««Şah Dəniz» qazı ilə bağlı vacib qərarlar yaxınlaşır»

Riçard Morninqstar

««Şah Dəniz» qazı ilə bağlı vacib qərarlar sürətlə yaxınlaşır. Bəlkə də bu qazın alternativ layihələr əsasında nəqli ehtimallarına başqa nəzər yetirməyin zamanıdır... İnanıram ki, ən çevik layihə nəticədə qalib olacaq».

ABŞ-ın Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar oktyabrın 15-də Vaşinqtondakı çıxışında belə deyib.

R.Morninqstar bildirib ki, Avropa Birliyinin dəstəklədiyi «Nabucco» konsorsiumu qazın Aşqabaddan Qərbə nəqli öhdəliyi üzərində inadla çalışıb:

«Biz də öz növbəmizdə 90-cı illərdən bəri «Trans-Xəzər» qaz kəməri layihəsini dəstəkləyirik. Lakin Türkmənistan siyasi səbəblərdən qərar verməkdə tərəddüd edir».

Morninqstar əlavə edib ki, son on ildə oyunçular müəyyən layihəni irəli çəkmək üçün pul və nüfuzundan istifadə edib. Artıq bu, mümkün deyil :

«Artıq yalnız siyasi iradə, əlverişli şərait iri layihələrin reallaşdırılması üçün kifayət etmir. Qazın nəqli nəticə etibarilə kommersiya maraqlarından asılı olacaq».

ABŞ diplomatı deyib ki, Türkmənistan və Azərbaycan kimi ölkələr qərarlarını özləri verməyi bacarmalıdırlar:

«Bu demək deyil ki, biz Rusiyanın Mərkəzi Asiyadakı təsir dairəsinə müdaxilə etmək istəyirik. Biz onu deyirik ki, Türkmənistan və Azərbaycan kimi ölkələr qərar verməyi bacarmalıdırlar, bu qərarın nə olmasından asılı olmayaraq, biz buna hörmətlə yanaşırıq».