Vahid Qazidən Ağdam haqda esselər kitabı gəldi

“WebUrbanist.com internet nəşri Ağdamı turistlər arasında maraq doğuran “24 ruhlar şəhəri” siyahısına salıb.

Səni ora aparacam, xatirələrimin yurdundan, yurdumun xatirələrindən danışacam.

Sən bu şəhəri bəzən 5 yaşlı körpənin heyrəti, bəzən 10 yaşlı uşağın marağı, bəzən də 15 yaşlı yeniyetmənin hissləriylə duyacaqsan.

Onu bir uşağın hələ kirlənməyən dünyasından keçib görəcəksən. İndi sakini sərgərdan ruhlar olan bir şəhərə - mənim şəhərimə səyahətə gedirsənsə, yanıma gəl, qolundan tutum, birlikdə gedək...”

Publisist Vahid Qazi yeni - “Ruhlar şəhəri” adlanan kitabını oxucuya bu sözlərlə təqdim edir.

Kitab 17 ildir işğal altında qalan Ağdama həsr olunub.

15 essenin daxil olduğu kitaba ön sözü Ramiz Rövşən yazıb. Ön söz “Mümkünsüz qayıdışın əzabı” adlanır.

1968-ci ildə Ağdamda doğulmuş Vahid Qazi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Ədalət”, “Azərbaycan” qəzetlərində, Prezident Administrasiyasında çalışıb. “III Sektor”, “Svobodnaya volya” jurnallarının naşiri olub. “Ruhlar şəhəri” aparıcı nəşrlərdə publisistik yazılarla çıxış edən Vahid Qazinin ilk kitabıdır.

(Kitabdakı esselərdən birini oxu - "Novruz sabahının pəncərəsi")