Rusiya və Ukrayna qaz kəmərlərini birləşdirir

Ukraynanın 5 min kilometrlik qaz kəməri Rusiya qazını dünya bazarlarına çıxaran əsas xəttidir

Ukrayna hökuməti qaz kəmərləri sisteminin özəlləşdirilməsinə qoyulan qadağanın götürülməsini təklif edib.

Xəbəri «Kommersant-Ukraina» qəzeti yayıb.

Ukrayna Radası deyilən dəyişikliyi qəbul etsə, ölkənin qaz kəmərləri sisteminin Rusiya «Qazprom»u ilə birləşməsi mümkün olacaq.

Hələlik «Qazprom» ilə Ukrayna «Neftoqaz»ı Rusiya qaz yataqlarının birgə işlənməsi layihəsi üzərində işləyir. Layihə işə düşsə, Ukrayna sənayesi ucuz təbii qaz ala biləcək. Bunun qarşılığında Rusiya Ukrayna qaz kəməri üzərində nəzarəti ələ almaq istəyir. Ancaq hələlik Ukrayna qanunvericiliyi qaz nəqli sistemlərinin yalnız dövlət mülkiyyətində olmasına imkan verir.

«Qazprom»da isə danışırlar ki, artıq 2010-cu ilin dekabrında iki ölkənin qaz kəmərləri sistemini birləşdirəcək müəssisəsinin yaradılmasına dair danışıqlara başlanacaq. Buna qədər isə Ukrayna Radası parlament müzakirəsinə başlayacaq. 2011-ci ilin sonunda artıq birləşmənin baş verəcəyi proqnozlaşdırılır.

Yada salaq ki, Rusiya Ukraynadan yan keçən «Cənub axını» qaz kəmərinin tikintisinə hazırlaşır. Ukraynanın yeni hökuməti dəfələrlə bildirib ki, Ukraynanın qaz kəmərləri sistemi Moskva üçün «Cənub axını»na sərfəli alternativ ola bilər.

Ukraynanın 5 min kilometrlik kəməri Rusiya qazını dünya bazarlarına çıxaran əsas xəttidir.