-
Şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinib.
Vüqar Həşimovun 2010-cu ildə AzadlıqRadiosuna verdiyi müsahibə:
Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının sabiq üzvü, 3 dəfə ölkə çempionu, dünyanın reytinq sıralamasında 26-cı mövqedə duran Vüqar Həşimov AzadlıqRadiosuna müsahibə verib. O, müsahibədə son zamanlar ətrafında yaranmış bəzi məsələlərə münasibət bildirib. Müsahibəni təqdim edirik:
- Son 10 ildə Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının daimi üzvü, 3 dəfə ölkə çempionu, dünyanın reytinq sıralamasında 26-cı mövqedə duran və nəhayət, Azərbaycanı həlledici qələbəsi ilə Avropa çempionu edən Vüqar Həşimov son olimpiadada nə səbəbə iştirak edə bilmədi?
Sizin brauzer HTML5-i dəstəkləmir
MƏNİ HEÇ KİM HEÇ BİR YERƏ DƏVƏT ETMƏYİB…
- Açığı mən özüm də sona qədər səbəbləri bilmədim. Çünki mənim haqqımda deyilənlər hamısı yalan, şər-böhtandır. Məni heç kim heç bir yerə dəvət etməyib. Nə hansısa görüşlərə dəvət etməyiblər, nə də Vüqar Həşimov özü-özünü yığmadan uzaqlaşdırıb. Federasiyanın vitse-prezidenti Mahir Məmmədov deyir ki, onu biz Prezident Kubokuna dəvət etmişik. Ancaq Federasiyanın prezidenti həm Elman Rüstəmov, həm də vitse-prezident Faiq Həsənov, yarış ərəfəsində o vaxtı müsahibələri olub və bu müsahibələr hal-hazırda da internetdə var. Hər ikisi deyib ki, bu federasiyanın şəxsi işi olub və buna görə də onlar məni dəvət etməyiblər. Bu açıq-aşkar həmin müsahibələrdə var, yəni bu da digər tərəfdən göstərir ki, nə qədər yalandır.
- Federasiya rəhbərliyi sizinlə görüşə çalışsalar da, bunun baş tutmadığını bildirirlər. Sanki belə təəssürat yaradılır ki, yığmaya dəvət etmək istəyiblər, amma siz soyuq yanaşmısınız?
«YIĞMADA AZƏRBAYCAN XALQINA GÖRƏ OYNAMIŞAM»
- Mən sizə açıq deyim. Mən yığma komandada nə federasiyaya görə oynayıram, nə də kiməsə görə oynayıram. Mən azərbaycanlıyam və həmişə Azərbaycan xalqına görə oynamışam. Bundan başqa hamı bilir ki, mənim sağlamlığımla bağlı problemlərim olub. Sağlamlıq problemlərim olan vaxt mən çox az şahmat oynayırdım. 7 ildən artıq müddət mən ümumiyyətlə şahmata hazırlaşmamışam. Hətta o zamanlar da, sağlamlıqla bağlı problemlərim olmasına baxmayaraq, mən yığma komandada hər zaman oynamışam.
Heydər Əliyev kimi dahi bir insanın yaratdığı, bünövrəsini qoyduğu hal-hazırdakı yığma komandanı bu Mahir Məmmədov kimi insanlar dağıdırlar. Olimpiya yeganə yarışdır ki, hansı ki, mən heç bir zaman ondan imtina eləməmişəm.
- Siz «komanda daxilində qruplaşma» yaratmaq cəhdində günahlandırılırsınız. Bu ittiham nə qədər əsaslıdır?
- Mənim komanda yoldaşlarımın da müsahibələri çıxıb. Həm də ki, yığmanın kapitanı Zurab Azmayparaşvili də müsahibələrində məni müdafiə edib. Əgər bütün yığmanın mənim tərəfimi tutmağımı qruplaşdırma adlandırırlarsa, onda neyləmək olar. Əgər yığma bildirirsə ki, heç bir problem yoxdur, onda hansı qruplaşmadan söhbət gedə bilər?
- Sizin komandanın kapitanı Zurab Azmayparaşvili ilə mübahisə etdiyiniz də səbəb kimi göstərilir.
