Heç bir partiya parlamentdə 55 yerdən artıq qazana bilməyəcək

Oş şəhərində təbliğat kampaniyası

Oktyabrın 10-da Qırğızıstanda parlament seçkiləri keçiriləcək. Amma bu, sıradan bir seçki deyil. Orta Asiyada ilk dəfə olaraq parlament respublikası qurulur.

İyunda Konstitusiya dəyişikliyi ilə bağlı referendumdan sonra Qırğızıstanda prezidentin səlahiyyətləri azaldılıb, ölkəni parlament seçkilərində ən çox səs qazanacaq partiyalar idarə edəcəklər.

Seçkidə nə az-nə çox 29 partiya iştirak edir. Onlar parlamentdəki 120 yer uğrunda mübarizə aparırlar.

Parlament seçkilərindən sonra yeni hökumət qurulacaq və indi prezident səlahiyyətlərini müvəqqəti icra edən Roza Otunbayeva daha çox seremonial fiqur olacaq.

Indi Roza Otunbayevanın əsas diqqəti seçkinin təşkilinə yönəlib.

O deyir ki, narahat bölgələrdə - Oşda və Cəlalabadda

YENƏ ARANI QARIŞDIRIB İĞTİŞAŞ YARATMAQ İSTƏYƏNLƏR OLA BİLƏR

Amma onun sözlərinə görə, bu dəfə hökumət hazırlıqlıdır, polis üçün xüsusi vasitələr alınıb.

Bundan başqa seçki günü – oktyabrın 10-da hüquq-nühafizə orqanları iş başında olacaqlar. Prezident hesab edir ki, bütün bu tədbirlər seçkilər zamanı asayişin qorunması üçün yetərlidir.

Gözlənilir ki, seçkilərdə qələbəni – aprel ayında prezident Bakiyevi devirmiş partiyalar qazanacaq. Bunlar keçmiş spiker Omurbek Tekebayevin “Ata meken” partiyası və keçmiş baş nazir Almaz Atambayevin Sosial-Demokrat Partiyasıdır.

Temir Sariyevin Ak-Şumkar partiyasının da yaxşı nəticə göstərəcəyi gözlənilir.

Azadlıq Radiosunun qırğız xidmətinin keşmiş rəhbəri Tinclikbek Txoroyev deyir ki, axır aylarda siyasi arenada qüvvələr nisbətində ciddi dəyişikliklər baş verib.

Çünki millətlərarası toqquşma və ölkənin şimalı və cənubu arasında mövcud olan ziddiyyətlər seçkini proqnozlaşdırmağı çətinləşdirir.

“7 aprel inqilabından sonra ölkədə ən güclü partiyalar “Ata məkan” partiyası və Sosial-demokrat partiyası idi. Amma iyundakı

QANLI TOQQUŞMALARDAN SONRA HƏR ŞEY DƏYİŞDİ

Adını çəkdiyim partiyalar parlamentə düşə bilər, amma əvvəlcə düşünüldüyü kimi onların təmsilçiliyi yəqin ki böyük olmayacaq”.

Otumbayev və Obama
Txoroyev deyir ki, seçkidə böyük rəqabət də var, yeni qüvvələr meydana çıxıb. Məsələn, keçmiş baş nazirin müavini, biznesmen Babanovun başçılıq etdiyi Respublika Partiyası müasir metodlardan istifadə etməklə çox aqressiv seçki kampaniyası aparır. Partiyanın bütün regionlarda təmsilçiləri var.

Yeni qanunlara görə, seçkidə qalib gələn partiya 120 nəfərlik parlamentdə maksimum 55 yer qazana bilər. Bu isə o deməkdir ki, kim qalib gəlsə, başqa partiyalarla koalisyon hökumət qurmağa məcbur olacaq. Bu, bir partiyanın avtoritarizminin qarşısını almaq üçündür.

