Bloqqerin şikayətinə apelyasiya baxışı təxirə salınıb

Adnan Hacızadə

Bloqqer Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı şikayətinə apelyasiya baxışı oktyabrın 1-ə təxirə salınıb.

Buna səbəb A.Hacızadənin iclasda iştirak etmək arzusunu bildirməsi olub.

Hakim Sahibxan Mirzəyev deyib ki, bloqqerin bu barədə müraciəti məhkəməyə gec daxil olduğundan bunu sentyabrın 17-də keçirilən iclasda təmin etməyiblər.

Vəkil İsaxan Aşurov isə Adnan Hacızadənin məhkəməyə gətirilməsinin niyə təmin olunmadığını anlamadığını deyib.

Bloqqerlər Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Lebanese» restoranında baş verən insidentdən sonra həbs olunublar. Onlar qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinib, Emin Milli 2 il 6 ay, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Bu il avqustun 19-da Ali Məhkəmə bloqqerlərin kasasiya şikayətini təmin etməyib.

Beynəlxalq təşkilatlar hesab edir ki, bloqqerlərin həbsi onların hökumətə qarşı internetdə yaydıqları tənqidi materiallarla bağlıdır.

Adnan Hacızadənin həbs müddətinin yarısını bitirdikdən sonra azadlığa buraxılması ilə bağlı müraciəti birinci instansiya məhkəməsi tərəfindən təmin olunmayıb.