Azərbaycanda qorxu mühitinin yarandığını bildirirlər

Azərbaycanda parlament seçkisi ərəfəsində doqquz beynəlxalq jurnalist təşkilatı “Fikir Azadlığı Təhülkədə” adlı hesabat yayıb.

Sənəddə deyilir ki, Azərbaycan ifadə azadlığının təmin edilməsinə dair beynəlxalq öhdəliklərini yerinə yetirmir.

“Jurnalistlərə hücum edənlər billirlər ki, buna görə heç kim onları cəzalandırmayacaq. Belə cinayətlərin üstünün açılmaması mövcud qorxu və müdafiəsizlik mühitinin yaranmasına səbəb olub” – deyə hesabat müəlliflərindən olan ARTICLE 19 təşkilatının icraçı direktoru bildirib.

Sənəddə qeyd edilir ki, ifadə azadlığının bu vəziyyəti jurnalistlərin, bloqçuların həbsi, onlara qarşı cinayət işlərinin açılması kimi qorxu yaradan hadisələrin nəticəsidir. Belə muhit noyabrın 7-də keçiriləcək parlament seçkiləri üçün olduqca arzuolunmazdır.

Hesabat bu ilin sentyabrında Azərbaycana səfər edən missiyanın topladığı faktlar əsasında hazırlanıb. Sənəddə Azərbaycan hökumətinə tövsiyələr verilir, qeyd edilir ki, hökumət ölkədə qorxu mühitini aradan qaldırmaq və ifadə azadlığına şərait yaratmaq üçün jurnalistlərə qarşı törədilən cinayətlərin araşdırılmasını təmin etməli, hazırda həbsdə olan jurnalistləri və bloqçuları azad etməli, böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutuan qanuni normaları ləğv edilməlidir.

Hesabatı Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu yaradan aşağıdakı təşkilatlar birlikdə hazırlayıblar:
ARTICLE 19
Freedom House
Index on Censorship
International Federation of Journalists
Media Diversity Institute
Open Society Foundations
Press Now
Reporters Without Borders
World Association of Newspapers and News Publishers

Azərbaycan rəsmiləri beynəlxalq jurnalist təşkilatlarının bu cür hesabatlarını parlament seçkisi ərəfəsində kimlərinsə Bakıya təzyiq cəhdi hesab edir, ölkədə ifadə azadlığına dair hər hansı problemin olmadığını deyirlər.

Media işçiləri ilə yaranan problemləri isə onların peşəkarlıq səviyyəsinin aşağı olması ilə izah edirlər.

Sentyabrda Bakıda səfərdə olarkən həmin missiya üzvlərinin Prezident Administrasiyasında İctimai-siyasi şöbənin müdiri Əli Həsənovla görüşü də baş tutumamışdı.