«İndi hər şey Minsk qrupundan asılıdır»

«Bütün beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağı və onun ətrafını işğal olunmuş ərazilər sayır».

AzərTAc-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilkin mərhələdə torpaqlar işğaldan azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. İndi hər şey Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərlə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırlayacağı hesabatdan və onların atacağı addımlardan asılıdır.

«Hazırda qiymətləndirmə missiyasının hesabatı üzərində iş davam etdirilir. 2005-ci ildə işğal altında olan Azərbaycan ərazilərinə səfər edən qiymətləndirmə missiyası Dağlıq Qarabağ ətrafındakı bütün rayonlara səfər etməmişdi, bu dəfə isə missiya bütün rayonlarda, o cümlədən Kəlbəcərdə olub və biz hazırlanacaq hesabatın ədalətli olacağını gözləyirik».