Qəbələdə «Coca-Cola» içən ayının ölümü

Ayı saxlayan restoran sahibləri, görünür, bu yolla müştərilərinin sayını artırmaq istəyirlər.

Əgər belədirsə, onlar öz məqsədlərinə artıqlaması ilə çatırlar, çünki ayıların sədası artıq Azərbaycanın hüdudlarını aşıb «dumanlı Albion»a qədər gedib çatıb.

Amma İngiltərənin «The Sun» saytının Qəbələdə, restoranların birində saxlanan ayı haqda yazdıqları qətiyyən reklam sayıla bilməz.

Sayt hadisənin şahidi olan Deril Uillard (Daryl Willard) adlı bir britaniyalıya istinadən yazır. Restoran müştərilərini əyləndirmək üçün çirkli qəfəsdəki qüssə dolu baxışlı ayını «Coca-Cola» içməyə məcbur edir.

Bu hadisənin şahidi olan Deril bu səhnəni barbarlıq kimi qiymətləndirir.

«The Sun» «Coca-Cola» içən ayının videosunu yazıya əlavə edir və bu görüntülərdən bir gün sonra ayının öldüyünü yazır.



Restoranın sahibi Derilə deyib ki, dağlardan başqa bir ayı tutublar.

«Adamlar acından ölən bu ayının «Cola» içməyini, qəfəsə atdıqları yemək qalıqlarını necə yeməsini görəndə, canlanır, əylənirdilər. Ayı öləndən bir-neçə gün sonra bir başqa ayı gətirildi».

Britaniya jurnalistləri və heyvanları müdafiə təşkilatının reaksiyasını təsvir edən yazının sonunda məsələyə Azərbaycan səfirinin münasibəti də öz əksini tapır:

«Azərbaycanda heyvanla belə qəddar davranış adi deyil, istisna haldır».