Ali Məhkəmə hakiminin həyat yoldaşını öldürən şəxs tutuldu

Bakıda Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirən şəxs tutulub.

Nizami Rayon Polis İdarəsindən verilən məlumata əsasən, Natəvan Mahmudovanı qətlə yetirən şəxs 38 yaşlı Xalidə Əhmədovadır. Buzovna qəsəbəsində yerləşən hərbi şəhərcikdə yaşayan X.Əhmədova artıq polis tərəfindən şübhəli şəxs qismində saxlanılaraq istintaq orqanına təhvil verilib.

O, ilkin dindirmə zamanı bildirib ki, qətli sələm pul üstündə törədib. Mərhum sələm pul verməklə məşğul olurmuş. N.Mahmudova ona da müəyyən miqdarda pul veribmiş. Xalidə dindirmə zamanı N.Mahmudovanı öldürmək məqsədi olmadığını deyib. Sadəcə, pul məsələsi üçün N.Mahmudovanın evinə gəlib və aralarında mübahisə yaranıb. Mübahisə zamanı balışı mərhumun ağzına sıxaraq boğub.

***

Oktyabrın 15-də Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşı Natəvan Mahmudova yaşadığı mənzildə naməlum şəraitdə qətlə yetirilib.

Nizami rayon Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna deyiblər ki, gündüz saat 12 radələrində mənzilə girən naməlum şəxslər Natəvan Mahmudovanı boğaraq öldürüblər.

Hadisədən ilk xəbər tutan mərhumun məktəbdən qayıdan övladlarından biri olub. Faktla bağlı şübhəli şəxs qismində iki nəfər saxlanılıb.

Hadisə yerinə gələn jurnalistlərə heç bir məlumat verilməyib, onlara çəkiliş aparılmasına da imkan verilməyib.

Faktla əlaqədar Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.

Nizami rayon Prokurorluğundan verilən məlumata görə, hazırda öldürülən qadının qonşuları dindirilir.