Türkiyədə Qarabağla bağlı aclıq aksiyası keçirilib

Türkiyənin İqdır vilayətində Qarabağla bağlı aclıq aksiyası keçirilib. “Anspress” məlumatına görə, üzərində “Qarabağa azadlıq!” sözləri yazılan köynəklər geyinən aksiya iştirakçıları xüsusilə ATƏT-in Minsk qrupuna həmsədr dövlətlərə - Rusiya, Fransa və Birləşmiş Ştatlara çağırış edib.

Onları Dağlıq Qarabağ probleminin həllində vicdanlı olmağa, 1 milyona yaxın Qarabağ köçkünlərinin dərdinə biganə qalmamağa səsləyiblər.

“Aclıq aksiyasının Qarabağdan didərgin düşən 1 milyon insanın, şəhid olan qardaşlarımızın dərdlərinə çarə olar deyə düşünürük. Bir milyon insan bəşəri cinayətə məruz qalıb. Dini, irqi bir kənara qoysaq, ortada bəşəri bir cinayət var. Bunun aradan qaldırılması üçün ATƏT-in Minsk qrupunun dərhal bu işə son verməsini istəyirik” - deyə özünü Saxta Erməni İddiaları ilə Mübarizə Təşkilatı adlandıran qurumun rəhbəri Göksəl Gülbəy bildirib.

Məlumata görə, aksiyanın keçirildiyi ünvana Azərbaycanın Qarsdakı baş konsulunun müavini Rafiq Rüstəmov da baş çəkib, aksiyaçılarla görüşüb. Aksiyaya dəstək verdiyini bildirərək, işğalın uzanmaması üçün Ermənistana beynəlxalq təzyiqin vacibliyini vurğulayıb.

Qarşısında Xocalıda qətlə yetirilən körpələrin şəkillərinin və Azərbaycan-Türkiyə bayraqlarının olduğu Tansu Çillər küçəsində qapalı bir məkanda keçirilən aclıq aksiyası 48 saatdan sonra başa çatıb.