı. Kitab üçün isə 500 manata qədər pul lazım idi.

Buna görə naşirlər Sabirin əsərlərinin bir hissəsini çap etmək qərarına gəldilər. Külliyatı çap etmək üçün pul heç cür yığılmayacaqdı. 1912-ci ildə kitab çap edildi. Kitabda Sabirin 110 satirası yerləşdirilmişdi.

Kitabın əvvəlində Mahmudbəyovun kiçik müqəddiməsi, Sabirin Abbas Səhhət tərəfindən yazılmış kiçik tərcümeyi-halı verilmişdi.

Bəli, “Hop-hopnamə” məhz bu vəziyyətdə çapdan çıxıb. Bu gerçəyi görmək istəməyənlərin nə demələrindən asılı olmayaraq həqiqət məhz bu cürdür.

"Azadlıq" qəzeti