«AZAL» TÜSTÜLƏNMƏNİN SƏBƏBİNİ AÇIQLADI

Təyyarə saat 09:44-də Bakıya qayıdıb

«AzAL» İstanbul-Bakı reysini həyata keçirən təyyarənin Atatürk Hava Limanına təcili eniş etməsinin səbəbini açıqlayıb.

Hadisəyə səbəb təyyarənin mətbəxindəki mikrodalğalı sobada baş vermiş qısaqapanma olub. Nəticədə pilot təyyarəni havaya qalxdığı Atatürk Hava Limanına endirib. /APA/

İSTANBULDAN BAKIYA UÇAN TƏYYARƏ TƏCİLİ ENDİRİLİB


İstanbul Atatürk Hava Limanından yerli vaxtla saat 01:30-da qalxan AzAL-a məxsus «Boeing-757» sərnişin təyyarəsi 15 dəqiqə sonra hava limanına qəza enişi edib.

Buna təyyarə kabinəsindəki tüstülənmə səbəb olub. Hadisə nəticəsində bəzi sərnişinlər huşunu itirib.

Sərnişinlər təyyarənin dəyişdirilməsini tələb ediblər və «AzAL» nümayəndələri ilə onların arasında mübahisə yaranıb.

Məlumatı Türkiyə mediası yayıb.

102 sərnişini olan təyyarə artıq saat 09:44-də Bakıya qayıdıb.

Bu barədə AzadlıqRadiosuna «AzAL»ın xidmət rəisi Məhərrəm Səfərli məlumat verib:

«Heyət təyyarədə nə isə tüstü hiss edib. Atatürk Hava Limanına qayıdıblar. Təyyarə texniki baxışdan keçib və hər hansı nasazlıq aşkar edilməyib».