Amerika seçkiləri: Pulu dağıdan hökumətə yox!

Barbara Bokser Kaliforniyadan yenidən senator seçildi


Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının qabağını alan Barbara Bokser dördüncü dəfə senator seçildi. Baxmayaraq ki, məşhur kompüter şirkəti Hewlett-Packardın keçmiş rəhbəri Karla Fiorina Bokserə qarşı çox böyük ruh yüksəkliyi ilə kəskin mübarizə aparırdı.

Amerikada noyabrın 2-dəki seçkilərdə müxalifətdəki Respublikaçılar Partiyası böyük qələbə qazanıb.

Konqresin Nümayəndələr Palatasında Respublikaçılar əksəriyyətə nail olublar. Onlar ən azı əlavə 60 yer qazanıbalr.

Respublikaçılar bununla 16 illik rekordu təzələyiblər. 1994-cü ildə onlar Nümayəndələr palatasına aralıq seçkilərdə demokratların əlindən 54 yer almışdılar.

Rekord isə 1948-ci il seçkilərindədir. O vaxt Respublikaçılar əlavə 75 yer əldə etmişdilər.

Respublikaçılar Senatda isə əlavə ən azı 6 yer əldə ediblər, onlar hətta prezident Barak Obamanın İllinoys ştatından keçmiş senator yerinə də seçkiləri qazana biliblər.

Ancaq Senatda çoxluq üçün Respublikaçılara əlavə 10 yer lazım idi.

Respublikaçılar ştatlarda qubernator seçkilərində də ən azı 10 ştatda qubernatorluğu demokratlardan aldılar.
Əvəzində demokrat Cerri Braun Kaliforniyada respublikaçı Arnold Şvarsneqqeri uddu.

ÇAY PARTİYASI SENATDADIR

Çay Partiyası da gözləntiləri doğruldub. Onların namizədləri Florida və Kentukki ştatlarında mühüm seçkiləri uda biliblər və bu partiyadan seçilən ilk senatorlar olacaq.

Senata ən çox izlənən seçkidə isə Senatdakı demokratların lideri Harri Reid Çay Partiyasının favoriti Şaron Anqla qalib gələ bildi.
Nevada ştatındakı seçkilərdə keçmiş boksçu Reid rəqibinin ehtiyatsız sözlərindən istifadə edə bildi.

Associated Press belə ifadələrdən birini misal çəkir.
Anql universitet tələbələri ilə görüşəndə ispandillilərin, asiyalıların Amerikaya axınından mənfi danışanda deyib ki, “sizlərdən bəziləriniz də elə asiyalıya oxşayırsınız”.

SEÇİCİ NİYƏ BELƏ SƏS VERDİ?

Rəy sorğularında hər 10 adamdan 8-i deyirdi ki, onun əsas narahatlığı iqtisadiyyatdır.

Hər 100 adamdan 75-i deyirdi ki, demokratların hökuməti düzgün işləmir.

Hər 10 adamdan 4-ü deyirdi ki, hökumət xərclərini kəskin azaltmağı təklif edən Çay Partiyasını dəstəkləyir.

Respublikaçılar bütün seçki boyu Demokrat Partiyası hökumətini və prezidentini ən böyük məsrəfçi kimi təqdim edirdi.
Respublikaçılar partiyası bildirirdi ki, hökumət pulu çoxaltmaq əvəzinə dağıdır.

SEÇKİLƏR AMERİKA MƏTBUATINDA:

New York Times (baş məqalə) : “Seçicilər prezident Obamaya mesaj verdilər- onlar prezidentin öz işini necə görməsindən razı deyillər.
Respublikaçılar amerikalıların iqtisadiyyatdan və hökumətin çox xərcləməyindən narahatlığını aylarla qızışdırmaqla məşğul idilər.
Ancaq respublikaçıların özlərinin yeni ideyaları çox az idi.”

Washington Post (baş məqalə): “Seçkinin nəticəsini başqa cür yoza bilmərik - İşsizlik 10 faiz olanda vurulan məsuliyyət daşıyanlar olur”.