“AXCP-Müsavat” seçki blokunun namizədi təzyiqlərdən şikayətlənir

68 saylı Cəlilabad kənd seçki dairəsindən “AXCP-Müsavat” seçki blokunun vahid namizədi Azər Əsgərova imza vermiş seçicilərə təzyiqlər var. Bu barədə AzadlıqRadiosuna Azər Əsgərov özü məlumat verib. Onun sözlərinə görə, oktyabrın 7-də imza vərəqlərini DSK-ya təqdim edib, bir gün sonra isə əlində həmin vərəqlərin surəti olan icra nümayəndəsi ona imza vermiş seçicilərə təzyiqlər göstərməyə başlayıb:

“Uzuntəpə kəndində ərazi icra nümayəndəsi Mirhəsən Nəsirov mənə imza vermiş adamları ya şirnikləndirmə yolu ilə, ya da təzyiq göstərməklə məcbur edir ki, izahat yazıb imzalarını geri götürsünlər. Onun əlində mənim həmin kənddən yığdığım imza vərəqinin surəti var”.

Sözügedən seçki dairəsinin sədri Mehman Rzayev isə deyir ki, imza vərəqinin surətinin DSK tərəfindən kənara yayılması mümkün olan iş deyil:

“İmza vərəqinin surəti həmin vərəqələr bizə təqdim olunmamışdan əvvəl də yayıla bilərdi, biz tərəfdən surətin yayılması mümkün deyil. O ki qaldı təzyiqlərə, bizə bununla bağlı hər hansı seçici şikayəti daxil olmayıb”.

Azər Əsgərovun iddiasını icra nümayəndəsi Mirhəsən Nəsirov da rədd edib. M.Nəsirov AzadlıqRadiosuna bildirib ki, deyilənlər ona qarşı böhtandır.

Azər Əsgərov şikayətinin DSK-da lazımınca araşdırılmadığını, bununla bağlı MSK-ya müraciət edəcəyini deyir.