Neftçalada seçki etirazı

ELNUR FƏRƏCOV HƏBS EDİLİB

Neftçala rayon Prokurorluğunun rəhbərliyi Mirqurbanlı kənd sakinlərinin nümayəndələrini qəbul edib.

Aksiyaçılardan Tanrıverdi Hüseynov AzadlıqRadiosuna deyib ki, onlara kənd sakini Elnur Fərəcov barəsində iki günlük həbs-qətimkan tədbirinin seçildiyi deyilib.

Tanrıverdi Hüseynovun sözlərinə görə, deputatlığa namizəd Əflatun Əhmədovun vəkili də polisin namizədin görüşünü pozmasından şikayət edib:

“Vəkilin əlində namizədin bu kənddə görüş keçirilməsi ilə bağlı DSK sədrinin imzaladığı məktub var, o məktub da şikayət ərizəsinə əlavə olunub”.

NEFTÇALADA ETİRAZ

Noyabrın 3-də Neftçala rayon Prokurorluğu qarşısında Mirqurbanlı kəndinin sakinləri etiraz aksiyası keçirib. Onlar noyabrın 2-də kənddə “AXCP-Müsavat” blokunun 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədi Əflatun Əhmədovun görüşündə Elnur Fərəcovun polis tərəfindən saxlanmasına etiraz ediblər.

Müsavat Partiyasının Neftçala təşkilatının üzvü Tanrıverdi Hüseynov deyir ki, onlar hazırda prokurorluğun qarşısındadırlar və prokurorluğun məsələni araşdırmasını tələb edirlər.

Rayonunun Qurbanəli kənd sakini Hüseyn Fərəcov AzadlıqRadiosuna bildirib ki, polislər onu aparmaq istəyəndə onların qarşısına oğlu çıxıb və polislər də onun oğlu Elnur Fərəcovu polis idarəsinə aparıblar.

Neftçala DSK-nın sədri Ələddin Rzayev isə deyib ki, görüş icazə verilməyən ərazidə olubmuş:

“İcra hakimiyyətinin təşviqat kampaniyası üçün müəyyən elədiyi yerlər var, Mirqurbanlı kəndində isə belə yer nəzərdə tutulmayıb”.

Neftçala prokurorluğundan isə AzadlıqRadiosuna bildirdilər ki, kənd sakinləri onlara ərizə verib və məsələ araşdırılacaq.