Nərmin Hüseynzadə "Qırmızı ayaqqabımın xatirəsinə"

QIRMIZI AYAQQABIMIN XATİRƏSİNƏ....

Yadımdadır, balaca idim. Qonaqlarımız gəlmişdi Gürcüstandan. Mənə bəzəkli saat almışdılar.

Xasiyyətimdən xəbərsiz olduqları üçün çatan kimi saatı qoluma bağlamışdılar.

Mən isə hec vaxt da itirmədən qollarımı dirsəyə qədər suya salmışdım.

Quyumuzdakı qurbağanı tutmağa çalışırdım. Saatın qolumda olmasını heç vecimə də almamışdım.

Elə ilk gündəcə xarab olmuşdu. Atam açıb günün altına qoydusa da işləmədi, qurumadı...

Həmin gün anam, bacımla mənə qırmızı ayaqqabı almışdı. Ayaqqabılarımız demək olar ki, eyni idi.

Bircə fərq onda gülün mənimkindən bir dənə çox olması idi. Bu da təbii ki, mənim tərəfimdən normal qarşılanmamışdı.

Ölçü fərqləri olduğu üçün dəyişə də bilmirdik. Bir gülün üstündə hamının gününü göy əskiyə bükdüm o gün. Anam səbrinin kluminasiya nöqtəsində durub məni yaxşıca döymüşdü.

Ancaq yenə inadımdan dönməmişdim. Atamın təkidi ilə bacımla ayaqqabılarımızı dəyişmişdik. Ayağıma bir ölçü böyük olsa da...

Nəhayət, yeyib-içəndən sonra qonaqlarımızı gəzdirmək qərarına gəlmişdik. Rayonumuzda gəzməli yer olmadığı üçün məcburən Kür kənarına getmişdik. Hamı körpünün üstündən sakit axan Kürü seyr edirdi.

Döyüldüyümçün qanım bir xeyli qaralmışdı. Ayağımı dəmir tutacaqlardan çıxarıb “qəmli-qəmli” Kürə baxırdım.

Və birdən... Çox faciəvi bir hadisə baş verdi. Ayağımı yelləyəndə ayağıma böyük olan qırmızı ayaqqabımın bir tayı çıxıb düşdü suya. Elə qışqırdım, elə ağlamışdım ki...

Ayaqqabının o biri tayını ayağımdan çıxarıb qaçmışdım atamın qucağına ki, tez ol, düş Kürə, götür ayaqqabımı. Təbii ki, atam razılaşmamışdı. Hələ sizə bacımın ağlaya-ağlaya məni qucaqlamasından demirəm.

Elə hönkürürdü ki, elə bil mən düşmüşdüm suya. Axı itən ikimizin də ayaqqabısısnın bir tayı idi. Həm də mən qırmızı ayaqqabılarımın olmasını çoxdan arzulayırdım...

Bir tay ayaqqabımı qucağıma alıb ağlaya-ağlaya dönmüşdüm evimizə. Anam əhvalatı hamıya danışıb gülsə də mənim kədərim boyumdan daha böyük idi. (boyum da çox balacaydı, bir qarışdım, zatən)

Həyətimizdəki su kranı bütün gün açıq qoyurdum o gündən. Suyun Kürdən gəldiyini bilirdim.

Bir dəfə atamdan “ Krantımızı dəyişək, daha böyük boru alaq. Bəlkə ayaqqabım o borudan gəlib düşdü”, -deyə xahiş etmişdim. Atamsa ilk xahişim kimi bunu da önəmsəməmiş, bolluca gülmüşdü.

O günlərdə hamının gülüş obyekti mən idim.

...Bu hadisədən bir az keçmişdi. Havalar da soyumuşdu. Anamla atam Kürün daşmasından danışırdılar.

Anam onlara diqqətlə qulaq asdığımı görüb gülə-gülə demişdi: “Hamısı sənin ayaqqabına görədi, balaca.

Allah bilir, hara gedib ilişib, nəyin qabağını kəsib aləmi su basıb” O daşqında çoxlu evlər,əkin sahələri su altında qalmışdı. Elə günahkar hiss edirdim ki, özümü...

O gündən bu yana çox zaman ötməsinə baxmayaraq, hər dəfə Kür daşanda qəribə hisslər keçirirəm.

Gülünün biri qopsa da, qırmızı ayaqqabımın tayını hələ də saxlayıram. O mənim əlimin içi boyda unutmadığım qırmızı xatirəmdi....


AÇIQ QAPI... ZİBİL QUTUSU

.... Evimizlə üzbəüz , Mehrac adlı qoca qarının yaşadığı kiçik bir daxma var.

Mehrac nənə o qədər yaşlıdır ki, küçəmizin yanındakı parkda əkilən ən hündür şam ağacının belə əkilməsində iştirak edib.

Bütün gününü deyinməklə keçirən qarı həmişə hamıya eyni şeylər haqqında danışır:

“8 uşağım var, nəvələrimin, nəticələrimin də ki, sayını, hesabını itirmişəm. Hamısı da yaxşı yerlərdə işləyir. Ancaq biri də mənə baxmır.

Yıxılıb ölsəm xəbərləri olmaz. Day yatanda da qapını bağlamıram. Açıq qoyub yatıram ki, ölsəm meyidim iylənməmiş qonum-qonşu xəbər tuta.

Vallah, pullarına ehtiyacım yoxdu. Pensiyamla dolana bilirəm. Bircə qapımı açan istəyirəm. Oda ki, hanı...”

İndisə sizə Mehrac nənənin pis bir vərdişi haqqında yazacam. Demək, bu gözünə döndüyüm nənənin zibillik eşmək kimi bir adəti də var.

