Ramiz Əskər: «Boğaza yığılmışam...»

Ramiz Əskər

«Avrasiya Tərcüməçilər Birliyinin yayınları» seriyasından «Türk ədəbiyyatı tarixi» ikicildliyi çapdan çıxdı. Türk ədəbiyyatı tarixini Azərbaycanda toplu halında ilk dəfə təqdim edən kitabı Azərbaycan türkcəsinə uyğunlaşdıran və Son sözün müəllifi Ramiz Əskər bu «İz»in qonağıdır.

--Ramiz bəy, bu yaz Sizin Avrasiya Tərcüməçilər Birliyinin rəhbəri seçilməyiniz barədə xəbər vermişdik. Belə çıxır, Birliyin ilk kitabı işıq üzü görüb...


--Elədir. Avrasiya Tərcüməçilər Birliyi apreldə Ankarada yarandı. Avrasiya Yazarlar Birliyinin tərkibində yaratdıq ki, guya Tərcüməçilər Birliyi də olsun. Guya bəzi planlarımız vardı...

PULLARI YOXDUR!

--Niyə guya deyirsiniz?

--Vallah, bütün bu işlərə para lazımdır, pul lazımdır. Gərək mən gedəm orada oturam, yer verələr...

--Bəs niyə bütün bunları həll eləmirlər?

--Eləyə bilmirlər, pulları yoxdur, iqtisadi sıxıntı var. Məni burdan ora qiyabi oxuyan tələbə misalında sədr seçiblər. Nə isə, dedik bir silsilə başlayaq. Qərara gəldik ki, bu kitabı buraxaq—«Türk ədəbiyyatı tarixi»ni. Bu, Türkiyə ədəbiyyatı tarixidir. Çox dəyərli kitabdır. Çünki bizdə bu kitaba filoloji ehtiyac var. Azərbaycanın bəzi ali məktəblərinin, xüsusən də Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültələrində türk ədəbiyyatı tarixi, türk ədəbiyyatı tədris olunur. Bəzi universitetlərdə regionşünaslıq bölümləri var. Məsələn, Slavyan Universitetində. Orada Türkiyəni keçəndə, təbii ki, ədəbiyyatını da keçirlər. Bizdə belə bir dərslik yoxdur.

BİZ TÜRK ƏDƏBİYYATINDAN XƏBƏRSİZİK!

Biz sanki Türkiyəni də bilirik, ədəbiyyatını da. Amma faktiki bixəbərik. Olsa-olsa, Nazim Hikməti, Əziz Nesini və s. bilirik. Burda isə başlanğıcdan--Səlcuqlu dövrü, Osmanlı dövrü, Cümhuriyyət dövrü--ta 1960-cı ilə qədər əhatə olunub. Deməli, bütün tarixi, məktəbləri, dönəmləri haqında məlumat var kitabda. İstədik ki, tələbələrimiz yararlansınlar. İki cild halında buraxdıq. Mən də Azərbaycan türkcəsinə uyğunlaşdırdım. 1-ci cild 602 səhifədir, 2-cisi 658 səhifə.

İDEYA ANAR MÜƏLLİMDƏN GƏLDİ

--Belə bir kitabın yaranma ideyası kimdən gəldi?


--İnişil Anar müəllim Ankarada Avrasiya Yazıçılar Birliyində olanda, dedi ki, belə bir kitab olsaydı, yaxşı olardı. Qayaxan Özgül bu işi boynuna götürdü. Dedi ki, dəyərli hocalarımızın ayrı-ayrı dönəmlər üzrə araşdırmalarını bir araya gətirək. 8 professor, 10 dosent hərəsi bir bölməni yazdı. Qayaxan Özgül də kitaba Ön söz yazdı, mən də Son söz.

--Kitabda diqqətimi bir məqam çəkdi. Qayaxan Özgül yazır ki, uzun illər Azərbaycan ədəbiyyatına dair araşdırmaları biz Türkiyədə tapa bilmirdik. Qara siyahıdaydı onlar. Taleyin işinə bax ki, məcbur olub okeanın o tayından---ABŞ-dan sifarişlə gətizdirirdik...