Amma seçkidə hakmiyyətyönlü qüvvələrə qarşı çıxan və Konstitusiya dəyişikliklərini ləğv etməyə, prezident idarəçiliyinə qayıtmağa çağıran qüvvələr də iştirak edirlər.

Onlardan biri keçmiş fövqəladə hallar naziri Kamçibek Taşiyevin Ata-yurt Partiyasidir. Onların ölkənin cənubunda güclü dayaqları var.

Hətta keçmiş prezident Bakiyevin bəzi tərəfdarları da onu dəstəkləyir. Amma Taşiyev onun partiyasının Belorusda sığınacaq tapan Bakiyev tərəfindən maliyyələşdirilməsi ittihamlarını rədd edir.

Hakimiyyətyönlü partiyaların güclü rəqiblərindən biri də keçmiş baş nazir Feliks Kulovun Ar-Namıs Partiyasıdır. Ona Rusiyanın adamı da deyənlər var.

O, seçki bilbordlarında özünü

“QANUNUN DƏMİR QALXANI”

kimi təqdim edir.

Bişkekdə jurnalistlərə açıqlama verən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü seçki kampaniyasını tərifləyib.

Onun sözlərinə görə kampaniya “çox canlı, rəqabətli keçir. Partiyalar ölkə boyu kütləvi aksiyalar keçirirlər. Böyük partiyalar azad şəkildə kampaniya aparıblar və elə bir ciddi insident baş verməyib”.

Cenevrədə yaşayan qırğız jurnalist Çolpon Orozobekova deyir ki, indi Qırğızıstanda Asiyada ilk dəfə olaraq parlament respublikasının qurulmasına ən çox Rusiya mane ola bilər.

Bir də Orta Asiya liderləri. Orozobekova deyir ki, Rusiyanın avtoritar rəhbərliyi və Orta Asiya diktatorları – onların sərhədlərinə yaxın yerdə - xalqın səsilə formalaşan parlament respublikasının qurulmasını istəmirlər.

Onlar belə bir

DEMOKRATİK SİSTEMİN QURULMASINDAN BİR VİRUS KİMİ QORXURLAR

Çünki təcrübə regionun digər ölkələrinə də yayıla bilər.

"Əgər Rusiya bu ilin əvvəli prezident Bakiyevin hakimiyyətinin devrilməsini dəstəkləmişdisə, ondi Kremli yalnız bir avtoritar lideri başqa birisinin əvəzləməsi maraqlandırır.

Hətta Rusiya prezidenti Dmitri Medvedev deyib ki, parlament sisteminə keçid Qırğızıstanda fəlakətlə nəticələnə bilər".

Çolpon Orozobekova hesab edir ki, Rusiya prezidentinin bu sözləri təkcə siyasi səhv yox, həm də qırğız xalqının təhqir olunması idi.

Orozobekova düşünür ki, Kremldə fərqli olaraq ABŞ Qırğızıstanda məhz demokratik respublikanın qurulmasına çalışır. Təsadüfi deyil ki, parlament seçkilərinin keçirilməsi üçün Vaşinqton Qırğızıstana 5 milyon dollar yardım ayırıb.

ABŞ prezidenti Obama Otunbayevanı Ağ evdə qəbul edib və ölkədə demokratik sistemin bərqərar olmasında köməyini əsirgəməyəcəyini deyib.

"Əgər əvvəl Amerika Bakiyev hakimiyyətini dəstəkləyib onun ölkədə insan haqlarını pozmasına göz yumurdusa, demokratiyanı Manas aeroportuna və oradan Əfqanıstana yük daşınması icazəsinə qurban verirdisə, indi vəziyyət dəyişib.

Orozobekova deyir ki, ola bilər bu seçkilərdə nöqsanlar olsun, amma seçkinin uğuru da, qüsurları da qırğız xalqının olacaq. "Əsas odur ki, ilk dəfə olaraq Orta Asiyada bir nəfərin iradəsi ilə yox, parlament vasitəsilə idarə edilən sistem qurulacaq".