«Bizə atomlu qonşu lazım deyil»

ABŞ İrana sanksiyaları müzakirə etmək üçün ötən həftə Azərbaycana elçi göndərib, Tehranın yaxın qonşuları ilə ticarət əlaqələrini bir az da məhdudlaşdırmaq istəyini açıqlamışdı.

Azərbaycan bu sanksiyalara qoşulsa, cənub rayonlarının sakinlərini hansı çətinliklər gözləyir?

Bu sualın cavabına keçməzdən əvvəl cənub rayonlarla İranın əlaqələrinə baxaq.

Azərbaycanın İranla quru sərhədi təxminən 765 kilometrdir. Bu sərhədin çox hissəsi Azərbaycanın cənub bölgəsindən keçir. Sərhəd Astara, Lerik, Yardımlı, Cəlilabad rayonların ərazisindən keçərək qərbə doğru gedir. Gün ərzində Astara və Biləsuvar keçid məntəqələrindən İrana 2-3 min yerli sakin keçir. Sərhədyanı ticarətlə yüzlərlə ailə dolanır. Çox az adam var ki, İranda yaxınları olmasın.

Digər tərəfdən, bəzi iddialara görə, İrandan Azərbaycana tonlarla narkotik maddə gətirilir. Yerli sakinlərlə qarşılıqlı münasibətlərin yarandığı bir vaxtda İrana sanksiyaların tətbiqi hansı problemləri yarada bilər?

Lənkəranda yerləşən Hüquqi Yardım İctimai Birliyin prezidenti İlqar Qasımov birmənalı olaraq sanksiyaları zəruri hesab edir.Onun sözlərinə görə, Azərbaycan bu sanksiyalara qoşulmalıdır
Sədrəddin Kazımov

«NARKOTİK MADDƏLƏRİN DAŞINMASININ QARŞISI ALINAR»


«İrana tətbiq edilən sanksiyalar ölkəmizin cənub bölgəsində yaşayan əhalinin güzəranına təsir etməyəcək, Azərbaycan bu sanksiyalara qoşulsa belə. O da həqiqətdir ki, yerli sakinlər İrana gedib oradan ərzaq və kənd təsərrüfatı məhsulları gətirirlər, müalicəyə gedirlər. Əksinə sanksiyanın bizə xeyri var. Narkotik maddələrin daşınmasının qarşısı alınar. Azərbaycan BMT-nin üzvüdür. Və Azərbaycan bu sanksiyalara hörmətlə yanaşmalıdır. Digər tərəfdən bu sanksiyalar nə Azərbaycan, nə də İran vətəndaşlarına qarşı deyil. Sanksiyalar molla hökumətinin nüvə ambisiyasına qarşı yönəlib. Mən Lənkəranlıyam, İrana gedib gələnlərlə söhbətim olub. Onlar da belə hesab edirlər ki, Azərbaycan sanksiyalara dəstək verməlidir. Mən bir vətəndaş kimi qonşu ölkə olan İranda nüvə texnologiyasının olmasını istəmirəm».

Vətəndaşlara Hüquqi yardım mərkəzin rəhbəri Sədrəddin Kazımov isə bu sanksiyaların qəbuledilməz olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan bu sanksiyalara qoşulmamalıdır.

«İRAN OLMASAYDI, KARTOF MƏHSULLARININ QİYMƏTİ QALXARDI»


«Qarabağ kimi bir problemimiz var. BMT-də ABŞ Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Digər dövlətlər də o cümlədən. Onda nə üçün Azərbaycan bu ölkələrin dedikləri ilə hərəkət etməlidir. Azərbaycan bu sanksiyalara qoşulsa, bu, birinci növbədə cənub bölgəsində yaşayanların həyatına mənfi təsir edəcək. Lənkəranda sahibkarlar ərzaq və kənd təsərrüfatı məhsullarını İrandan gətirirlər. İran olmasaydı kartof məhsullarının qiyməti qalxardı. Bizim müştərək mədəniyyətimiz, din birliyimiz var. Tutaq ki, Azərbaycan sanksiyaları dəstəklədi. Bundan nə qazanacaq?»

Müsavat partiyası Astara rayon təşkilatının sədri Asən Həşimli isə belə hesab edir ki, Azərbaycan İranla bağlı sanksiyaları dəstəkləməmişdən əvvəl cənub bölgəsində yaşayanların sosial iqtisadi problemlərini həll etməlidir:

«BİZƏ ATOMLU QONŞU LAZIM DEYİL»


Asən Həşimli
«Cənub bölgəsində yaşayanların kasıb təbəqəsi İrana gedib-gəlməklə gündəlik çörək pullarını qazanırlar. Sərhədyanı ərazilərdə yaşayan İran kasıbları da eyni vəziyyətdədirlər. Astara rayonun 95 min nəfərdən çox əhalisi var. Bunlar hara getməlidirlər? İran yaxındır ,oraya da gedirlər. İran gömrükxanasında adamlarımızı təhqir edir, incidirlər. Bütün bunları nəzərə almaq lazımdır. İran kimi bir dövlətdə nüvə texnologiyasının olmasına da imkan vermək olmaz. Bizə atomlu qonşu yox, demokratik dəyərlərə söykənən qonşu lazımdır».

YAP Astara rayon təşkilatın sədr müavini Vaqif Ağayev isə Azərbaycan hökumətinin bu məsələ ilə bağlı verdiyi qərarları müdafiə etdiklərini söylədi:

«Mənim fikrimcə, Azərbaycan bu sanksiyalara qoşulmamalıdır. İranla iş birliyində olan sahibkarlar nə etməlidirlər? Bu, bizim problemimiz deyil».

Astara pedaqoji liseyin tarix müəllimi Ceyhun Məmmədzadənin qənaətincə, bütün hallarda İranın qarşısı alınmalıdır. Lakin bu, vətəndaşların hüquqlarının pozulması hesabına olmamalıdır.

«Şimal qonşumuzun nüvə başlıqları var. Cənub qonşumuzun da istəyi budur. Tehran elə başa düşür ki, atomu olsa, rejimin ömrü uzanar. Bu, aldadıcı bir istəkdir. SSRİ deyilən bir dövlətdə ən güclü silahlar var idi. Nə oldu? Bir gündə dağıldı».

C. Məmmədzadə də hesab edir ki,Azərbaycan sanksiyalara dəstək versə, İranla münasibətləri pozulacaq. Nəticədə sərhədyanı ticarət ziyan çəkəcək. Bu əhalinin güzəranına az da olsa təsir edəcək.

«BURADA ŞİƏLİK GÜCLÜDÜR…»
Fayiq Cəfərov


Üstəlik dindarların arasında da narazılıq mümkündür:

«Cənub bölgəsi dini baxımdan aktiv zonadır. Burada şiəlik güclüdür. İran da şiə dövlətidir. Problem ola bilər».

İndi, deyəsən, cənub bölgəsində İranla ticarət edə iş adamları da baş verən prosesin fərqindədirlər. Sərhədyanı ticarətlə məşğul olan iş adamı Fayıq Cəfərov sahib olduğu mağazada 7-8 adda İran malın olduğunu söylədi:

«İrandan düyü, qənd ,sabun, kişmiş, xurma, xalça, kartof, soğan gətirilir. Sanksiya bizə təsir edəcək. Məcbur olub başqa ölkələrdən məhsul gətirərik. İran yaxındır, ordan mal gətirmək bizə sərf edir».