Ən prinsipial dairələrdə namizədlərin razılaşdırılmasına başlanılıb

Müsavat Partiyası və AXCP ən prinsipial dairələrdə namizədlərin razılaşdırılması ilə bağlı sentyabrın 20-də danışıqlara başlayıb. Danışıqlar iki partiyanın sədrləri arasında aparılır.

Müsavat Məclisinin sədri Sülhəddin Əkbərin AzadlıqRadiosuna verdiyi məlumata görə, əsas müzakirə mövzusu dörd dairədə birgə namizədlərin razılaşdırılmasıdır. Onun sözlərinə görə, indiyə qədər 90 dairədə razılıq əldə olunub, 10-dan artıq dairə ilə bağlı danışıqlar aparılır.

Sülhəddin Əkbər bildirir ki, əsas məsələ dörd dairə ilə bağlıdır və əgər iki partiya həmin dairələrdə razılığa gəlsə, bu, tam razılaşma deməkdir.

Amma partiya funksioneri danışıqların davam etdiyini əsas gətirərək nə dairələrin, nə də həmin dairələrdən iddialı partiya üzvlərinin adını açıqlamır. Amma deyir ki, hər iki partiya üzrə bu dairələrdən namizədliyini irəli sürənlər arasında kifayət qədər tanınmış simalar var.