«Maxxi»yə «Oskar» verilib

«Stirlinq» mükafatına layiq görülən «Maxxi» Muzeyinin layihə müəllifi əslən Bağdaddan olan Zaha Haddiddir. Onun müəllifi olduğu layihələrdən biri Azərbaycanda gerçəkləşdirilir.

Romanın müasir «Maxxi» incəsənət muzeyi Britaniyanın ən hörmətli memarlıq mükafatı hesab olunan «Stirlinq» mükafatına layiq görülüb.

Şotland memarı Ceyms Stirlinqin adını daşıyan 20 min funt dəyərində olan bu mükafat artıq 15 ildir ki, Britaniya memarlığına ən çox fayda gətirən və Avropada (binanın ən azından layihəsi Britaniyada hazırlanmalıdır) tikilmiş ən yaxşı binanın memarına verilir.

Bu il belə qənaətə gəlinib ki, «Maxxi» bütövlükdə Avropa memarlığına ən çox fayda verən binadır. Bu binanın layihə müəllifi əslən Bağdaddan olan (1950-ci ildə Bağdadda doğulub) britaniyalı memar Zaha Hadiddir. O, 2004-cü ildə nüfuzlu Pritsker mükafatına layiq görülən ilk xanım memardır. «Maxxi»yə görə isə xanım Hadid bu yaxınlarda RIBA mükafatı alıb.

QALİB AZƏRBAYCANDA DA LAYİHƏ MÜƏLLİFİDİR


Xanım Hadid həm də 2012-ci il London Olimpiya Oyunlarında su idman növləri mərkəzinin layihə müəllifidir. İspaniyada Zaragoza körpüsü və «BMW»-nin Almaniyada mərkəzi binası da Zaha Hadiddir yaratdıqlarındandır.

Xanım Hadidin müəllifi olduğu layihələr Azərbaycandan da yan keçməyib.

Nərimanov rayonu ərazisində tikilən Heydər Əliyev Mərkəzinin layihə müəllifi də Zaha Hadiddir.

«RUH YÜKSƏKLİYİ YARADAN MUZEY...»


O ki qaldı «Maxxi» muzeyinə Stirlinq mükafatının sahibini müəyyənləşdirən münsiflər heyəti deyib ki, bu muzeyin işıqlarla idarə olunan tavanı, pəncərə məhəccərləri və ordan saçan şəfəq seyrçiləri yönəldir və heyrətləndirir, onlarda ruh yüksəkliyi yaradır:

«Bu, yetkin, illərin təcrübəsindən süzülmüş bir memarlıq işidir. Bu muzey xanım Hadiddir müəllifi olduğu ən yaxşı layihədir».

Rəsmi açılışı bu ilin may ayında olan «Maxxi» muzeyinin tikintisi 150 milyon avroya başa gəlib. Tematik baxımdan muzey iki hissədən ibarətdir – biri demək olar ki, büsbütün XIX-XXI əsr memarlığına, digəri isə müasir incəsənətə aiddir. Muzeyin ekspozisiyası daim yenilənir.

Ötən il isə Stirlinq mükafatına Şotlandiyanın Parlament binası və Londonun «Gherkin» qülləsi layiq görülmüşdü.

Builki siyahiya isə həm də Londonun şərqində yerləşən çoxfunksiyalı «Bateman's Row» kompleksi, Londonun cənub-qərbindəki «Clapham Manor» ibtidai məktəb binası, Quildforddakı «Christ's College» Məktəb binası, Berlindəki «Neues» Muzeyi və Oksforddakı «Ashmolean» muzeyi daxil edilmişdi.

Tərcümə edəni: Ülkər Akifqızı