Ödənişli təşviqat cibə uyğundurmu?

Namizədlərin təşviqi üçün qəzetlər hər kvadratsantimetri 80 qəpikdən 2 manat 40 qəpiyə ayırırlar
İndiyə qədər ödənişli təşviqat aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 44 kütləvi informasiya vasitəsi müraciət edib. Onlardan biri internet qəzeti olmaqla 28-i gündəlik və həftəlik qəzetlərdir. 11-i informasiya agentliyi, 3-ü regional televiziya, 2-si isə radiodur. Paytaxtdan yayımlanan televiziyalardan heç biri ödənişli təşviqat üçün MSK-ya müraciət etməyib.

RADİODA ÇIXIŞ İSTƏYİRSƏNSƏ DƏQİQƏYƏ 500 MANAT ÖDƏ

Radiolarda bir dəqiqəlik çıxış üçün namizədlərdən 500 manat istənilir. Ümumilikdə 22 günlük təşviqat kampaniyası üçün radiolar namizədlərə efir vaxtını 700 manatdan 2500 manata qədər təklif edirlər. Pullu təşviqata qoşulan üç regional televiziya bu məqsədlə namizədlərə efirin bir dəqiqəsini həftənin günlərindən asılı olaraq 200 manatdan 500 manata təklif edir. Hələ bu qiymət son deyil. Konkret seçilmiş vaxtın hər dəqiqəsinə görə namizəd 15 faiz, seçki təşviqatının sonuncu günündə çıxış üçünsə 25 faiz əlavə vəsait ödəməlidir.

11 informasiya agentliyi parlament seçkilərində fərdi qaydada iştirak edəcək namizədlərə 21 kb-lıq informasiya yerləşdirilməsi üçün aylıq 800-1000 manat, siyasi blok və partiyalar üçünsə 1000-3000 min manat qiymət təklif edir.

Namizədlərin təşviqi üçün qəzetlər hər kvadratsantimetri 80 qəpikdən 2 manat 40 qəpiyə ayırırlar. Namizəd haqqında bir dəfə olmaq şərti ilə bir səhifə təşviqat materialını 100 manatdan 900 manata təklif edirlər.

“TƏŞVİQAT DÖVRÜNDƏKİ REKLAM QİYMƏTLƏRİ ADI GÜNLƏRDƏN FƏRQLƏNMİR”


Misal üçün “Yeni Müsavat” qəzetində birinci və 16-cı səhifə istisna olmaqla deputatlığa namizəd bir dəfə, bir səhifəlik təbliğat materialı vermək istəyirsə 800 manatından keçməlidir. Bu qəzetin baş direktoru Ələsgər Süleymanov qiymətləri normal sayır. Deyir seçki ərəfəsində təklif etdikləri reklam qiymətləri adi günlərdən fərqlənmir və seçkiyə görə qiymətləri artırmayıblar. Baş direktor qiymətləri reallığa uyğun sayır. Ancaq onu da deyir ki, indiyə qədərki seçkilərdə bir nəfər də olsun ardıcıl bir neçə dəfə reklam roliklərini qəzet səhifəsində yerləşdirməyib:

“Davamlı şəkildə olmur, olanda bir dəfə olur və kimsə öz platformasını bütöv və yarım səhifədə yerləşdirir. Bir təbliğat materialı 10 gün bizim qəzetdə getsin, belə bir hal heç vaxt olmayıb”.

Zeynal Məmmədli
“BU O DEMƏKDİR Kİ, PULSUZ İNSANLAR TV-YƏ YAXIN GƏLMƏSİN”

Regional televiziyaların reklam qiymətlərinə gəlincə, teletənqidçi Zeynal Məmmədli namizədlərin bir dəqiqəlik çıxışı üçün 500 manat istənilməsini həddən artıq böyük məbləğ sayır:

“Regional TV-lərdə o cür qiymət qoymaq, bu yalnız pulu olan bəlli insanları seçkiyə həvəsləndirməkdir, yəni pulsuz insanlar TV-yə yaxın gəlməsin”.

Zeynal Məmmədliyə görə, bu məsələdə məntiq tapmaq olar, amma həmin məntiq orta təbəqənin mövcud olmadığı Azərbaycan reallığına uyğun deyil. Teletənqidçi hesab edir ki, televiziyalarda seçki təbliğatı ictimai iş olduğundan qiymətlər təyin ediləndə ictimai rəy hökmən nəzərə alınmalı idi.

ÇOX İSTƏYƏN AZDAN DA QALAR

Yeni Azərbaycan Partiyasının üzvü, seçicilərin "Şınıx təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülən deputatlığa namizəd Nazim Məmmədov da KİV-də elan olunan reklam qiymətlərini reallığa uyğun saymır.

O deyir ki, dəqiqəsi 500 manata nə televiziyalarda, nə də radiolarda çıxış edəcək. Nazim Məmmədova görə, qəzetlərin bir səhifəsinə 800 manat verməkdənsə hansısa qəzetin xüsusi buraxılışını çap etdirmək daha sərfəlidir. İqtisadçı hesab edir ki, seçki ərəfəsində KİV-lər ucuz reklam qiymətləri təklif etməklə daha çox pul qazana bilərlər:

“Mən bu qiymətləri real saymıram və hesab edirəm ki, qapı-qapı gəzib məlumatları çatdırmaq daha sərfəlidir, nəyinki KİV-də reklam vermək”.

“BU REKLAMDAN ÇOX, HAKİMİYYƏTİN MÜXALİFƏTƏ QARŞI İQTİSADİ TƏZYİQİDİR”


Fuad Qəhrəmanlı
“AXCP-Müsavat” seçki blokunun vahid namizədi Fuad Qəhrəmanlıya görə isə, KİV-in seçki təşviqatı ilə bağlı elan elədiyi reklam qiymətləri hər tərəfdən sıxışdırılan müxalifətin imkanları ilə heç cür uyğun gəlmir. Fuad Qəhrəmanlı deyir ki, bu reklamdan çox hakimiyyətin müxalifətə qarşı iqtisadi təzyiqidir. Yəni heç bir zorakılıq işlədilmədən elə qiymətlər müəyyənləşdirilir ki, Azərbaycan müxalifətində təmsil olunan və hakimiyyətlə hər hansı bağlılığı olmayan, biznes imkanları olmayan şəxslərin həmin reklam vaxtlarından istifadə etməsi mümkün olmasın. Bu müxalifətə qarşı iqtisadi təzyiqdir.

“AXCP-Müsavat” seçki bloku qeydiyyata alınacağı halda bu blokdakı namizədlərin İctimai Televiziyada pulsuz çıxış imkanları olacaq. Fuad Qəhrəmanlı deyir ki, bu da olmasa onlar yalnız dairələrdə görüşlər keçirmək və ya bukletlər paylamaq kimi təşviqat üsullarından istifadə edəcəklər.

Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabrın 7-də keçiriləcək.