Yuri Lujkovun istefası məsələsi

Dmitri Medvedev Yuri Lujkovu dinləyir, 27 may 2010

Moskva meri Yuri Lujkovun istefası məsələsi Qərb mətbuatının diqqət mərkəzindədir.

Britaniyanın «The Guardian» qəzetinin şərhçisi Saymon Tisdoll yazır ki, Moskva merinin istefaya göndərilməsi idarəolunmaz partiya bossunun səhnələşdirilmiş siyasi qətlidir:

«Bu aksiya sovet dönəmindəki qiyamların əks-sədasıdır. Belə olaylar baş verən ölkəni isə normal ölkə saymaq olmaz».

Britaniyanın «The Independent» qəzeti baş verənləri «Rusiyadakı siyasi mübarizənin gizlinlərini görmək üçün nadir şans yaradan hakimiyyət uğrunda eybəcər mücadilənin kulminasiyası» adlandırıb.

ABŞ-ın «The New York Times» qəzeti isə Lujkovu Moskva merliyindən kənarlaşdırmaq qərarını «Medvedevin prezidentliyi dönəmində qəbul etdiyi ən vacib qərar»ı kimi qələmə verib. Məqalə müəllifi yazır ki, dövlət başçısının məqsədlərindən biri hər an özü ilə hesablaşmağı tələb etməyə hazır olan Baş nazir Putinin əlində alətə çevrilmiş siyasi gücü zərərsizləşdirməkdir.

«The Wall Street Journal»
isə hesab edir ki, Lujkovun vəzifədən uzaqlaşdırılması Medvedevin imicinə böyük zərbədir:
«Meri tez və diqqəti cəlb etmədən istefaya göndərməkdənsə, prezident Lujkovla ictimai rezonansa səbəb olan ciddi mübarizəyə başlayıb».