«KOMANDA MEDALSIZ QALACAQ…»
- Hər bir idmançı bilir ki, oyunçuların öz arasında, ya da kapitanla, məşqçi ilə arabir problemlər olur. Amma kiçik bir problemi şişirtmək doğru deyil. Zurab Azmayparaşvili özü də deyib ki, mən demişdim ki, Vüqar Həşimovsuz getmək olmaz, komanda medalsız qalacaq. Özü də mənə deyib ki, o məni yığmada görmək istəyirdi, hazırda onunla mənim heç bir problemim yoxdur.
- Onda dünya çempionatının son turunda oyuna çıxmamağınıza aydınlıq gətirin. Belə deyilir ki, Zurab sizin oynamağınızı istəyib, ancaq siz imtina etmisiniz.
- Dünya çempionatında mən tam sağlam deyildim, problemlərim vardı. Şahmat nəticələrimə də çox pis təsir göstərdi. Buna görə də oynamaq istəmirdim.
- Azərbaycan üçün həlledici olan həmin oyunda Teymur Rəcəbov da oynamamışdı. Ancaq nədənsə təkcə siz qınaq obyekti oldunuz. Niyə?
«MƏNİ AZƏRBAYCAN XALQININ QARŞISINDA PİS GÖSTƏRMƏK İSTƏYİRLƏR.»
- Çünki məni Azərbaycan xalqının qarşısında pis göstərmək istəyirlər. Ancaq bu belə deyil. Hamı bilir ki, Avropa çempionatında son oyunu oynayanda mən 7 saatdan artıq oynadım ki, Azərbaycanı çempion edim. İndi kimlərinsə məni ittiham etməsi çox gülüncdür. Üstündən bir müddət keçəndən sonra mən həmin Nakamura ilə hansı ki, həmin oyunda onunla oyun alınmamışdı, bu yaxınlarda İspaniya birinciliyində oynadım və qələbə qazandım. İnanın ki, əgər orda da oynamaq gücündə olsaydım oynayıb qələbə qazanardım.
Mənə elə gəlir ki, ümumiyyətlə Mahir Məmmədov bu kampaniyanı başlayanda bəzi belə deyək media nümayəndələrini artıq ələ keçirmişdi, onlardan bu məlumatları verirdi ki, Vüqar Həşimov erməni klubunda oynadı, Vüqar Həşimov belə elədi. Yəni bu yalan məlumatlardır. Bundan istifadə edərək sizə və Azərbaycanın bütün media üzvlərinə minnətdarlığımı bildirirəm ki, siz hamınız, doğurdan da doğrunu göstərdiniz, onların yalanlarını ifşa elədiniz. Azərbaycan xalqı doğurdan da hər şeyi bildi.
- Yığma komandaya dəvət edilməməyinizin səbəblərindən biri kimi Kasparovun adını daşıyan komandada oynamağınız göstərilir? Bu barədə nə deyərdiniz?
- İspaniya çempionatında Kasparovun komandasının olması özü gülüncdür. Bu mümkün deyil. Hamı bilir ki, İspaniya çempionatında Kasparovun komandası ola bilməz. Sadəcə olaraq Fernando Markoti bu klubu yaradanda 1991-ci ildə brend üçün Kasparovu dəvət etmişdi. Kasparovun orada adı gedib. Fernando Markoti də bir neçə ildir ki, vəfat edib. Kasparovun adı qalıb. O klub ümumiyyətlə, özü Azərbaycan dilində desək, kiçik bir rayondur. Kasparov kimi insanın adı olması, o zamanlar sadəcə brend olub. Sonradan bu klub İspaniya çempionu olub və s. Əlbəttə ki, belə tarixi olan klubun adı dəyişilmir.
- Gələn il həmin komandada oynamaq fikrindən daşınmağı düşünmürsünüz?
- Mən keçən ildə o klubda oynamışam, iki il əvvəl də o klubda oynamışam. Bu il də çempion olmuşam. Kasparovun adını o klubda olması heç bir əsas vermir ki, o klub erməni klubudur.
Bundan əlavə Mahir Məmmədov özü də deyir ki, Teymur Rəcəbov Akopyanla bir neçə il bir komandada oynayıb, Uralda oynayıb, Bosniyada oynayıb. Yəni belədirsə, hər halda mən ermənilərlə heç vaxt bir klubda iştirak eləməmişəm və iştirak da eləməyəcəyəm.