Bir də gördün 2 dənə yarpağı atdı vedrəsinə, aşa-aşa getdi zibilliyin yanına. Guya ki, zibil atır. Boş vedrəsini ordakı zir- zibillə doldurub qayıdır evinə.

Kimsə səhvən nəyinisə zibilliyə atsa, heç də narahat olmur. Çünki sonra istədiyi vaxt həmin əşyanı Mehrac nənənin həyətindən tapmaq olar.

Çartlamış bankadan tutmuş, cırıq ayaqqabıya qədər. Axır vaxtlar ayaqları çox ağrıdığından gündüz zibillik tərəfə gedə bilmirdi.

Sürətlə şütüyən maşınlar buna mane olurdu. Artıq “iş rejimini” dəyişən Mehrac nənə gecə maşınlar seyrələn kimi vedrəsini vururdu qoltuğuna, ya Allah...

Keçək küçəmizin və hekayəmin növbəti qəhrəmanı olan Cəfərə. Cəfərin 45-ə yaxın yaşı vardı.

Deyilənə görə, Rusiyada təhsil almışdı. Gözəl əl qabilliyyəti vardı. Sakit təbiətli biri olsa da, uşaqlıqdan yaddaşımda əyyaşlığı ilə qalıb.

Yadımdadı, atam evə gələn kimi ilk işi küçənin başındakı borunun üstündə yatıb qalan, içkili Cəfəri kürəyinə alıb xəstə anasına təfil vermək idi.

Hər dəfə də ayılandan sonra gələr, ədəb-ərkanla atama təşəkkür edərdi. Gündüzlər boş bekar “tində” oturub içməkçün axşamı gözləyirdi.

Axşamüstü olmasına baxmayaraq, küçə bomboş idi.

Nə Mehrac nənə deyinirdi, nə də Cəfər “tində” dayanımışdı. Anam sakitlik olduğunu görüb məni Mehrac nənəgilə göndərdi. Həmişəki kimi qapı açıq idi.

Qorxa-qorxa içəri girdim. Ölməmişdi. Köhnə çarpayısında uzanmışdı. Məni görcək dolumsundu. Otur dedisə də, oturmadım.

Bir az dayanıb yaxşı olduğundan əmin olandan sonra evə döndüm. Küçənin tinini Cəfərsiz görmək qəribə gəldi mənə. Həyətə keçib anama Mehrac nənənin yaxşı olduğunu dedim.

Sonra zarafata salıb üstdən yuxarı qışqırdım: “Gedim Cəfərə də baxıııııım?”.
Gecə düşdü. Atam artıq evdəydi.

Cəfərin yoxluğu onu da təəccübləndirmişdi. Mənsə zarafat etməyə davam edirdim. “Ata bu gün də məni al kürəyinə, apar anamın yanına” -deyirdim

Artıq gec idi. Saatın neçə olduğunu dəqiq bilməsəm də, sakitlikdən çox gec olduğunu bilirdim. Yuxum qaçmışdı. Pəncərənin qabağında oturmuşdum, küçəyə baxırdım.

Yarım saat olardı ki, Mehrac nənə qapıdan çıxıb işıq gələn tərəfə-zibil qablarının yanına getmişdi. Aha, budu Cəfər də gəldi. Həmişəki kimi sərxoş idi. Fit çalırdı.

Divara-daşa dəyə-dəyə özünü sarı qaz boruya çatdırdı. Öz-özümə gülümsəyib yavaşcadan “Gecikmisən atam yatıb, Cəfər dayı” -dedim. Təbii ki, o məni eşitmirdi.

Mehrac nənə isə demək olar ki, görünmürdü. Bükülmüş beli onu elə kiçiltmişdi ki,yaşıl təkərli zibil qabının arxasında itib batmışdı. Diqqətlə onlara baxırdım.

Qarı deyəsən vedrəsini doldurmuşdu qayıtmağa hazırlaşırdı. Zibil qabının arxasından çıxmışdı ki, içəndə bir addım belə yeriməyə heyi olmayan Cəfər birdən ayağa durub, ildırım surətilə evlərinə tərəf qaçdı.

Mən hər şeyi anlamışdım. O, Mehrac nənədən qorxmuşdu.

...Səhər açıldı.

Cəfər tində dayanmışdı. Acıqlı görünürdü. Ağız-burnu da əməlli başlı uçuqlamışdı. Təbii ki, ayıldığına görə gecə onu qorxudanın Mehrac nənə olduğunu bilirdi...

Gün ərzində maraq dayirəmdə yalnız Mehrac nənəylə Cəfər vardı. Deyəsən, Cəfərin də “iş rejmi” dəyişmişdi. Artıq gecə hamı yatandan sonra gəlirdi “tinə”.

...saat 2-idi. Küçədə səs-küy vardı. Tez pəncərənin yanına qaçdım.

Cəfər var gücü ilə zibil qabını itələyirdi. Çətinliklə də olsa, qabları gətirib düz Mehrac nənənin qapısının ağzına qoydu. Birini sağdan, birini soldan.

Özü isə ortada dayanıb dedi: “Al, bayquş, bu da sənə zibilqabı. Eş nə qədər eşirsən.

Bir də burdan ora yol niyə gedirsən? Az qalmışdım dəli olam dünən”

Elə gülməli mənzərəydi ki. Cəfər aşa-aşa evlərinə tərəf getdi. Mənsə bir az gülüb yatdım.

...Səhər gec oyanmışdım yuxudan. Anamı çağırdım, yox idi. Pəncərədən baxdım ki, qonşular küçədədi. Mehrac nənə ölmüşdü. Zibil qabılar da qapısının ağzında idi.

Hamı təəccüb içindəydi. Bu qabların bura necə gəlib çıxdığını başa düşə bilmirdilər...

Amma mən hər şeyi bilirdim... O gün çoxlu ağladım...