Səid Dadaşbəylinin dəstəsinə yenidən məhkəmə qurulsun

Səid Dadaşbəyli

Üç il əvvəl həbs olunan Səid Dadaşbəyli və daha 14 nəfərin işi ilə bağlı yaradılan İctimai Müdafiə Komitəsinin üzvləri bildirirlər ki, onların yaxınları saxta ittihamlarla həbs olunublar. Səid Dadaşbəyli və onun qrupunun üzvləri adlandırırlan şəxslər 3 il əvvəl Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs olunublar. Elə həmin il dövlət çevrilişi həyata keçirməkdə, mütəşəkkil dəstə yaratmaqda, soyğunçuluqda, partlayıcı maddə, döyüş sursatı, narkotik maddə saxlamaqda ittiham olunaraq 12-14 il müddətinə azadlıqdan məhrum ediliblər. Məhkəmə prosesləri isə qapalı keçirilib.

Qrupun hüquqlarının müdafiəsi üçün yaradılan komitənin üzvləri deyirlər ki, ittihamlar saxta olduğundan yeni məhkəmə keçirilməli, tutulanlar azad olunmalıdır.

DEYİRDİLƏR 3 İLDƏN SONRA PREZİDENT SİZİ BURAXACAQ

Səid Dadaşbəylinin anası Qətibə Qarayeva deyir ki, 2007-ci ilin yanvarında həbs olunan oğlu heç bir dəlil-sübutsuz ittiham olunub, ona qarşı sürülən ittihamlar sübut olunmayıb:

“Onlar hökuməti ələ keçirməkdə ittiham olunurlar. Məgər bizim ölkədə 2007-ci ildə dövlət çevrilişi olub? Başqa bir ittiham vətənə xəyanətdir. Guya oğlum Bakı-Ceyhan boru kəmərinin fotoşəklini çəkib İrana ötürməliymiş.

Sonra da göstərilir ki, boru kəməri yerin altında olduğundan Səid İranın sifarişini yerinə yetirə bilməyib. Bu maddə də digərləri kimi özünü doğrultmadı.

Qətibə Qarayeva
Onları tutanda demişdilər ki, 3 ildən sonra prezident hamısını açıb-buraxacaq, narahat olmayın, heç hara yazmayın. 3 il 8 aydır gözləyirik, heç nə yoxdur ”.

İTTİHAMLARDAN XƏBƏRSİZ ADAM TƏSİRİ

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid isə deyir ki, o həbsxana xəstəxanasında müalicə olunanda ittiham olunanlardan biri- Mikayil İdrisovla ünsiyyətdə olub. Ancaq məhbus ona daha çox ittihamlardan xəbərsiz adam təsiri bağışlayıb:

“Mənim Mikayıl İdrisovla həbsxana xəstəxanasında saatlarla söhbətlərim oldu. Hansısa xarici ölkə kəşfiyyatının göstərişləri əsasında dövlət çevrilişi ittihamı ilə həbs olunan adam ittihamlardan xəbərsiz idi. Hesab elədim ki, bu adamlar eyni dərəcədə sadəlövh, məsum və bu işə dəxli olmayan adamlardır”.

Həbs olunanların yaxınları bildirilər ki, bu işlə bağlı prezidentə, ayrı-ayrı dövlət qurumlarına müraciət etsələr də, onlardan səs-soraq yoxdur.

İŞ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

Səid Dadaşbəyli ilə Mikayıl İdrisovun işi artıq bütün yerli məhkəmə instansiyalarından keçib, Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev isə ittihamların saxta olması haqqında komitə üzvlərinin iddiaları haqqında bunları deyir:

“Bu məsələ ilə bağlı onu deyə bilrərəm ki, Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam, hərtərəfli, obyektiv ibtidai istintaq aparılaraq məhkəmə baxışına təqdim olunmuşdu. Məhkəmə prosesi keçirilib, müvafiq hökm qanuni qüvvəyə minib”.

MTN-in sözçüsü: “Məhkəmə prosesi keçirilib, müvafiq hökm qanuni qüvvəyə minib”
Milli Təhlükəsizlik Nazirliyi məhkəmə prosesindən sonra yaydığı məlumatında bildirirdi ki, Səid Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq Azərbaycanda hakimiyyəti zorla ələ keçirib dünyəvi dövlət quruluşunu dəyişdirməyi, şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoyub. Bunun üçün həmfikirləri ilə birlikdə «North İmam Mehty Army» (“İmam Mehdinin Şimal Ordusu”) ingilis sözlərinin baş hərflərindən ibarət «NİMA» adlı dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaradıb.

SİFARİŞLİ HÖKM?

Onlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və başqa maddələrdə ittiham olunublar.
Həbsdə olanların yaxınları bu işə baxmış hakim Ənvər Seyidovu sifarişli məhkəmə hökmü çıxarmaqda da ittiham etdilər:

“Ənvər Seyidov özü deyirdi ki, bu iş sifarişdir”.

Hakim Ənvər Seyidovun bu ittihama mövqeyini öyrənmək istəsək də, o, AzadlıqRadiosuna danışmaq istəmədiyini bildirdi.