Teymur Rəcəbova ARDNŞ, Şəhriyar Məmmədyarova isə Dövlət Sərhəd Xidməti himayədarlıq göstərir. Bəs sizə hansı qurumu təhkim ediblər?
ÜRƏK AĞRIDAN MƏSƏLƏ…
- Çox ürəkağrıdıcı məsələdir. Çünki dediyim ki, mən şahmata 7 ildən sonra qayıtdım. 2008-ci ildə şahmatda hazırlaşmağa başladım. O zaman Bakıda qran-pri keçirilirdi. Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun reytinqi o yarışa düşürdü. Mən də o zaman Azərbaycanın üçüncü şahmatçısıydım. O yarışa dəvət aldım. Həmin yarışda qələbə qazandım. Qələbə qazanandan sonra ona qədər kömək vardısa, artıq yavaş-yavaş yox olmağa başladı. Neçə vaxtdır, 1-2 ildir, sıfır dərəcəsinə çatıb. Bu doğurdan da çox pisdir. Çünki keçən il cənab prezident şahmatın inkişafı ilə bağlı sərəncam imzalamışdı. Orada mənim kimi səviyyəli şahmatçılara hər bir kömək olması haqqında göstərilib. Ancaq çox təəssüf ki, bunu heç biri görünmür.
Təəssüf edirəm ki, hal-hazırda belə bir hal . yəni belə bir hadisələr baş verir, ona görə mən deyirəm, cənab prezidentə məktub da yazmışdım. Çox təəssüflər olsun ki, o da çatmayıb. İnanıram ki, sonunda cənab prezidentə bu məsələlər hamısı çatdırılacaq və tədbir görüləcək.
- Avropa çempionu olmağınız münasibətilə oyunçulara ev hədiyyə edildiyi bildirilir. Sizə də bu hədiyyə oldumu?
Avropa çempionu olması münasibəti ilə yox, cənab prezident mənə 2007-ci ildə mənzil verib. Mən dəfələrlə demişəm ki, mənim şahmat karyeram ulu öndərdən başlayıb və şahmata da qayıdışım cənab prezidentdən başlayıb.
Yığmaya dəvət edilməməyiniz sizə mənəvi təsiri olubmu? Şahmatda psixoloji hazırlıq mühüm amillərdən biridir. Özü də nəzərə alaq ki, bu yaxınlarda Nankində sabiq və yeni dünya çempionlarının, habelə hazırda dünyanın ən reytinqli şahmatçısının iştirak edəcəyi çox mötəbər turnirdə iştirak edəcəksiniz.
«ÇOX İSTƏRDİM YIĞMAMIZI OLİMPİYA ÇEMPİONU EDİM…»
- Əlbəttə, necə olmasa da olur. Çünki şahmata başlayanda arzusu yığmada oynamaq olur. Komanda Avropa çempionu oldu, çox istərdim yığmamızı olimpiya çempionu da edim. Azərbaycan şahmat yığması heç vaxt olimpiadada medal qazanmayıb. Azərbaycan yığmasının bayrağı qaldırılması, himninin səsləndirilməsini çox istəyərdim. Belə bir şansdan məni məhrum eləmələri sözsüz ki, öz təsirini göstərəcək. Ancaq hal-hazırda hazırlaşmalıyam, artıq bu olimpiada keçdi, ümid edirəm ki, mənə qarşı olan yalanlar-böhtanlar, şərlər bitəcək, mən yığmaya qayıdacağam.
- Gələcək fəaliyyətinizi yığmada necə görürsüz, dəvət gəlsə, qəbul edəcəksinizmi?
- Əgər federasiyaya və yığmaya dəvət alsaydım, böyük məmnuniyyətlə gedərdim. Ancaq belə bir dəvət gəlmədi. Nə prezident kubokuna, nə yığma komandaya, nə də yaradılan Azərbaycan klubuna.
- Gənclər idman naziri Azad Rəhimov sentyabrın 6-da keçirdiyi mətbuat konfransında demişdi ki, sidən izahat istəyirlər, federasiyaya dəvət edirlər, ancaq getmisiz.
- Bunu bir də bildirim ki, mən heç bir yerə heç bir zaman dəvət almamışam. Əgər belə bir dəvət alsam, böyük məmnuniyyətlə qəbul edib gedəcəyəm.
ŞAHMAT FEDERASİYASI: «SƏHVLƏRİNİ ETİRAF EDİB QAPINI DÖYMƏLİDİR…»