MƏTBƏƏYƏ 875 DOLLAR BORCUM VAR

--Hə, onu Ön sözdə yaxşı yazıb. Deyir, bir vaxt çar hökuməti mane oldu, sonra Sovetlər, daha sonra əlifba fərqi. «Dəmir pərdə» və bir-birimizdən ayrı düşdük. Madam ki, müstəqil dövlətlərik, bir-birimizin ədəbiyyatını öyrənək. Hə, işə başladıq. Deyəsən, Mir Mehdi Seyidzadənin sözüdür. Deyir:

Otururam hər cümə, eyləyirəm tərcümə.
O da ki, gərək olur xırda-xuruş xərcümə...

Özü də «ü»ylə deyir. İndi mən tək cümə günü yox, 4-5 ay gündə 18 saat oturub bunu çevirdim. İmkan daxilində çalışdım ki, orijinala yaxın olsun. Amma bir-iki problemimiz oldu. Avrasiya Yazarlar Birliyi söz verdi ki, tərcüməyə yox, çapa pul ödəyəcək. Biz də hesabladıq ki, çap 3 min manata başa gələcək. Onlar da 3 min dollar göndərdilər. İndi mənim 875 dollar mətbəəyə borcum var...

MÖHTƏŞƏM «DİVAN»IN TƏRCÜMƏÇİSİ ÖZÜNÜ KİMƏ BƏNZƏTDİ?..

--Bəs «xırda-xuruş xərcimə» məsələsini necə həll edəcəksiniz?

--Sevda xanım, mən Azərbaycan xalqının, həm də ziyalılarının hambalıyam.

-- Elə deməyin. Siz o möhtəşəm kitabın--Kaşqarlı Mahmudun «Divan»ının tərcüməçisiniz...

--Hamısı bir yana, mənim üçün ən böyük dərd bu kitabları ünvanlara çatdırmaqdır. Gərək hər kəsə zəng edəm, bir 100 konturluq danışam, soruşam ki, nə vaxt zamanınız var, gətirim evinizə. O da deyə ki, yox, bu gün gəlmə, işim var, filan vaxt gətirərsən.

BOĞAZA YIĞILMIŞAM...

Hər gün 10 ədəd bu kitabdan götürürəm, ikisi kilo yarımdır, minirəm taksiyə, min bəla ilə ünvanlara çatdırıram. Boğaza yığılıram. Yeni Yasamalda yaşayıram. Oranı kim tanıyır? Ona görə də, məcbur olub özüm paylayıram. Hələ 100 ədədini Ankaraya göndərməliyəm. Hər 5 kilosu 25 dollar edir. Mən neyləyim? Məcbur oluram, gedəndən-gələndən 3-5 ədəd göndərirəm. Özüm gedəndə üstümdə heç nə götürmürəm, öz haqqıma kitablar aparıram. Orda iki uşağım oxuyur. Onlara da yemək-içmək götürmürəm ki, kitaba qalsın. Uşaqların anası da bezib. Bir sözlə, mən zülm içindəyəm. Mən məhv oluram. Günün birində yıxılıb gedəcəyəm...

--Ramiz Əskər niyə bu durumdadır?

--Bu işi kim etməlidir?

--Ramiz Əskər bu sualı niyə verilişin aparıcısına ünvanladı?

--Aparıcı nə cavab verdi?
--Ramiz Əskər niyə «heç kəs kitab almır, heç kəsə kitab lazım deyil!» hökmünü verdi?

--90 min km2-lik Azərbaycanda Ramiz bəyin niyə 9 m2-lik yeri yoxdur?

--Doğrudanmı, üzü Həsən bəy Zərdabidən bu yana Azərbaycan ziyalıları bu keşməkeşli yolu keçməli, ölənə qədər «mənim heç nəyim yoxdur» söyləməli, elə Həsən bəy kimi quru taxtın üstündə can verməlidirlər?

--Azərbaycan ziyalısı nə etsin, kimi günahkar saysın--Vətəni, milləti, dövləti, ya özünü?

«İz» qarşınızdadır. Özünüz dinləyin.